Avtobus sürücüləri ilə bağlı xaosa necə son qoyulacaq?!

4 Oktyabr 2018 09:30 (UTC+04:00)

Bakıda Binə qəsəbəsində avtobusla qatarın toqquşması fonunda gündəmə gələn məsələlərdən biri də ictimai nəqliyyatın peşəkar sürücülərə həvalə olunmasıdır. Belə ki, oktyabrın 1-də Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev bundan əvvəl ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Yəni, bu fakt da bir daha sübut göstərir ki, özəl şirkətlərin çoxu buna əməl etmir. O baxımdan da oxşar hadisələr zaman-zaman baş verir.  

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, avtobusların iştirakı ilə qəzalar tez-tez baş verir: “Hadisələrdə də bir çox hallarda məhz avtobus sürücüsü günahkar olur. Adətən də yüksək sürət, yol hərəkət qaydalarına əməl etməmək kimi amillər qəzalara səbəb olur. Ancaq ictimai nəqliyyat həssas sahədir. Bura insanlar xüsusi seçim əsasında işə götürülməlidirlər. Düzdür, “Yol hərəkəti haqqında” Qanunu 33-cü maddəsində “D” və “E” kateqoriyası üçün tələblər göstərilir. Belə ki, “D” kateqoriyasına daxil olan nəqliyyat vasitəsini idarə etmək hüququ 23 yaşdan verilir və 65 yaşa qədər keçərlidir. “E” kateqoriyasına daxil olan nəqliyyay vasitəsini idarə etmək hüququ isə 26 yaşdan əmələ gəlir. Yəni, “D” kateqoriyası üçün təcrübə müddəti 5 ildən az olmamalıdır. Amma bu, bir qədər yanlış tələbdir. Belə ki, “D” kateqoriyası olan istənilən şəxsi avtobus sürücüsü kimi işə götürülürsə, avtobusu idarə etmək hüququ ilə yanaşı, bacarığına da malikdir. Beynəlxalq təcrübədə də bu cürdür. Məsələn, bir sıra Skandinaviya ölkələrində avtobus sürücüsü qismində işləmək istəyən şəxs müvafiq kateqoriyası olsa da, tədris müəssiəsi ilə müqavilə imzalayır. İki il ərzində həmin tədris müəssisəsində təhsil alır. 6 ay nəzəriyyə, 6 ay praktiki məşğələlər, 6 ay usta sürücü yanında təlimlər keçir, sonuncu 6 ayda isə usta sürücü yanında oturmaqla avtobusu idarə etmək məşğələlərini öyrənir. İki ildən sonra ona avtobusu idarə etmək bacarığını göstərən sertifikat verilir. Azərbaycanda isə belə bir tələb yoxdur. Ancaq “D” kateqoriyası tələb edilir. Yalnız “Bakubus” MMC-nin təlim-tədris mərkəzi var. Həmin mərkəzdə sürücülər təlimlərdə iştirak etməklə, bacarıqlarını artırırlar. 
Ancaq nəzərə alaq ki, ölkəmizdə “D” kateqoriyasına malik olan sürücülərin sayı elə də çox deyil. Bu baxımdan hətta bir sürücü törətdiyi xətalara görə, bir şirkətdən işdən çıxarıldıqda digər şirkət tərəfindən dərhal işə qəbul edilir. Çünki, ölkədə sürücü qıtlığı var. Son hadisədə də bu məsələ özünü büruzə verdi. 
Rəsmi məlumata görə, həmin sürücü keçmiş məhbus həyatı yaşayıb. Vaxtı ilə törətdiyi qəzada insan həlak olub. Bu il azadlığa buraxılıb və dərhal da ictimai nəqliyyatın idarə edilməsinə cəlb olunub. Ancaq bu, yolverilməz haldır. Bəzi şirkətlər bu məsələ diqqət yetirsə də, əksər hallarda diqqətdən kənarda qalır. Hətta bir müddət əvvəl monitorinq zamanı aşkar olunmuşdu ki, bəzi sürücülər narkotik aludəçisi, bəzilərinin psixi durumu yerində deyil”.
Ekspert əlavə etdi ki, beynəlxalq təcrübə nəzərdə keçirilməlidir: “Nəqliyyat vasitəsini idarə etmək hüququ ilə yanaşı, praktiki məşğələlər təşkil olunmalıdır.  Həmçinin sürücülərin reytinqi yaradıla bilər. Yəni, avtobus sürücülərinin bazası yaradılmalıdır. Bundan başqa şirkətlər üzərində aidiyyatı qurumların nəzarəti gücləndirilməlidir. Həmçinin ictimai nəqliyyat sektorunda ciddi və sərt yanaşmalar tətbiq edilməlidir. Çünki ictimai nəqliyyat sürücüləri minlərlə insanın həyatına cavabdehlik daşıyırlar.  Aidiyyatı qurumların daha sərt yanaşması yolveriləndir. Sərnişin özünün təhlükəsizliyinə əmin olmalıdır”.
Mübariz BAYRAMOV