“Azəriqaz” Maştağada səyyar formada xidmətlər həyata keçirir

2 Oktyabr 2018 14:11 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyi (İB) Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçirir.

İB-dən Movqe.az-a bildirilib ki, oktyabrın 2-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir. Maştağa qəsəbəsində mədəniyyət və istirahət parkının ərazisində keçirilən xidmətin müddəti 1 ay nəzərdə tutulub.

İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari il sentyabr ayının 21-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılıb.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.