Manat neftə görə dollar qarşısında bahalaşa bilər

4 Oktyabr 2018 09:40 (UTC+04:00)

Neft qiymətləri gözlənildiyindən də sürətlə bahalaşır. Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 87 dolları keçib. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, neftin qiymətinin sürətli artımı dünya iqtisadiyyatına təsir göstərir: “Bu, nəticə etibarı ilə neft ölkələrinin gəlirlərinin artımına imkan yaratsa da, dünyada qlobal inflyasiyanın sürətlənməsinə gətirib çıxardır. Neft istehlak edən ölkələrin xərclərinin artmasına səbəb olur. 
Nəzərə alaq ki, neft idxal edən ölkələr Avropa Birliyi, Çin, Yaponiya, ABŞ kimi ölkələrdir ki, onların xərcində artımlar müşahidə olunur. Bu da qiymət artımına səbəb olur. Amma 2014-cü ildən əvvəl də Azərbaycan neftin dünya bazarında qiymətinin 80 dollar civarında olmasını məqbul hesab edirdi. Çünki praktiki olaraq 80 dollar həm istehlakçı ölkələr üçün ciddi problem yaratmır, həm də istehsalçı ölkələrin gəlirliyini təmin etməyə imkan verir. Amma qiymətlərin sürətli artım, xüsusən də 80 dollar psixoloji həddi keçməsi istehlakçı ölkələrin xərclərinə mənfi təsir göstərir”.
Vüqar Bayramov əlavə etdi ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün dövlət gəlirlərinin artması baxımından əhəmiyyətlidir: “Nəzərə alaq ki, Azərbaycan gün ərzində 641 min ton neft ixrac edir. Bu gəlirin bir hissəsi xərclərə çıxsa da, 75 faizi ölkəmizə qalır.  Ancaq Azərbaycan neft ölkəsi olsa da, qiymətin məqbul həddə olmasında maraqlıdır. Qısa zamanda kəskin qiymət artımları növbəti dövrdə qiymətlərin kəskin azalmasına gətirib çıxara bilər. Bu da neft ölkələri üçün arzuedilən deyil”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, 2008-ci ildə neftin qiyməti 150 dollara qədər bahalaşmışdı: “Sonda ABŞ-da ipoteka böhranı baş verdi və neftin qiyməti enməyə başladı. Ondan sonra neftin qiyməti 107 dollara qədər endi. 2014-cü ildən etibarən isə neftin qiyməti ucuzlaşdı. Yəni, neftin qiymətinin bahalaşması sonradan kəskin ucuzlaşma riskini yaradır.
Neftin qiyməti bahalaşanda texnologiyalar inkişaf etməyə başlayır. Məsələn, sonuncu bahalaşmada elektormobillər inkişaf etdi. Əgər bu dəfə neftin qiyməti 100 dolları keçsə, kəskin, bəlkə də uzunmüddətli aşağı düşəcək. Bunun da neft ixrac edən ölkələr üçün təhlükəsi böyükdür. O baxımdan ixracatçı ölkələr neftin kəskin bahalaşmasında maraqlı deyillər. Neftin qiymətinin artması həmçinin dünyada inflyasiya yaradır. Bu da kasıb ölkələrin vəziyyətinin pisləşməsinə və neft idxal edən ölkələrin xərclərinin artmasına gətirib çıxarır”.
Samir Əliyev qeyd etdi ki, indiki halda Azərbaycanın neft gəlirləri artır: “Manatın devalvasiya riski aradan qalxır. Amma bunlarla yanaşı, manatın bahalaşması təhlükəsi ortaya çıxır. Neftin qiymətinin artımının sosial baxımından faydası olsa da, strateji tərəfdən ölkəmiz üçün ziyanı var. Məlumdur ki, hökumət qeyri-neft sektorunun inkişafını prioritet olaraq qarşıya qoyub. Amma neftin qiymətinin yüksək olması buna problem yaradır. Həmçinin neft gəlirlərinin artması ölkədə qiymətlərin bahalşaması təhlükəsi yaradır. Yəni, neftin qiymətinin artmasının həm müsbət, həm də mənfi təsirləri var”. 
Mübariz BAYRAMOV