Neftin qiyməti yenidən yüksəlişə keçir

4 Sentyabr 2018 09:50 (UTC+04:00)

Bu ilin sonuna kimi qlobal neft bazarının kiçiləcəyinə dair narahatlıqlar var. Bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib. “Artan tələbat və Venesuela kimi bəzi neft istehsalçısı ölkələrdə hasilatın səviyyəsindəki dəyişkənliklə əlaqədar ilin sonuna doğru qlobal neft bazarı kiçiləcək. Artıq bununla bağlı qəti fikir söyləmək olar. Hindistan və digər qabaqcıl neft idxalçısı ölkələr buna hazırlıqlı olmalıdır”. 

Onu da vurğulayaq ki, İran kimi aparıcı neft ölkələrindən biri artıq ABŞ tərəfindən sanksiyalara məruz qalıb. Bu fonda isə İranın dünya bazarına neft çıxarması imkanları da məhdudlaşır. Venesuela da anoloji vəziyyətdədir.  Bu ölkələrlə bağlı yaşananlar da neft bazarının kiçilməyə doğru gedəcəyinə bir işarədir. 
Neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şabanın fikrincə, verilən proqnoz xarakterli bəyanatlara neft bazarları reaksiya verməklə adətən bir neçə gün ərzində onun təsiri altında ola bilir: “Cari il baslayandan neftin qiyməti 70 dollardan yuxarıdır. Son səkkiz ayın nəticələrinə görə, «Brent» markalı neftin orta qiyməti 73,2 dollar olub. Bu da kifayət qədər yüksək qiymətdir. Ötən il isə neftin orta qiyməti 54,5 dollar olmuşdu. Cari il üçün ötən ilin sonlarında verilən proqnozlara görə neftin orta qiyməti  57-59 dollar arasında olmalı idi. Bütün bunlar da Beynəlxalq Enerji Agentliyi, Dünya Bankı və OPEK-in məlumatları idi. Bu ilin əvvəlində, fevral ayında isə həmin göstəricinin artaraq 62 dollar olacağını bəyan etdilər. İndi sentyabr ayı olsa da, neftin qiyməti élan etdikləri bu son göstəriciyə uyğun deyil. Yəni, həmin təşkilatların ilin əvvəlində verdiyi proqnozla hazırkı qiymət arasında 10 dollaradək fərq var. Bir çoxları bəyan edir ki, qiymətlər aşağı düşəcək. Amma bunun əksini müşahidə edirik. Qiymət enmələri olsa da, bu 2-3 dollar səviyyəsində olur. Ancaq bu amillər qlobal şəkildə neftin illik qiyməti məsələsinə təsir etmək gücündə olmur. Ona görə də bir sıra agentliklərin belə açıqlamalarının heç bir mənası yoxdur. Gələn il üçün də neftin qiymətinin aşağı enməsinlə bağlı yeni proqnozlar verilir. Ancaq reallıqda onun baş verməsi elə də gözlənilmir. 
Ona görə neft bazarının kiçiləcəyi və qiymətilə bağlı səsləndirilən belə fikirləri əslində bazara təsir etmək amili kimi qiymətləndirirəm. Bəzi dairələr bu kimi fikirləri gündəmə gətirməklə çalışır ki, bazara təsir etsinlər. Ancaq bazar da öz axarı ilə gedir. Verilən bəyanatlara bazar reaksiya verməklə müəyyən müddət onun təsiri altında ola bilər. Amma bu proses, verilən bəyanatlar ümumilikdə heç də illik qiymətlərə təsir gücündə olmur”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da vurğuladı ki, neftin qiymətində bahalaşma daha da artacaq: “Neftin qiymətində təklifin tərkibində artımlar müşahidə edildiyindən, həmçinin istehsal prosesində müəyyən qədər aşağı enmələr fonunda qiymətdə azalmalar baş verirdi. Hazırda neft bazarında tələblə təklif arasında fərq yaranıb. Bu isə özünü əsasən də ABŞ-ın neft ehtiyatlarında özünü büruzə verir. Son həftələrdə ABŞ-ın kommersiya əhəmiyyətli neft ehtiyatları əhəmiyyətli səviyyədə azalıb, təxminən 5 milyon barrelə qədər. Ehtimal olunur ki, növbəti dövrlərdə, xüsusən də sentyabr ayında neft ehtiyatlarında yenə də azalma baş verəcək. Bir sıra istehsalçı ölkələrdə qrafikə uyğun olaraq neft müəssisələrinin təmiri müddəti yaxınlaşır. Bu da öz növbəsində dünya bazarlarına çıxarılan neftin həcminin azalmasına gətirib çıxarır. Beləliklə, böyük ehtimalla ilin sonuna qədər kommersiya əhəmiyyətli neft ehtiyatlarında azalmalar baş verəcək. Bu isə neftin qiymətinin müəyyən qədər hazırkı səviyyədə qorunub saxlanılmasına, hətta bəzi məqamlarda daha da bahalaşmasına gətirib çıxaracaq. 
Neftin qiymətinə təsir edən amllərdən biri də artıq oktyabr ayından etibarən İranın dünya bazarına təklif edəcəyi neftin həcmində əhəmiyyətli azalmaların olması ilə bağlıdır. ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda İranın dünya bazarına çıxardığı neftin həcminin gün ərzində 1 milyon barrelə qədər azalacağı ehtimal olunur. Bunun özü də neftin qiymətinin daha da artmasını şərtləndirə bilən faktora çevrilə bilər”.
Rüfət NADİROĞLU