Avropadan Azərbaycana yeni sərmayə axını başlanır

4 Oktyabr 2018 09:50 (UTC+04:00)

Oktyabrın 9-da Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək. Forum energetika və informasiya-kommunikasiya texnologiyaları məsələlərinə həsr olunacaq. Forumda nazirliklər, Almaniyanın Azərbaycandakı səfirliyi, SOCAR və Avropa İnkişaf və Yenidənqurma Bankının rəsmiləri, eləcə də BP, “Siemens SC”, SAP, “Lahmeyer International GmbH”, “DHL Global Forwarding”, “PAŞA Bank” və digər şirkətlərin nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox alman kapitallı şirkət fəaliyyət göstərir. Bu, kiçik rəqəm deyil. 

Azərbaycanla Almaniya arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu federal kansler Angela Merkelin bu ilin yayında ölkəmizə səfəri zamanı yüksək tribunadan bəyan olunub. İki ölkə arasında münasibətlərin tarixi təxminən 200 il bundan əvvəl almanların Vürtemberq əyalətindən Azərbaycana gəlmələri ilə başlayıb. Əsasən qeyri-neft sektoru üzrə inkişaf edən iqtisadi əlaqələrin yüksək göstəricisi kimi Cənubi Qafqaz ölkələri ilə Almaniya arasında ümumi ticarət dövriyyəsində ən çox həcm Azərbaycanın payına düşür. 
Enerji sahəsində əməkdaşlığın inkişafında almanların “Uniper” şirkəti daha istəkli fəaliyyət göstərir. Bu sahədə əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı, eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqi ilə əlaqədar bu şirkətlə birgə işlər görülür. İki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusi ilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar böyükdür. “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil ediləcək qazın alıcılarından biri məhz “Uniper”dir.  Azərbaycan qazının Avropaya tədarükündə iştirak edən Almaniya üçün hazırda tikintisi sürətlə gedən “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti olduqca böyükdür. 
Almaniyanın inkişaf etmiş iqtisadiyyata malik olması və Avropa Birliyinin ən güclü dövləti kimi imic qazanması bütün dünyada məlumdur. Belə bir ölkənin Azərbaycana maraq göstərməsi təqdirəlayiq olduğu qədər də məntiqidir. Belə ki, ölkəmizin böyük sürətlə inkişafı, daim yeniliyə və mükəmməl texnologiyalara maraq göstərməsi, həm də bu istiqamətdə layihələri uğurla mənimsəməsi alman texnoloqların və iş adamlarının diqqətini cəlb etməyə bilməzdi. 
Bu forumda nələr daha çox diqqət mərkəzinə düşə bilər? Məsələn, neft-qaz yataqalarında 7 min metr dərinlikdə işləməyə imkan verən qazma avadanlıqları istehsal edən müasir alman texnikası, eləcə də yerin altından keçən qaz kəmərlərinin çəkilişi üzrə ixtisaslaşmış digər şirkətlərlə iş birliyi haqda memorandumun imzalanması ehtimalı yüksəkdir. İş burasındadır ki, alman şirkətlərinin də bu sahəyə maraqlarını yüksəkdir.
Ümumiyyətlə, Almaniyada böyük neft-kimya kompleksi ilə yanaşı maşınqayırma, cihazqayırma, elektronika, radiotexnika üzrə iri sənaye müəssisələri, neft maşınqayırması, əlvan metallurgiya sənayesi var. Azərbaycanda bu gün də mövcud müəssisələr böyük sahələrə, dəzgah parkına, ixtisaslı işçi qüvvəsinə, zəngin ehtiyatlara malikdir. Onlardan istifadə etmək olar.
Bu ölkə  alüminium oksidin istehsalı üçün zəngin alunit yatağına,  alüminium istehsal edən müəssisəyə malikdir. Almaniya şirkətlərini cəlb edən məqamlardan biri odur ki, Azərbaycan əməkdaşlıq üçün böyük imkanlara, bundan ötrü təbii ehtiyatlara, sənaye potensialına, elmi-texniki və intellektual potensiala malikdir.
Azərbaycanda qeyri-neft sektorunun prioritet sahə təşkil etdiyi indiki dövrdə bu sektorun geniş sahəsi olan  kənd təsərrüfatı məhsulları istehsalı üçün zəngin təbii imkanlar var. Ölkəmizdə  pambıq, taxıl, böyük miqdarda meyvə, habelə tütün, sitrus meyvələri yetişdirilir. Biznes-forumda alman iş adamlarının bu istiqamətə investisiya yatırmaları haqda müzakirə aparacaqları şəksizdir. Avropalı iş adamlarının əməkdaşlığı üçün bazar iqtisadiyyatı, azad sahibkarlıq prinsipləri vacibdir ki, bunlar da Azərbaycanda təsbir olunub. Odur ki, oktyabrın 9-da keçiriləcək forumdan gözləntilər böyükdür, çünki Avropadan Azərbaycana yeni investisiya marşrutunun açılması gerçəkləşə bilər.
N.NOVRUZ