Mingəçevirdə məhkəmə zalında avrvadını hakimin gözü önündə öldürən şəxsin məhkəməsi başlayır

1 Oktyabr 2018 15:43 (UTC+04:00)

Mingəçevir şəhərində arvadını Mingəçevir Şəhər Məhkəmə zalında öldürməkdə təqsirləndirilən Xalid Əliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Movqe.az-ın report-a istinadən məlumatına görə, cinayət işi yekunlaşdırılaraq ŞəkiAğır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 29-da Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

Belə ki, Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.

Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

X.Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.