Biznesmen Ritsenhoff Angela Merkelin sədr kürsüsünə göz dikib

4 Oktyabr 2018 13:08 (UTC+04:00)

Hessen əyalətindən olan sahibkar Andreas Ritsenhoff Xristian-Demokratik İttifaqının (XDİ) sədri vəzifəsi uğrunda AFR kansleri Angela Merkel ilə mübarizə aparmaq niyyətindədir. Bu məqsədlə Ritsenhoff partiyanın dekabrda keçiriləcək qurultayında sədr vəzifəsinə öz namizədliyini irəli sürəcək.

Movqe.az xəbər verir ki, 61 yaşlı biznesmen “Funke” media qrupunun qəzetlərinə verdiyi müsahibədə deyib: “Mənim fikrimcə, XDİ-də yaxın vaxtlarda siyasətin istiqamətinin hiss olunacaq dərəcədə dəyişməsinə gətirib çıxaracaq yeni siyasi hədəflər müəyyən edilməlidir”. Ritsenhoffun sözlərinə görə, onun namizədliyi XDİ-də daxildən yenilənmənin zəruriliyi haqda siqnal olmalıdır.

Sahibkar vurğulayıb: “İndi Almaniyada, Avropada və qərb dünyasında baş verənlər məni narahat edir. Mən burada ölkəmizin iqtisadi qüdrətinə, rifahına və təhlükəsizliyinə, həmçinin bizim əhalinin mədəni və mənəvi azadlığına qarşı yönəldilmiş təhdid görürəm. Ritsenhoffun sözlərinə görə, onun siyasi hədəfi “Azad qərb cəmiyyətini inkişafın yeni mərhələsinə gətirib çıxarmaq”dan ibarətdir.

Andreas Ritsenhoff XDİ-nin Hessen əyaləti üzrə təşkilatına yalnız 2018-ci ilin başlanğıcında daxil olubdu. Onun malik olduğu və rəhbərlik etdiyi “Seidel” firması alüminiumdan, o cümlədən kosmetik sənaye üçün dizayner məhsulları buraxır.