Banklar yenə real sektordan uzaq qaçırlar

5 Oktyabr 2018 08:00 (UTC+04:00)

Ölkənin, o cümlədən bankların inkişafı və daha çox gəlir götürməsində sözsüz ki, mhüm yeri real sektor tutur. Bu mənada banklar əsasən məhz real sektora kapital yatırmaqda maraqlı olmalıdır. Lakin Azərbaycanda bu istiqamətdə vəziyyət fərqlidir. Kommersiya bankları yenə də əsasən istehlak kreditləri ayırmağa daha çox meyl edirlər. 

İllərdir, real sektorun kreditləşməsinə yönəlik çağırışlar edilsə də, bankların yuxarıda qeyd etdiyimiz kimi bu istiqamətdə fəaliyyəti hələ də ürəkaçan deyil.  İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, bankların real sektora kredit yatırmağa ciddi maraq göstərməməsinin səbəbi onların qısa zaman kəsiyində daha çox gəlir götürmək istəyindən qaynaqlanır: “Çox təəssüf ki, bankların kredit portfelində real sektora ayrılan kreditlərin həcmində hələ də kəskin artımların baş verdiyini müşahidə edə bilmirik. Baxmayaraq ki, mütəmadi olaraq Azərbaycan rəsmiləri kommesiya banklarının bu istiqamətə daha çox vəsait yönəltmələrilə bağlı fikir və tövsiyələrini bölüşürlər. 
Hazırkı vəziyyətdə bankların ümumi kredit portfeli 12 milyard 170 milyon manatdır. Həmin kredit portfelində real sektora yönəldilən kreditlərin həcmi az olaraq qalmaqdadır. Mərkəzi Bankın rəsmi statistikasına görə, kommersiya bankları tərəfindən verilən kreditlərdə, xüsusən də orta və uzunmüdətli kreditlərdə sənaye və istehsal sektorunun payı ümumi kredit qoyuluşunun cəmi 5,5 faizi qədərdir. Bu, o deməkdir ki, ümumi kredit qoyuluşunun çox cüzi hissəsi sənaye və istehsal sahəsinə yönəldilir. Aqrar sektorun bu prosesdə payı isə daha azdır, cəmi 3,8 faiz. Belə vəziyyət ondan xəbər verir ki, kredit qoyuluşunda aparıcı sektorların payının yüksək olmadığını müşahidə etməkdə davam edirik. Buna rəğmən, istehlak kreditlərinin payı 40,1 faizdir. Yəni 12,1 milyard manatlıq kredit portfelinin 4,874 milyon manatı istehlak krediti kimi təqdim olunur. 
Yaranmış vəziyyət bir daha təsdiq edir ki, bankların real sektora marağı aşağı həddə olaraq qalmaqdadır. Səbəb odur ki, devalvasiyadan əvvəl olduğu kimi, banklar yenə də qısa müddətdə daha çox gəlir əldə etməyə çalışır. Bu vəziyyət isə nəticə etibarı ilə bankları real sektora vəsait yönəlməyə stimullaşdırmır. Ona görə də bu istiqamətdə bir sıra stimullaşdırıcı addımlar atılmalıdır”.
Problemin həlli üçün ekspert təklif etdi ki, real sektora daha çox kapital qoyan banklara münasibətdə vergi güzəştləri tətbiq edilsin, onların kreditə çıxış imkanları asanlaşdırılsın: “Birmənalı şəkildə dövlət tərəfindən təşviq edilmə məsələsi önə çıxmalı, xüsusən real sektora daha çox vəsait yönəldən bankların güzəştli mərkəzləşmiş kreditlərə çıxış imkanları asanlaşdırılmalı, onlara münasibətdə hətta vergi güzəştləri tətbiq edilməlidir. Kredit faizinə uyğun olaraq subsidiyalaşdırılmış kreditlərin təklif edilməsi, habelə banklara vergi güzəştlərinin tətbiqi onların real sektora daha çox vəsait yönəltmələrinə gətirib çıxara bilər. Amma bütövlükdə hazırkı vəziyyət ondan ibarətdir ki, kommersiya bankları real sektoru maliyyələşdirməkdə indilikdə maraqlı deyillər”.
İqtisadçı-ekspert Yaşar Əsədov düşünür ki, bankların kredit faizi yüksək olduğundan real sektorla məşğul olmaq istəyən sahibkar bankdan vəsait almaqdan çəkinir: “Sual əslində, belə qoyulmalıdır ki, real sektor nədən bankdan maliyyələşmə yolu ilə fəaliyyət göstərmir? Hansısa bir iş qurmaq istəyən sahibkar pul almaq üçün banka müraciət edir. Lakin bankın faiz dərəcələri yüksək olduğundan sahibkarın qurmaq istədiyi işin gətirəcəyi qazanc həmin faiz dərəcəsini bağlaya bilmir. Ona görə də sahibkarlıq fəaliyyətilə məşğul olmaq istəyənlər çalışır ki, bankla az iş görsünlər. 
Yalnız xaricdən hansısa bir mal gətirib burada onu baha qiymətə satmaqla 30-35 faizlik kredit faizini banka ödəmək mümkündür. Real sektorda isə elə də yüksək gəlir dərəcəsi olmur ki, bankın faizini ödəməklə yanaşı, həm də qazanc götürmək mümkün olsun. 
Rusiyada bankların kredit üzrə faiz dərəcəsi də 10-11 faizə düşüb. Vergi yığımı da keçən illə müqayisədə 50-60 faiz çoxalıb. Azərbaycanda da inflyasiya dərəcəsi 5-6 faizə salınsa, bankların faiz dərəcəsi də mütləq aşağı düşəcək. Buna nail olandan sonra da sahibkarları bank krediti almağa stimullaşdırmaq üçün banklarda kredit faizləri aşağı salınmalıdır”.      
Rüfət NADİROĞLU