Ermənistanın işğal siyasətini davam etdirməsi mümkünsüzləşir

11 Sentyabr 2018 09:30 (UTC+04:00)

Ermənistanda son hakimiyyət dəyişiklyindən sonra da düşmən ölkənin ordusunda problemlər çözülmür.  Əksinə, işğalçı ölkənin bütün digər sahələrində olduğu kimi, ordusunda da köhnə problemlər  həll olunmamış qalmaqla yanaşı, yeni-yeni problemlər meydana çıxır. Çoxsaylı döyüş və qeyri-döyüş itkiləri davam edir, ordu özbaşınalıq mənbəyidir.  Bu orduda nizam-intizamdan əsər-əlamət yoxdur.  Düşmən ordusu korrupsiya girdabında boğulur. Bundan başqa Ermənistanda  yerli ermənilərlə Qarabağdan gəlmələr arasında mövzud olan ziddiyyət  özünü orduda daha kəskin şəkildə göstərir. 

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistan ordusunda əvvəldən hökm sürən özbaşınalıq və problemlərin şiddətlənməkdə davam etməsi yerli ermənilərlə Qarabağdan gələnlər arasında mövcud olan qarşıdurmanın işğalçı orduya daha kəskin şəkildə sirayət etməsilə bağlıdır: “Düşmən ordusunun Azərbaycan ərazilərinin işğalını bundan sonra da davam etdirməsi təbii ki, mümkün deyil.  İşğalçı orduda mövcud olan problemlər də çözülməyərək daha da kəskinləşəcək. Çünki Ermənistan ordusunda əvvəldən özbaşınalıq, qanunsuzluq, cinayətkarlıq mövcud idi. Bu ölkədə siyasi  hakimiyyət dəyişikliyindən sonra ordularında mövcud olan sadaladığım mənfi hallar daha da güclənib.  Əvvəldən də işğalçı orduda ermənistanlı və qarabağlı əsgərlər, zabitlər, habelə xaricdən gətirilən muzdlu, quldur döyüşçülər arasında həmişə dartışma, çəkişmələr olub. Hansı ki, belə dartışmalar da çox hallarda ölümlə nəticələnib. Paşinyanın dövründə isə orduda yuxarıda qeyd etdiyim qarşıdurma halları daha da kəskinləşib. Çünki 20 ildən artıq Ermənistanda kök salmış Köçəryan-Sarkisyan komandasının və ətrafının hələ də düşmən ölkənin ordusunda nəzarət və nüfuzları güclü olaraq qalır. Onların təsir dairəsi hələlik güclü olaraq qalır. Bu səbəbdən də onlar Paşinyan hakimiyyətini həm siyasi, həm də hərbi cəhətdən zəiflətmək üçün sözügedən məqamlardan istifadə edirlər. Hadisələrin gedişi göstərir ki, Paşinyanın zamanında  Ermənistan ordusunda hökm sürən özbaşınalıq, hərc-mərclik halları getdikcə daha da güclənəcək. Nəticədə onsuz da zəif olan Ermənistan ordusunun döyüş qabiliyyəti daha da zəifləyəcək. Əvvəldən də zəif olan bu ordu xüsusilə  siyasi, hərbi, iqtisadi müstəvidə davam edən indiki böhran şəraitində  olan-qalan döyüş qabiliyyətini tamamilə itirəcək.  Təbii ki, bu vəziyyətdə də düşmən ordusu Azərbaycanın güclü ordusu qarşısında tab gətirə bilməməklə yanaşı, torpaqlarımızı da işğal altında saxlaya bilməyəcəklər. Bunu zaman və Azərbaycan Ordusu sübut edəcək”.
Rüfət NADİROĞLU