Ordumuzun ixtiyarındakı “uçan tank”lar düşməni lərzəyə salır

3 Oktyabr 2018 09:50 (UTC+04:00)

Azərbaycanın əldə etdiyi silah-sursatlar düşmən ölkədə narahatlıq yaradıb. Bu narahatlıq zaman-zaman müəyyən səviyyələrdə etiraf olunmağa başlayır. Məsələn, Ermənistan mətbuatına açıqlamasında hərbi ekspert Qraçya Petrosyan bildirib ki, Ermənistan üçün ilk növbədə Azərbaycanın Rusiyadan aldığı raket-artilleriya vasitələri, İsrail və Çexiyadan alınan uzunmənzilli döyüş vasitələri təhlükə yaradır. O əlavə edib ki, Azərbaycan artıq Rusiyadan dağlıq ərazidə döyüş aparmaq qabiliyyətinə sahib və hətta rusların özlərinin də “uçan tank” adlandırdığı müasir zərbə helikopterləri alıb. 

Qeyd edək ki, bundan başqa Azərbaycan ilə Belarus arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası da ölkəmizə gətirilib. Mütəxəssislərin sözlərinə görə, alınan silahlar fonunda Ermənistanın artan qorxusu başadüşüləndir. Həmin silahlar məhz ona tuşlanmaq üçün anbarlarda qalmayacaq.
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycan Rusiya, Belarus və digər Avropa dövlətləri ilə hərbi sənaye sahəsində sıx əməkdaşlıq edir: “Digər tərəfdən hərbi sənaye kompleksinə aid olan müəssisələrin modernləşdirilməsi, yeni silah növlərinin, xüsusən də aviasiya bombalarının, qanadlı raketlərin, pilotsuz uçan aparatların istehsal sahəsini genişləndirir. “ADEX-2018” silah sərgisi çərçivəsində keçirilən görüşlərin aktiv iştirakçısı olan Azərbaycan tərəfi dünya miqyasında tanınmış bir çox müdafiə sənayesi şirkətləri ilə danışıqlar aparır. Bunların arasında Rusiyadan alınan helikopterlərlə yanaşı, İtaliyadan alınması nəzər tutulan təlim-döyüş təyyarələri də yer almaqdadır”.
Ekspert əlavə etdi ki, ötən il ərzində ölkəmizə gətirilən “Polonez” reaktiv yaylım atəş sisteminin yeni partiyası bir neçə gün əvvəl ölkəmizə daxil oldu: “Həmçinin Azərbaycanın tələbatını ödəyəcək qədər “Polonez” alınıb və alınacaq. Nəzərə alaq ki, Azərbaycan “Polonez” reaktiv yaylım atəş sisteminin istehsalında müəyyən paya malikdir. Ehtiyat raket dəstləri ilə də ölkəmiz təmin olunmaqdadır. Erməni mətbuatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Belarusu tənqid edilməsi faktlarına da rast gəlirik. Azərbaycanla eyni blokda təmsil olunmamasına baxmayaraq, Belarusun güclü hərbi sistemlərinin Azərbaycana verilməsi Ermənistanda etirazlara səbəb olur. Amma eyni tipli silahların digər variantlarını Rusiyadan əldə edərkən  Ermənistana qarşı Azərbaycan tərəfindən ciddi reaksiyalar verilmədi. Ermənilərin isə qıcıqlanmasının əsasları fərqlidir. Ermənilər gözəl anlayır ki, Azərbaycan cəmiyyətində müharibə çağırışları səslənir. Belə olan təqdirdə Ermənistan müharibə ilə üz-üzə qalacağını anlayır. “ADEX-2018” sərgisindən dərhal sonra “Polonez”-in ikinci partiyası ölkəmizə gəldi. Həmçinin sərgi ərəfəsində Azərbaycan ikinci peykinin orbitə buraxması ilə Ermənistana real mesajlar ünvanlamış oldu”.
Ədalət Verdiyev qeyd etdi ki, bu vəziyyət Ermənistana müsbət nəsə vəd etmir: “Onsuz da müharibənin başlayacağı ehtimalı getdikcə artır. Alınan bu qədər silahın anbarlarda saxlanılmayacağını Ermənistan və beynəlxalq ictimaiyyət yaxşı anlayır. Onların tez bir zamanda Dağlıq Qarabağda tətbiq ediləcəyi istisna deyil. Odur ki, Ermənistan və onu dəstəkləyənlər balanslı qərar vermək məcburiyyətindədirlər. Lakin müharibə çağırışlarına köklənən Nikol Paşinyan hakimiyyəti geri addım atmamaqla müharibənin başlama ehtimalını daha da yaxınlaşdırır”.
Hərbi məsələlər üzrə digər ekspert Abuzər Əbilov bildirdi ki, erməni ekspertlərinin qorxusu başadüləndir: “Azərbaycan taktiki hücum vasitələrinə, dağlarda döyüş aparmaq üçün kifayət qədər artilleriya komplekslərinə sahib olub. Bu da ondan xəbər verir ki, ərazilərin azad olunması əməliyyatlarında insan itkisinin qarşısı alınacaq. 
Bundan başqa Ermənistan Azərbaycanın hərbi potensialını düzgün qiymətləndirə bilmir. Hazırda Müdafiə Sənayesi Nazirliyi ən son texnoligya ilə zərbə, kəşfiyyat qurğularını istehsal edir. Həmin qurğular vasitəsi ilə düşmənin bütün silah-sursat vasitələrinin yerini, sayını təyin edib. Ali Baş Komandanın əmri olan anda həmin qurğular məhv ediləcək”.
Mübariz BAYRAMOV