Hava, od, su, torpaq, dollar?

5 Sentyabr 2018 07:00 (UTC+04:00)

Türkiyə, İran və İraq qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dollarından imtina edib. Adı çəkilən ölkələr bundan sonra idxal-ixracı barter yolu ilə həyata keçirəcək. Bununla da rəsmi Vaşinqtonun siyasətinə cavab veriləcək. Bu arada Rusiya dollar məsələsində dialoqa açıq olduğunu bildirib və ABŞ-ın addımlarını nəzərə aldığını qeyd edib.

Qeyd edək ki, xarici ticarətdə dollardan imtina məsələsi son zamanlar daha da aktuallaşıb. Hətta artıq Avropa İttifaqından oxşar bəyanatlar gəlməkdədir. Belə bir vəziyyətdə dolların tədricən sıradan çıxması məsələsi gündəmə gəlir. Hansı ki, bunu istisna etməyən ekspertlər də var. Bu fonda dollarda saxlanılan ehtiyatların taleyi maraq doğrurur. Lakin iqtisadçıların fikrincə, dollardan belə tezliklə imtina etmək mümkün deyil. Bunun üçün bir neçə il lazımdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur: “Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdüsə, indi Türkiyədən dollardan imtinaya daha çox çağırışlar var. Əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib. Hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi isə avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır. Strateji məhsulların da yalnız dollar ilə satıldığını nəzərə alsaq, ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegemonluğunu qoruyub saxlayır. Amma dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegemonluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur. Məsələ ondadır ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr belə, öz pullarını dollar üzərindən konvertasiya etməlidirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarında dolların payını azaltmaq istəsələr də, alternativ olaraq avrodan istifadə ediməlidirlər. Bu isə, o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Bu baxımdan, hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. Odur ki, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatlarını inkişaf etdirərək, daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər”. Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, ölkələr dollardan tamamilə imtina etdikdə alternativ etalon ölçü vahidinə keçməlidirlər: “Məsələn, indiki dövrdə bunu əvəz edən avro, digər dönərli valyutalar ola bilər. Bundan başqa, qızılın olması mümkündür. Həmçinin ölkələr aralarında barter əməliyyatları həyata keçirə bilərlər. Ancaq bunu çox dar məhsullar çərçivəsində edə bilərlər. Yəni, dollar hansısa vahidlə əvəzlənməlidir. Nəzərə alaq ki, nə Türkiyə, nə İran, nə də İraqın valyutaları dönərli hesab olunmur. ABŞ dünya iqtisadiyyatının flaqmanı olduğu üçün bütün institusional mərkəzlər bu ölkənin ərazisindədir. Eyni zamanda digər ölkələrdə təsiredici gücə malik olduğuna görə dollar özünü qorumaq üçün yeni alətlər irəli sürəcək. Bununla da gedən proses onun xüsusi çəkisinə əhəmiyyətli dərəcədə təsir etməyəcək”.
Ekspert əlavə etdi ki, ölkələrin dollardan imtina etdiklərini bəyanat formasında deməklərinə ehtiyac yoxdur: “Mərhələli şəkildə maliyyə institutlarını inkişaf etdirməklə dollardan azad olmaq olar. Yəni, mümkündür. Lakin siyasətçilərin bunu bəyan etməsi ilə mümkün olan iş deyil. Bir də onu nəzərə almaq lazımdır ki, dünyadakı istənilən köçürmə əməliyyatları sistemi ABŞ nəzarəti altındadır. Bu sistemi onlar yaradıb. O baxımdan bu kimi fikirlər dollara əhəmiyyətli dərəcədə təsir göstərə bilməyəcək”.
Mübariz BAYRAMOV