Cəbhə təxribatları daha çox düşmən əsgərinin həyatına son qoyur

2 Oktyabr 2018 09:40 (UTC+04:00)

Son günlər ərzində Azərbaycan Ordusu düşmənin bir neçə hərbi qulluqçusunu məhv edib, bir neçə düşmən hərbçisi də ağır yaralanıb. Düşmən ölkə işğalı və təmas xəttində təxribatlar törətməkdə davam etdikcə, aydın məsələdir ki, hər zaman  Azərbaycan Ordusunun layiqli cavabına tuş gələcək. Nəticədə də hər zaman olduğu kimi, düşmənin daha çox hərbi qulluqçusu məhv ediləcək. Danışıqlar prosesində də görürük ki, Ermənistan konstruktiv mövqeyə gəlmək istəmir. Hər zaman danışıqlardan qaçmağa çalışıblar.

Ermənistanın Qarabağ münaqişəsinə dair tutduğu indiki mövqe fonunda demək olarmı ki, İrəvan siyasətini dəyişməyənə qədər təmas xəttində daha çox  erməni hərbçisi gəbərdiləcək? Bu hal Ermənistan daxilində vəziyyətə necə təsir göstərəcək?
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, düşmən tərəfinin təxribatları hər zaman onlara baha başa gəlməkdə davam edəcək: “Düşmənin təmas xəttində törətdiyi hər hansı bir təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınır. Bununla bağlı dəfələrlə Ermənistana xəbərdarlıq edilib. Bu xəbərdarlıqlar da konkret addımlar, düşmənin canlı qüvvəsinin məhv edilməsilə müşayiət olunub. 
Təbii ki, cəbhə xəttində, xüsusən də başqa dövlətin ərazisində həyatını itirən erməni gənclərinə görə Ermənistanda hər zaman aqressiv davranış sərgilənib. Daha doğrusu, işğalçı ölkədə əsgər anaları haqlı olaraq bu prosesə etiraz ediblər. Bu etiraz da nədən övladlarının başqa bir dövlətin torpağında ölməsindən qaynaqlanır. İndiki halda da bu barədə erməni anaları, erməni cəmiyyəti düşünməlidir. Azərbaycanın məsələdə tutduğu mövqe tamamilə ədalətli və haqlıdır. İstər tarixi, istər mənəvi baxımdan.
Azərbaycan əsgəri səngərdə nə üçün dayandığını yaxşı bilir. Torpaqları işğaldan azad etmək üçün mübarizə və mücadilə aparır. Amma Ermənistandan gəlib Azərbaycan ərazilərində işğalçı obrazını yerinə yetirən ermənilər faktiki olaraq, burada nə üçün olduqlarını bilmir. Yalançı, qondarma ideyalar sağlam, normal düşünməyi bacaran adamlar tərəfindən həzm və qəbul olunmur. Ermənistan ordusundakı hərc-mərcliyin əsas səbəblərindən biri də budur. İşğalçı ordu əsgərlərinin böyük əksəriyyəti yaxşı başa düşür ki, onlar öz torpaqlarında deyil, özgə torpaqlardadırlar. Bu mənada təxribat hərəkətlərinə görə, öldürülən erməni zabit və əsgərlərin taleyi onları da gözləyəcək. Həmin suala Ermənistan cəmiyyətinin özü cavab tapmalıdır və işğalçı mövqedən ölkəsinin rəhbərliyini geri çəkilməyə məcbur etməlidir”.  
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, təmas xəttində daha çox erməni əsgərinin gəbərməsi işğalçı ölkə daxilində gərginliyin, qarmaqarışıqlığın daha da artmasına gətirib çıxaracaq: “Tacikistanın paytaxtı Düşənbə şəhərində cənab Prezident İlham Əliyevin işğalçı dövlətin baş nazirilə görüşü zamanı Paşinyan tərəfindən belə bir fikir səsləndi ki, Azərbayacn-Ermənistan sərhədində, eyni zamanda təmas xəttində gərginliyin azaldılması, atəşkəsə əməl olunması razılaşdırılıb. Onunla bağlı deməliyəm ki, ola bilər, Ermənistan-Azərbaycan sərhədində gərginlik azaldılsın, atəşkəsə əməl olunsun. Ancaq təmas xətti Azərbaycan ərazisindədir. İşğalçı dövlətin qoşunları Azərbaycan ərazisində qalmaqda davam edirsə, atəşkəsə əməl edilməsi, gərginliyi azaltmaq ancaq onlara sərf edir. Bu, Azərbaycana aid deyil. 
Azərbaycan bu halla o zaman razılaşacaq ki, işğalçı dövlətin bütün silahlı qüvvələri ərazilərimizi tərk etsin, çıxıb getsin və ərazi bütövlüyümüz təmin edilsin. 
Təbii ki, təmas xəttində düşmən tərəfinin itkilərinin sayı nə qədər çox olsa, bu Ermənistan cəmiyyətində daha çox dərk etməyə, daha doğru nəticə çıxarmağa gətirib çıxaracaq. Bu cəmiyyət həmişə gərginlik, təşviş içində yaşayacaq. Belə də olmalıdır. Yəni Ermənistan əhalisi, əsgər anaları işğal etdikləri torpaqlara soxulan övladlarını hər zaman ölüm xəbərini almalıdır ki, reallığı başa düşüb öz rəhbərlərini sülhə gəlməyə məcbur etsinlər”.
Rüfət NADİROĞLU