Sosial şəbəkələrdəki xaos və anarxiyaya qanunla son qoyulacaq

3 Oktyabr 2018 09:00 (UTC+04:00)

“Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu, çox vacibdir”. Bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin plenar iclasında deyib. Deputat qeyd edib ki, informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır. Eyni mövqedən çıxış edən deputaların, digər ictimai xadimlərin sayı artır. Bu hal cəmiyyətin tələbinə çevrilir. Belə vəziyyətdə sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənə bilərmi? 

Siyasi icmalçı Azər Həsrət sosial şəbəkə istifadəçiləri arasında məsuliyyətin artırılması üçün qanunlara bəzi dəyişiklik və əlavələrin edilməsinə tərəfdar olduğunu bildirdi: “Ayrıca sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsi əlbəttə ki, bir qədər uyğunsuz olardı. Dünyanın heç bir ölkəsində, eləcə də sosial şəbəkələrin arxasında duran ABŞ-ın özündə belə şəbəkələrlə bağlı qanunlar yoxdur. Ayrıca olaraq, sosial şəbəkələrin özlərinin davranış qaydaları var. Həmin qaydalar da şəbəkələrdə qeydiyyatdan keçərkən istifadəçilərə təklif edilir ki, onu oxuyub, tanış olmaqla onu qəbul etsinlər. Amma əksəriyyətimiz həmin qaydaları çox zaman oxumadan imza atmaqla onları qəbul edirik. Həmin qaydalara əməl ediləcəyi təqdirdə sosial media və sosial şəbəkələrdə elə də ciddi problemlərlə üzləşməyəcəyik. Lakin dövlət sirrinin yayılması, dövlət təhlükəsizliyilə bağlı məsələlər, Azərbaycana, ümumiyyətlə ayrı-ayrı şəxslərə qarşı qarayaxma kampaniyasının aparılması kimi məsələlər əlbəttə ki, konkret qanunlarla tənzimlənən məsələlərdir. Sadəcə olaraq, bu məsələləri gündəmə gətirmək lazımdır. 
Yəni həmin məsələləri gündəmə gətirib daha populyar etmək, insanları maarifləndirmək lazımdır ki, sosial şəbəkələr üzərindən qanuna zidd əməllər törədiləcəyi təqdirdə hansı cəzalarla üzləşə biləcəklərini bilsinlər. Sosial şəbəkənin özü ilə bağlı qanun qəbul etmək isə hələlik mənim üçün anlaşılmazdır. 
Görünür, parlamentdə bu məsələni qaldıran Hikmət müəllim daha çox sosial şəbəkələrdəki xaos və anarxiyanı idarə etmək baxımından sözügedən istiqamətdə qanunun qəbul edilməsindən danışıb. Facebookla bağlı hansı qanun qəbul etmək olar? Onun yiyəsi kənarda, özü başqa bir ölkədə yerləşir. Ondan bütün dünya istifadə edir. Azərbaycan da ayrıca bir ölkə olaraq sosial şəbəkələrlə bağlı ayrıca qanun qəbul edə bilməz.  Bu, ən azından ölkəmizi tənqid edənlərin əlinə əlavə bəhanə verə bilər. Amma sosial şəbəkə istifadəçiləri arasında məsuliyyətin artırılması üçün qanunlarımızda bəzi dəyişiklik və əlavələr edilməsinə ehtiyac olduğunu düşünürəm. Mövcud qanunların tələbləri daha geniş ictimaiyyətə çatdırılmalı, maarifləndirmə işləri aparılmalıdır”.