Qarabağ münaqişəsi üzrə danışıqlar yenidən aktiv mərhələyə daxil olur

3 Oktyabr 2018 07:00 (UTC+04:00)

Ekspert dairələrində belə fikirlər səslənir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl Düşənbədə keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır. 

Xatırladaq ki, MDB dövlət başçıları səviyyəsində Düşənbədə keçirilən sammitdə münaqişə tərəfləri arasında baş tutan görüş müəyyən dərəcədə müsbət əhval-ruhiyyənin yaranmasına stimul verib. Belə ki, həmin görüşə qədər konfliktə münasibətdə daha çox aqressiv davranışları ilə yadda qalan Paşinyan Düşənbədə bu ritorikasından geri çəkilərək, münaqişənin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. Həmçinin, burada o Dağlıq Qarabağdakı separatçı rejiminin də danışıqlar prosesinə qatılması kimi əvvəlki sərsəm fikrindən əl çəkib. Yəni Düşənbədə yaranan müsbət ab-hava uzun müddətdir tərəflər arasında dayanan danışıqların yenidən başlanmasına bir stimul yaradıb. 
Politoloq Elşən Manafovun fikrincə, aktiv danışıqlar dövrünün başlanıb-başlanmayacağı Ermənistanın məsələ ətrafında bundan sonra sərgiləyəcəyi mövqedən asılı olacaq: “Təbii ki, iki ölkə rəhbərinin Düşənbədə baş tutan görüşü son vaxtlar Dağlıq Qarabağ cəbhəsində mövcud olan gərginliyin aradan qaldırılması baxımından əhəmiyyətli bir hadisədir. Məhz bu görüşdən sonra Paşinyan sevinc və şadyanalıqla bildirdi ki, tərəflər bundan sonra da  problemin danışıqlar yolu ilə həlli variantına sadiq qalacaqlarını bəyan edib. Xüsusən də erməni tərəfi bəyan edib ki, ciddi-cəhdlə atəşkəs şərtlərinə əməl edəcəklər. Amma bu kimi bəyanatlar Ermənistan rəsmiləri tərəfindən dəfələrlə verilib. İstər Paşinyan, istərsə də ona qədərki Erməni siyasətçiləri tərəfindən belə bəyanatların dəfələrlə şahidi olmuşuq. 
Danışıqların gedişində mahiyyət etibarı ilə yeni bir mərhələnin başlanıb-başlanmayacağı və yaxud danışıqlar prosesinin impulsiv xarakter alacağı, burada dinamizmin olub-olmaması yetərincə erməni tərəfinin sərgilədiyi mövqedən asılı olacaq.  Azərbaycanın mövqeyi həmişə fərqli və haqlı olub. Konkret olaraq işğal altındakı torpaqlarımızın azad olunmasını tələb etmişik və bu zaman həmin tələbi beynəlxalq normalara istinadən bəyan etmişik. 
Cənad Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan dövləti və xalqı heç bir zaman və heç bir şərtlə torpaqlarımızda ikinci bir erməni dövlətinin yaranmasına razılıq verməyəcək. Danışıqların gedişində uğurun olub-olmayacağı təkcə formatın dəyişməsindən asılı deyil. Sadəcə olaraq, Ermənistan indiyə qədər sərgilədiyi qeyri-konstruktiv mövqedən əl çəkməlidir. Amma bu günə qədər gördüyümüz odur ki, sözügedən məsələdə İrəvanın mövqeyində elə də ciddi dəyişiklik yoxdur. Bu halda Azərbaycan hansı kompromislərə gedə bilər?! Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni icmasının təhlükəsizliyinə, ölkə vətəndaşları kimi onların hüquqlarının ən yüksək səviyyədə qorunmasına təminat verir. Digər ölkə vətəndaşları kimi, təbii ki, ermənilərin də hüquqları qorunacaq. Ancaq qarşı tərəfin verdiyi bəyanatlara nə dərəcədə sadiq olduğu sual doğurur. Azərbaycan tərəfinin atdığı maddımlar fonunda qarşı tərəf ciddi güzəşt və kompromislərə gedəcəkmi? İkinci bir tərəfdən, bu təkcə Ermənsitanın iradəsindən asılı olan məsələ deyil. Rusiya tərəfi bu məsələdə hələ ki, fərqli mövqe sərgiləmir. Moskva da digər həmsədr ölkələr kimi bəyan edir ki, münaqişə tərəfləri hansı razılığa gəlsələr, onlar da həmin şərtləri qəbul etməyə hazırdırlar. Bu da onu göstərir ki, Rusiyanın Ermənistana təzyiq edib, 5-7 rayonun qaytarılacağı ilə bağlı şimal tərəfdən ara-sıra səslənən bəyanatlar hələlik elə bəyanat olaraq da qalır.
 Danışıqlarda növbəti mərhələnin başlana bilməsi daha çox ermənilərin sərgilədəyi mövqedən asılı olacaq. ATƏT-in Minsk qrupu da məsələyə indiyə qədər olduğundan fərqli yanaşmalı, ermənilərin hansı həddə qədər geri çəkiləcəklərilə bağlı məsələyə aydınlıq gətirməlidirlər. Azərbaycanın mövqeyi bəllidir. Hər zaman probleminm danışıqlar yolu ilə həllinə tərəfdar olmuşuq. Amma erməni tərəfi unutmamalıdır ki, danışıqlar da real müstəviyə keçməli və problemin ədalətli həllinə xidmət etməlidir. Bu baş verməsə, Azərbaycan digər vasitələrdən istifadə etməli olacaq ki, beynəlxalq hüquq da buna imkan verir”. 
Rüfət NADİROĞLU