Ermənistan ordusunda orqan alveri

1 Oktyabr 2018 13:05 (UTC+04:00)

Aparılan müşahidələr göstərir ki, Ermənistan ordusu getdikcə acınacaqlı vəziyyətə düşür. Azərbaycan torpaqlarını işğal altında saxlayan orduda fərarilik, qətl, zorlama, rüşvət, korrupsiya və digər nizamnamədənkənar halların və bunun nəticəsində intihar faktlarının sayı artır, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti getdikcə pisləşir. Elə sosial şəbəkələrdə yazılanlar göstərir ki, Ermənistan silahlı qüvvələrində intihar və intihara cəhd etmə hallarının əsasən zabit və gizirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqir edilməsi və söyülməsi, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, kiçik komandir heyəti tərəfindən əsgərlərin zorlanması, döyülməsi, əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması Ermənistan ordusundakı mövcud ağır hərbi xidmət və məişət şəraitsizliyi, psixoloji problemlər, ailə münaqişəsi zəminində və digər şəxsi məsələlərlə əlaqədar baş verir.

Digər tərəfdən, son zamanlar sosial şəbəkələrdə aparılan müşahidələr onu göstərir ki, işğalçı ölkənin ordusunda yeni bir tendesiya ortaya çıxıb. Belə ki, Dağlıq Qarabağdan Ermənistana gətirilən əsgər meyitlərinin təkrar tibbi ekspertizadan keçirilməsi və onların nəticələri valideynlərin qəzəbinə səbəb olur. Təkrar ekspertiza zamanı ölən əsgərlərin bəzilərinin qaraciyəri, dalağı, böyrəkləri və digər orqanlarının yerində olmadığı aşkar edilib. Xüsusilə, bu yaxınlarda itkin düşmüş bir çox erməni əsgərlərinin valideynləri bu hadisə ilə qarşılaşıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olur ki, düşmən ordusunda xidmət edən yüksək rütbəli zabitlər tərəfindən əsgərlərin orqanları satılır. Buna səbəb düşmən ordusundakı özbaşınalıq və harınlama hallarının artmasıdır. Məhz bu səbəbdən də erməni vətəndaşları hərbi xidmətə getməkdənsə intihar etməyi üstün tuturlar. Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarında yerləşən hərbi hissələrə tez-tez səfər etməsinin səbəblərindən biri də ordudakı özbaşınalığı gizlətmək və xalqın diqqətini yayındırmaqdır. Həmçinin ordudakı özbaşınalıq və harınlama halları o qədər artıb ki, zabit və gizirlər narkotik alveri ilə də məşğul olurlar. 
Ermənistandakı hakimiyyət tərəfindən bütün bu faktlar gizlədilsə də, gec-tez bu cür məlumatlar çıxır. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, rüşvət, korrupsiya, intihar, təcavüz və digər halların sayı dəfələrlə artıb. Ciddi iqtisadi böhran yaşayan Ermənistan ordusunda acınacaqlı vəziyyətin hökm sürməsi, belə halların olması, bu cür informasiyaların yayılması təəccübləndirici deyil, əksinə, gözləniləndir. Artıq belə hallar Ermənistan üçün adiləşib.

Politoloq Ehtiram Aşırlı