Azərbaycan-Rusiya iqtisadi əlaqələri yeni vüsət alır

2 Oktyabr 2018 09:50 (UTC+04:00)

Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşəcəyini göstərdi. 

Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər xüsusilə intensivləşib. Hər iki ölkə bu əlaqələrin genişlənməsi və artmasına xüsusi önəm verir. Bu baxımdan sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin Azərbaycandakı sənaye parkları və aqroparklarda investor kimi iştirakı, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarımızın Rusiyaya ixracının, regionlararası əməkdaşlığın genişləndirilməsi və sair sahələrdə əməkdaşlıq imkanları genişdir.
Azərbaycandan Rusiyaya əsasən qeyri-neft, aqrar sahə məhsulları ixrac edilir. Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. 2017-ci ildə Rusiyaya meyvə ixracı 20,9 faiz, tərəvəz ixracı isə 58,4 faiz artıb. 2018-ci ilin birinci yarısında isə meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunub. 
Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr həyata keçirilir. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyulub, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb. Azərbaycanda Rusiya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir. 
Bu baxımdan sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda investor kimi iştirakı, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarımızın Rusiyaya ixracının, regionlararası əməkdaşlığın genişləndirilməsi və sair sahələrdə əməkdaşlıq imkanları genişdir. Proseslərin bu istiqamətdə inkişafı tərəflərin, o cümlədən Azərbaycanın iqtisadi cəhətdən daha güclü dövlət olmasına necə təsir edəcək?
İqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə, Moskva ilə Bakı arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi fonunda ölkəmizə daha böyük miqdarda pul axacaq: “Azərbaycanın kənd təsərrüfatı və sənaye istehsalı ənənəvi olaraq Rusiya bazarına oriyentasiya olunub, yönəlib. Sovet dövründən bu belədir. Azərbaycanın neft-maşınqayırma, kimya sənayesi, kənd təsərrüfatı məhsulları istehsalı əsas etibarı ilə Rusiyaya istiqamətlənmişdi. Bu bazar olmadan təbii ki, Azərbaycanın bütün sahələr üzrə istehsalı axsayır. Son 20 ildə bunun şahidi olurduq. 
Prinsip etibarı ilə ölkəmizin kənd təsərrüfatı inkişaf edir, sənaye istehsalı istiqamətində də anoloji hadisələrin şahidi oluruq. Rusiya ilə intensivləşən iqtisadi əlaqələrimiz və onun davamlı olması isə sözügedən sahələrdə inkişafımızın da ardıcıl olmasına gətirib çıxaracaq. 1988-ci ildə Azərbaycan il ərzində Rusiya bazarına çıxarmaq üçün 4 milyard manatlıq gül istehsal edib. Yəni tək gül məhsulunun Rusiya bazarında satılması ilə respublikamıza nağd şəklində məhz bu qədər vəsait daxil olurdu.  O dövrdə Azərbaycan büdcəsi isə 7 milyard manat olub. Bu mənada Rusiya ilə intensivləşən iqtisadi əlaqələrimiz fonunda Azərbaycana daha çox miqdarda pul axacaq. Əhali işləyəcək və pul qazanacaq”. 
Rüfət NADİROĞLU