Yükdaşımalar sahəsində Azərbaycan daha vacib mövqe sahibinə çevrilir

2 Oktyabr 2018 07:00 (UTC+04:00)

“Şimal-Cənub” layihəsinin üzv ölkələri dəniz nəqliyyatının daha fəal istifadə olunması barədə də fikirləşməlidir”. Bunu Rusiya prezidentinin köməkçisi İqor Levitin bildirib: “Əgər iri tutumlu gəmilər hazırlansa, onlar digər beynəlxalq dəhlizlərdən avtomobil daşımalarının bir hissəsini Xəzərə keçirə bilər”. 

Mütəxəssislərin fikrincə, bu təklifdə Azərbaycan daha çox maraqlı olmalıdır. Çünki, Xəzər ilə daşınmalarda sahilyanı dövlətlər arasında Azərbaycan kadr və infrastruktur baxımından daha öndədir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir: “Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmir yolu, Cənub-Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal–Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən böyük Beynəlxalq Ticarət Limanının tikintisi bu sahədə yeni eranın təməlini qoydu. Bu layihələrin icrası Azərbaycanı regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirməklə,  Azərbaycan üzərindən milyonlarla ton yüklərin daşınmasına şərait yaratdı. Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axınını təmin ediləcək”.
Professor əlavə etdi ki, son illər ərzində Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin daha da böyüməsi prosesi baş verir: “Bu gün Rusiya bizim ən böyük ticarət tərəfdaşımızdır. Yaxın zamanlarda iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara qədər artacağı real görünür.  Hər iki tərəfin səyləri ilə əlaqələrin daha da dərinləşməsi, bura yeni elementlərin əlavə olunması istiqamətində də addımlar atılır. 
Rusiya Prezidentinin bu günlərdə Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində əlaqələrin bir daha genişləndirilməsini nəzərdə tutan addımların atılması ölkələrimizin maraqlarından qaynaqlanan məsələdir. Rusiya prezidentinin köməkçisi İqor Levitinin “Şimal-Cənub" Layihəsinə üzv ölkələri dəniz nəqliyyatından daha fəal istifadə etməyə səsləməsi  və bu məqsədlə iri tutumlu gəmilərdən istifadə etməklə digər beynəlxalq dəhlizlərdən avtomobil daşımalarının bir hissəsinin Xəzərə keçirilməsi təklif etməsi olduqca maraqlı və iqtisadi cəhətdən bu dəhlizin iştirakçıları olan ölkələr üçün faydalıdır.  Əgər bu baş verərsə, Azərbaycan üzərindən daşınacaq yüklərin həcmi əhəmiyyətli dərəcədə böyüyə bilər. Çünki bu gün avtomobil daşımalar ümumi yükdaşımalarında əhəmiyyətli yer tutur”.
İqtisadçı-ekspert Natiq Cəfərli də Xəzər vasitəsi ilə gəmi daşınmalarının artmasını mümkün hesab edir: “Lakin nəzərə alaq ki, Xəzər dənizinin okeanlara çıxışı ancaq Volqa və Don çayları vasitəsilədir. Hansı ki, onlarla iritutumlu gəmilərin çıxışına imkan yoxdur. Buna baxmayaraq, sahilyanı dövlətlərin bir-biri ilə ticarət əlaqələrində Xəzər dənizindən istifadə edilməsi mümkündür. Burada Azərbaycanın müəyyən üstünlükləri olacaq. Çünki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu mühüm rol oynaya bilər. Sifarişlər qəbul ediləcək. 
Nəzərə alaq ki, gəmini başqa yerdə istehsal edib Xəzər dənizinə gətirmək mümkünsüzdür. Ancaq sahilyanı dövlətlərdə istehsal olunmalıdır. Bunun üçün də ən yaxşı infrastruktur məhz Azərbaycandadır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu Azərbaycana müəyyən üstünlüklər verir. Azərbaycan həmçinin İrandan Rusiyaya və əks istiqamətdə yüklərin daşınmasında logistik mərkəz rolunu oynaya bilər. Bu isə Azərbaycan üçün kifayət qədər cəlbedici əməkdaşlıqdır. Beş ölkənin ticarət dövriyyəsinin müəyyən hissəsinin gəmilər vasitəsi ilə həyata keçirilməsi həm daşınmların ucuz başa gəlməsinə, həm də Azərbaycana müəyyən gəlirlər vəd edir. Ona görə də bu təklifdə Azərbaycan daha aktiv rol oynamalıdır. Azərbaycan yüklərin məhz öz gəmiləri vasitəsi ilə daşınmasında üstünlüyü ələ ala bilər. Yükdaşımalarda ən yaxşı hazırlıqlı ölkə Aazərbaycandır. Həm infrastruktur, həm də kadr baxımıdan biz öndə gedirik. Ona görə də bu təklif Aərbaycana böyük dividendlər gətirə bilər”.
Mübariz BAYRAMOV