Əmanətlərdə dollarlaşma səviyyəsi sürətlə azalır

5 Sentyabr 2018 09:00 (UTC+04:00)

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il avqustun 1-nə 62,3% təşkil edib.Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir. Bu nisbət iyulun 1-də 62,4% olub. Başqa sözlə, iyulda əmanətlərin dollarlaşması 0,1% bəndi azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il avqustun 1-nə 73,4% olub. Əmanətlərin dollarlaşma səviyyəsinin azalması nə ilə bağlıdır?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, dollarla verilən faiz dərəcəsinin aşağı həddə olması, həmçinin manatın sabitləşməsi əhalinin banklarıdakı əmanətlərində dollarlaşma səviyyəsinin azalmasına gətirib çıxarıb: “Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarla faiz dərəcəsi kifayət qədər aşağıdır. Amma manatla faiz dərəcəsi insanlara sərf edəcək səviyyədədir. Manatın məzənnəsində də bir ildən çoxdur ki, heç bir dəyişiklik yoxdur.  Onun məzənnə baxımından sabitləşməsi Azərbaycan manatına və milli valyuta ilə olan depozitlərə güvəni müəyyən dərəcədə artırdı. Ona görə də son zamanlar, əsasən də bu ilin əvvəlindən başlayaraq, depozitlərdə dollarlaşma səviyyəsinin aşağı düşdüyünü hiss etməyə başlamışıq. Yəni dollarla olan vəsaitin bir qismi əhali tərəfindən manata çevrilərək, daha yüksək faizlə banklara yatırılmağa başladı ki, bu da həm manata olan güvənin az da olsa bərpası, həm də dollarla olan depozitlərin həcminin azalmasına səbəb oldu. 
Bu tendensiyanın növbəti aylarda da davam edib-etməməsi bütün hallarda manatın məzənnəsindən asılı olacaq. Manatın məzənnəsi uzun zaman ərzində dollar qarşısında sabit qalacaqsa, bu, bir o qədər də  uzunmüddətli proses olacaq. Belədə dollarla olan depozitlərin manata çevrilməsinin hətta sürəti arta bilər”. 
«PSJ Kapital Menecment» İnvestisiya Şirkətinin direktor müavini Cəfər İbrahimli qeyd etdi ki, əmanətlərin dollarlaşma səviyyəsinin aşağı düşməsinə manatla qoyulan əmanətin faiz dərəcəsinin yüksək olması təsir göstərib: “Əmənətlərin dollarlaşma səviyyəsinin azalması gözlənilən idi. Bu məsələ perspektivdə təxminən 2017-ci ilin əvvəllərindən müzakirə olunurdu. Banklar hazırda dollarla əmanətlərə daha az maraq göstərir. 
Digər tərəfdən, valyutada saxlanılan əmanətlərə görə vətəndaş gəlir əldə edə bilmir. Manatla olan əmanətlərin faizi isə daha yüksək, 10 faiz civarındadır. Buna paralel olaraq qiymətli kağızların gəlirliyi də hardasa 9 faiz civarındadır. Ona görə də insanlar mövqelərində dəyişiklik edərək qoyduqları əmanətləri daha çox manata çevirməyə üstünlük verib. Nəticədə keçən illə müqayisədə manatla qoyulan əmanətlərin həcmi artıb. Dolayısı ilə burada ciddi şəkildə əmanətin çıxışı da yoxdur. İnsanlar yenə də əmanətlərini banklarda saxlamaqda davam edir”.
Rüfət NADİROĞLU