Aşağı inflyasiya əhalinin pul gəlirlərini artırır

11 Sentyabr 2018 09:40 (UTC+04:00)

Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib. "2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq", - Mərkəzi Bankın sədri qeyd edib. 

İnflyasiyanın aşağı həddə qalmasını şərtləndirən səbəblər hansılardır və bu hal əhali üçün nə vəd edir?
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, manatın məzənnəsinin uzun müddət sabit qalması və yerli istehsalda artımın müşahidə olunması ölkəmizdə inflyasiyanın aşağı həddə olmasını şərtləndirən basilica səbəblərdir: “Azərbaycanda inflyasiyanın birrəqəmli olması və keçən illə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşməsinin bir neçə səbəbi var. Əsas səbəblərdən biri odur ki, artıq 16 aya yaxındır manat sabit məzənnə rejimində fəaliyyyət göstərir.  Mərkəzi Bank bununla bağlı inzibati qaydada olsa da tənzimləmə siyasəti həyata keçirir. Nəticədə gördüyümüz kimi uzun müddətdir manatın məzənnəsi dəyişmir. Bu da öz növbəsində qiymətlərin sabitləşməsinə gətirib çıxrıb. 
İkinci səbəb isə  yerli istehsalda artımın müşahidə olunmasıdır.   Kənd təsərrüfatında təxminən 3, ümumi aqrar kompleksdə 6 faizə yaxın artım var ki, bu da məhsul bolluğu, onun çeşidinin bazarda artmasına səbəb olub. Mövsümü səbəblərin də təsirindən hər il olduğu kimi cari ildə də inflyasiya prosesləri getdikcə zəifləyir. Oktyabra qədər bu proses davam edəcək. İnflyasiyada növbəti artım tempi isə noyabr-dekabr aylarında nəzərə çarpacaq. Həmin dövrdə yerli məhsulların bazardan çıxması və daha çox xarici məhsulun gətirilməsi, yeni il qabağı qiymət artımları inflyasiyanı sürətləndirəcək.  Bununla belə keçən illə müqayisədə inflyasiya daha aşağı olacaq. Keçən il ikirəqəmli inflyasiya olsa da, bu il birrəqəmli olacağı birmənalıdır.  Bu fonda da cari ildə bir rəqəmli inflyasiya olacaq, təqribən 5 faiz civarında”. 
Həmsöhbətimiz qeyd etdi ki, inflyasiyanın birrəqəmli olması isə əhali üçün real gəlirlərin artımı baxımından mühüm göstəricidir: “Çünki bu halda əhalinin real gəlirləri artır. İkirəqəmli olduqda isə əhalinin gəlirlərini inflyasiya yeyir. Nəticədə inflyasiyanın yüksək olması real gəlirləri azaldır. İndi isə inflyasiya bir rəqəmlidir, bu da əhalinin gəlirlərinin artımına səbəb olacaq”. 
Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, Azərbaycanda inflyasiyanın aşağı həddə olması ölkə iqtisadiyyatının dayanıqlı və güclü olmasının göstəricisidir: “Azərbaycanda xeyli müddətdir inflyasiya tənzimlənən həddədir. Dövlətin iqtisadi imkan və rıçaqları hesabına inflyasiya yuxarı həddə qalxmır. Bu da ilk növbədə ölkəmizdə aparılan iqtisadi siyasətin düzgün olmasının, iqtisadiyyatın şaxələnməsinin  göstəricisidir. Həmçinin Cənab Prezidentin son dövrlər qarşıya qoyduğu və ciddi şəkildə həyata keçirilən qeyri-neft sektorunun inkişafının birbaşa iqtisadiyyata,  o cümlədən malliyə-biznes dayanıqlığına təsirinin nəticəsidir. Azərbaycanda son dövrlər qeyri-neft sektorunun stabil şəkildə inkişafı bir daha onu göstərir ki, ölkə iqtisadiyyatı düzgün yoldadır və bəzi opponentlərimizin iddia etdiyi kimi neftdən qəti asılılıq yoxdur. 
Neftin qiymətinin son illər dəfələrlə dəyişməsi, kritik həddə düşməsi, ardınca qalxma prosesi, sonra da dalğavari olaraq enməsi və qalxması prosesinin Azərbaycan iqtisadiyyatına o qədər də mənfi təsiri olmadı. Son dövrlər bütün dünyada, o cümlədən Azərbaycana yaxın qonşu ölkələrdə ABŞ-ın dollarlaşma siyasətinin güclənməsi nəticəsində milli valyutalar və iqtisadiyyatlar xeyli dərəcədə zəifləyib. Azərbaycanda isə bu meyllər müşahidə olunmadı və bundan sonra da müşahidə edilməyəcək. Mərkəzi Bankın sədrinin söylədiyi kimi, ölkəmizdə inflyasiya da minimum həddədir.  Əmək haqqı artımı inflyasiyanı dəfələrlə üstələyir. İl ərzində dövlət büdcəsindən maliyyələşən bir çox işçilərin əmək haqqı ən azı 10 faiz artıbsa, inflyasiya cəmi 2,8 faiz həddində olub. Deməli, əhalinin pul gəlirləri və həyat səviyyəsinin yüksəlməsi göz qabağındadır. Eyni zamanda, pensiya və müavinətlərin artımı da social cəhətdən medafiəyə ehtiyacı olan təbəqələrin həyat səviyyəsinin yaxşılaşması deməkdir. Ölkəmizdə hər il əmək haqqı və pensiyalar artır və bu artımlar da həmişə inflyasiyadan üstün olur. Düşünürəm ki, bu artımları gələn ilin də büdcəsində görəcəyik. İnflyasiyanın aşağı həddə olması Azərbaycan iqtisadiyyatının dayanıqlı və güclü olmasının göstəricisidir”.
Rüfət NADİROĞLU