Bank əmanətlərinin tam sığorta müddətinin uzadılması zərurətə çevrilir

3 Oktyabr 2018 08:00 (UTC+04:00)

Parlamentin son plenar iclasında deputat Vahid Əhmədov bildirib ki, ötən il əmanətlərin sığortalanması haqda qanun layihəsi qəbul olunub: “Bu qanun layihəsinin müddəti 3 ildir və 2019-cu ildə qüvvədən düşəcək. Hazırda bank sistemində vəziyyət ürəkaçan deyil. Təklif edərdim ki, bu qanun layihəsinin müddəti uzadılsın”. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov əmanətlərin sığortalanması haqqında qanunun müddətinin daha 3 il uzadılmasına ehtiyac olduğunu düşünür: “Birmənalı şəkildə əmanətlərin sığortalanması ilə bağlı müddətin uzadılmasına ehtiyac vardır. Nəzərə alaq ki, gələn il verilən bu müddət başa çatır. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanması haqqında qanuna əsasən müddət uzadılmasa, belədə sözügedən məsələdə vəziyyət yenidən əvvəlki dönəmə qayıdacaq. Yəni, prosesin uzadılmaması fonunda əmanətlərin ancaq 30 min manat və ya 30 min dollarının sığortalanması həyata keçiriləcək. Yerdə qalan vəsait isə sığortadan kənarda qalacaq. Nəticədə əmanətlərin tam sığortalanması fonunda bank sektoruna əmanət yerləşdirən vətəndaşların artıq 30 mindən artıq əmanətinin sığortalanması həyata keçməyəcək. Bu fonda düşünürəm ki, əmanətlərin tam sığortalanması haqqında qanunun müddətinin daha 3 il ərzində uzadılmasına ehtiyac var. 
Uzadılma banklardan əmanətlərin çıxarılmasının qarşısını alacaq. Belə bir addımın daha tez atılmasına ehtiyac var ki, əmanətçilər əmanətlərinin daha 3 il müddətinə sığortalanması ilə bağlı məlumatlansınlar. Ona görə də sözügedən qaydanın tətbiqi olduqca vacibdir. Bank sektoruna əmanətlərin cəlbi çox vacibdir. Bu istiqamətdə vacib məqamlardan biri də bankların sağlamlaşdırılması prosesinin sürətləndirilməsi, xarici valyutada olan problemli kreditlərin qaytarılması ilə bağlı addımların atılmasına nail olmaq, bankların real sektoru maliyyələşdirməklə bağlı təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bank sektoru iqtisadiyatda mühüm yer tutduğuna, onun mühərriki olduğuna görə, indiki məqamda neftin dünya bazarında qiymətinin yüksək olması fonunda bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirləri sürələndirmək üçün ciddi maliyyə zəmini formalaşıb”. 
«PSJ Kapital Menecment» İnvestisiya Şirkətinin direktor müavini Cəfər İbrahimli bu qənaətdədir ki, bankların sağlamlaşdırılması prosesi başa çatmadığından əmanətlərin tam həcmdə sığortalanması prosesi də davam etdirilməlidir: “2016-cı ilə qədər  əmanətlərin cəmi 30 min manatı sığortalanırdı. Yerdə qalan vəsait isə sığorta prosesindən kənarda qalırdı. Ancaq 2016-cı ildən başlayaraq 3 il müddətinə banklara qoyulan əmanətin tam olaraq sığortalanması həyata keçdi. Hansı ki, həmin müddətdə 2019-cu ilin mart ayında başa çatır. Belədə qanunun müddəti uzadılmadığı təqdirdə, avtomatik olaraq əvvəlki qanun layihəsi işə düşür. Yəni bu halda yenidən ancaq 30 min manatlıq əmanət sığortalanacaq. Azərbaycanda fəaliyyət göstərən banklar son 3-4 ildə yaranan problemləri hələlik tam olaraq həll edə bilməyib. Burada kifayət qədər problemlər qalır, kredit həcmlərində azalmalar var. Bir sıra banklarda kapital çatışmamazlığı davam edir. Yəni bəzi bankların maliyyə vəziyyəti o qədər də qaneedici deyil. Bankların mövcud vəziyyətində əmanətlərin tam sığortalanmaması isə vəsaitlərin banklardan çıxışını şərtləndirə bilər. Yəni insanlar artıq 100 faizlik sığorta olmadığından artıq qalan vəsaiti banklardan çıxarmağa meyl edə bilər. Bu isə likvidlik yüksək olsa da, maliyyə vəziyyəti yaxşı olmayan banklar üçün növbəti bir çətinlik yaradacaq. 
İndiki halda həmçinin, bankların sağlamlaşdırma prosesi də tam olaraq başa çatmayıb. On görə düşünürəm ki, sağlamlaşdırma prosesi başa çatana qədər əmanətlərin 100 faiz həcmində sığortalanması maliyyə sektoru, ümumi iqtisadiyyatın inkişafı, həm də insanların pul vəsaitlərini daha az risqə məruz qoymaları baxımından faydalı olardı”.
Rüfət MADİROĞLU