Saxta pul probleminin asan çözüm yolu açıqlandı

4 Oktyabr 2018 08:00 (UTC+04:00)

Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları açıqlanıb. Mərkəzi Bankın elektron xidmətlər portalının  verdiyi məlumata görə, ölkədə daha çox 5 manatlıq əskinaslar saxtalaşdırılır – 32 faiz. Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əskinaslar tutur.

100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq – 7 faiz, 50 manatlıq əskinasların payına isə 6 faizi düşür. Bu yaxınlarda buraxılmış 200 manatlıq əskinasların saxtalaşdırılması hallarına rast gəlinməyib. 
Belə vəziyyətdə pulların hamısının olmasa da müəyyən hissəsinin, xüsusən də 5 manatlıq əskinasların yenilənməsi, yeni dizaynda buraxılmasına ehtiyac varmı?
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, saxtalaşdırma ilə mübarizə fonunda aşağı nominallı pulların yeni dizaynda buraxılması baha başa gəldiyindən, daha effektli variant nağdsız ödənişlərin geniş vüsət alması yoludur: “Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi əsasən ölkədə 5 və 1 manatlıq əskinaslar saxtalaşdırılır. Bu da fikrimcə, ondan irəli gəlir ki, insanlar aşağı nominallı pullara ciddi diqqət yetirmirlər. Ticarət məntəqələrində 1 və 5 manatlığın saxta olması ehtimalının çox aşağı olduğunu düşünürlər. 
Vətəndaşlar düşünür ki, saxtalaşdırmağa gedilərsə, daha çox gəlir götürmək üçün əsasən böyük nominallı pullar saxtalaşdırılar. Məhz müştərinin düşüncəsində 1 və 5 manatlıq əskinasların saxtalaşdırma ehtimalının az olması amilindən irəli gələrək həmin nominallı pulları əksər hallarda yoxlamırlar. Dövriyyəyə saxta pul buraxmaqla qanunu pozan dəstələr də bu amildən istifadə edərək saxta əskinaslar buraxarkən əsasən 1 və 5 manatlıqlara üstünlük verirlər. Yəni, sırf psixoloji üstünlük qazanmaq üçün əsasən 1 və 5 manatlıq pulların saxtalaşdırılmasına önəm verirlər. Burada həmin kiçik nominallı pulların qoruyucu vasitələrinin az, dizayn baxımından daha kasad və keyfiyyətsiz olması faktı da rol oynayır.  
Saxtalaşdırma ilə mübarizə fonunda yeni dizaynın hazırlanması və yeni qoruyucu vasitələrlə təmin olunmaqla pul çapı məsələsi isə əslində, kifayət qədər baha başa gələn prosesdir. Bu da ondan irəli gəlir ki, Azərbaycan özü pul çap etmək üçün infrastruktura malik deyil. Azərbaycan manatı xaricdə, əsasən də Avstriyada çap olunur. Bu da dediyim kimi, olduqca baha başa gəlir. Məsələn, bir manatlıq əskinasın yeni dizaynı və üzərində olan qoruyucu vasitələrin artırılması yolu ilə daha ciddi şəkildə qorunması prosesi həmin bir manatın özündən daha yüksək qiymətə başa gəlir. Ona görə də qoruyucu vasitələr çoxalması, yaxud da saxta pullar azalmasına nail olmaq üçün bu istiqamətdə kadinal addımların atılmasına ehtiyac olduğunu düşünmürəm. 
Saxta pullara qarşı mübarizənin ən yaxşıı yolu nağdsız ödənişlərin təşviq olunmasıdır. Nəticəyə nail olmaq istəyiriksə, bu yol fikrimcə, daha uğurludur. Ölkədə nağdsız ödənişlər təşviq olunmalı və onun həcmi orta statistik Avropa ölkələrinin həcminə çatmalıdır. Belə ki, Avropada orta hesabla hesabların 70-80 faizi nağdsız ödənişlə həyata keçirilir. Azərbaycanda isə bu rəqəm hələ 5-6 faizə belə çatmır.  Həmçinin, 50, 100 və 200 manatlıq iri nominallı əskinasların qoruyucu vasitələrinin artırılması və dizaynın təkmilləşdirilməsi istiqamətində qərar verilə bilər. Bu istiqamətdə addımların atılması düşünürəm ki, daha doğru ola bilər. Çünki iri nominallı manatın qorunması daha vacibdir. Kiçik nominallı əskinasların qorunması isə dediyim kimi baha başa gələn prosesdir. Valyutadəyişmə məntəqələri, mağaza və marketlərdə pulların saxta olduğunu təyin edəcək avadanlıqların quraşdırılması da yetərli ola bilər”. 
İqtisadçı Yaşar Əsədov isə bu qənaətdədir ki, saxta pul buraxılışı kütləvi xarakter alıbsa, bu fonda pul vahidlərinin bir hissəsinin yenilənməsinə, yeni dizaynda buraxılmasına ciddi ehtiyac vardır: “Milli valyuta dövlətin atributu olduğundan onun qorunması mütləqdir. Saxta əskinasların buraxılması kütləvi hal alıbsa, əlbəttə ki, həmin əskinasların yenilənməsi vacibdir. Bu fonda əskinaslar dəyişdirilə, yaxud mövcud əskinasların müdafiə elementləri daha da artırıla bilər. 
Dünyada pul saxtalaşdırılması ən ağır cinayətlərdən biri hesab edilir. Çünki bu, sadəcə, saxtakarlıq deyil, maliyyə sistemini dağıtmağa yönəlik bir cinayətdir. Adətən insanlar böyük nominallı əskinasların saxta olub-olmamasına daha çox diqqət yetirir. Kiçik məbləğli əskinasların saxta olmasına isə elə də əhəmiyyət vermirik. Ticarət obyektlərində çalışanlar da iri nominallı pullardan fərqli olaraq, 1 və 5 manatlıq əskinasları ciddi şəkildə yoxlamırlar. Kiçik nominallı pulun yoxlanılması da çətin prosesdir, hər 1 və 5 manatlığı yoxlamaqla xəzinədar həddən artıq vaxt itirir”.
Rüfət NADİROĞLU