Latviya vətəndaşının adı Azərbaycan XİN-nin arzuolunmaz şəxslər siyahısından çıxarılıb

3 Oktyabr 2018 16:13 (UTC+04:00)

Latviya vətəndaşı, “IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, məktubunda Harijs Egliens 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

H.Egliens Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, H.Egliens Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

Sonda H.Egliens gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.