Bakı-Ankara-Moskva oxu Qafqazda vəziyyəti daha sürətlə Azərbaycanın lehinə dəyişir

5 Oktyabr 2018 09:22 (UTC+04:00)

Azərbaycan-Rusiya-Türkiyə üçbucağında əməkdaşlıq getdikcə dərinləşitr və ən müxtəlif sahələri əhatə etməyə başalyır. Qeyd edək ki, sadalanan ölkələr arasında üçtərəfli əməkdaşlıq iqtisadi cəhətdən regionda ən güclü potensiala malikdir. Azərbaycan qardaş ölkə olan Türkiyənin uzunmüddətli strateji tərəfdaşı olduğu, habelə Rusiya ilə sıx iqtisadi və tarixi əlaqələrə malik olduğu üçün Bakı-Ankara-Moskva üçbucağında qarşılıqlı səmərəli əməkdaşlıq imkanları genişdir. 

Digər tərəfdən, son illər Moskva ilə Ankara arasında münasibətlər xeyli dərəcədə intensivləşib. İntensivləşən bu münasibətlər təkcə siyasi deyil, iqtisadi, humanitar, hərbi və digər sahələri də əhatə edir. Hər iki ölkə Suriyada beynəlxalq terrorizmin kökünün kəsilməsi istiqamətində birgə çalışır. Azərbaycana gəldikdə, ölkəmizlə Rusiya arasında əlaqələr də əhəmiyyətli dərəcədə genişlənib. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, Bakı, Ankara və Moskva arasında üçtərəfli əlaqələrin inkişaf etməsilə Cənubi Qafqazda Azərbaycanı razı salacaq şərait daha sürətlə inkişaf edəcək: “5-10 il bundan qabaqkı situasiyanı göz önünə gətirəndə görürük ki, Bakı-Ankara-Moskva üçbucağı istiqamətində əməkdaşlıq əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yəni, müqayisə aparanda açıq şəkildə görəcəyik ki, Azərbaycan, Rusiya və Türkiyə arasındakı münasibətlər əvvəlki illərlə müqayisə olunmaz dərəcədə inkişaf edib. 
Azərbaycanın region üçün geoiqtisadi əhəmiyyəti artıb. Türkiyə bizə qardaş, ən yaxın dövlətdir. Dünyada əsas problemimizin həllində ölkəmizi Türkiyə qədər açıq və birmənalı şəkildə müdafiə edən ikinci dövlət yoxdur. Türkiyə ilə olan tarixi, mənəvi bağlılığımız, gündən-günə artan iqtisadi, siyasi, hərbi əlaqələr tamamilə yeni vəziyyət yaradıb. Rusiya böyük dövlət olmaqla yanaşı, Azərbaycanın qonşusudur. Tarixi münasibətlər və əlaqələrimiz olub. Vaxtilə eyni imperiyanın tərkibində yaşamışıq. Rusiya yerləşdiyi regionda söz sahibi olan böyük dünya dövlətlərindən biridir. Təbii ki, həmişə istəmişik ki, Moskva ilə Ankara arasında münasibətlər yaxşı olsun. Bu münasibətlərin yaxşı olmasının pis olması ilə müqayisədə əhəmiyyəti böyükdür. 
Azərbaycan üçün əsas problem Ermənistan tərəfindən pozulan ərazi bütövlüyümüzün bərpa edilməsi məsələsidir. Türkiyə Azərbaycanı regional və beynəlxalq səviyyədə açıq müdafiə edən və ölkəmizə hər cür dəstəyi verməyə hər zaman hazır olan dövlətdir. Rusiya ilə də son bir neçə ildə ikitərfəli, həm üçtərəfli, bəzi hallarda dördtərəfli formatda çox yaxşı əlaqələr qurulub. 
Bu əlaqələr mənzərəsində Rusiya-Türkiyə arasında qarşılıqlı faydalı əlaqələrin getdikcə güclənməsi və Azərbaycanın da müəyyən dərəcədə orada yer alması tamamilə yeni mənzərə yaradır. Cənubi Qafqaz Azərbaycanın mərkəzdə durduğu, fəal iştirak etdiyi bir sıra hallarda təşəbbüskar olduğu region, bölgəmiz və dünya üçün əhəmiyyətli iqtisadi layihələrin həyata keçirildiyi bir coğrafiyadır. İqtisadi əlaqələrin genişlənməsi üçün vacib olan ilk şərt sabitlik və təhlükəsizlikdir. Sabitlik və təhlükəsizliyə dair problemlər olanda iqtisadi əalqələrin genişlənməsi üçün də maneələr yaranır. Regionumuzda bu maneə isə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və bu mövqeyindən hələlik çəkilmək istəməməsidir. 
Rusiya mətbuatı da artıq hər gün Bakı ilə Moskvanın daha da yaxınlaşmasından  yazır.  Rusiya rəsmiləri ölkəmizin vacib dövlət olması haqqında əvvəllər demədikləri etirafları edir. 
Bu şəraitdə Rusiya-Türkiyə münasibətləri və bu münasibətlərdə Azərbaycan məsələsi, ölkəmizin faydası, əhəmiyyəti, problemimizin çözümü məsələsi istənilən səviyyədə müzakirələrdə öndə olan məsələdir. Azərbaycan bu problemi istər Türkiyə, istər Rusiya, istər ölkə daxilində, istərsə də digər beynəlxalq səviyyələrdə qaldırır. Artıq birmənalı olaraq hamı tərəfindən qəbul olunur ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi  və onun region üçün yaratdığı təhlükə həll olunmalıdır. Əvvəlki illərlə müqayisədə problemin aradan qaldırılmasının labüdlüyü artıq göz önündədir. Azərbaycan Rusiya və Türkiyə münasibətlərində yaranan pozitiv dəyişikliyi yaxşı qarşılayır. Ermənistan həmişə çalışıb ki, Azərbaycanla Türkiyənin Rusiya ilə münasibətləri daim pis olsun. Regionumuzda ümumiyyətlə, Ermənistanı hansı məsələ narazı salırsa, deməli, həmin məsələ ölkəmizin xeyrinədir. Amma məsələlər Ermənistanın yanaşması, iradəsilə həll olunmur. Ermənistan hazırda olduqca köməksiz durumdadır. Daxili və xarici məsələlərdə elə bir xaosa sürükləniblər ki, indi ermənilərin özlərinə kömək lazımdır. Yəni, artıq Ermənistanın dövlətçiliyi təhlükə qarşısındadır. Ermənistanı bu fonda təşvişə salan da Türkiyə-Rusiya yaxınlaşması, həm də Moskva ilə Bakı arasında münasibətlərin getdikcə inkişaf etməsidir. 
Azərbaycan öz siyasətini qızıl qanun əsasında yürüdür. Ölkəmiz istənilən əlaqələri qarşılıqlı, faydalı prinsiplər əsasında həyata keçirir.  Burada heç bir güzəştdən söhbət gedə bilməz. Belə bir siyasət yürütmək üçün də ölkənin əhəmiyyəti artmalıdır. Azərbaycanın da əhəmiyyəti bu mənada hər keçən gün artır. Bu sayaq üçtərəfli münasibətlər inkişaf etdikcə, Cənubi Qafqaz regionunda ölkəmizi qane edəcək şərait getdikcə daha da inkişaf edəcək”.
Rüfət NADİROĞLU