Büdcə prosesində ictimai iştirakçılığın əhəmiyyəti və gücləndirilməsi yolları

5 Oktyabr 2018 14:05 (UTC+04:00)

İctimai iştirakçılıq OBP (Open Budget Partnership) təşkilatının tərəfindən hazırlanan və dünya ölkələr üzrə ictimai vəsaitlərin idarə edilməsi prosesinin şəffaflıq səviyyəsinin müqayisəsini nəzərdə tutan “Açıq Büdcə Tədqiqatı” adlı illik hesabatlarda xüsusi indikatorlardan biri kimi istifadə edilir. 

İctimai iştirakçılıq-hər hansı qərarın qəbul edilməsindən əvvəl və icrası zamanı  təsirlənən təşkilatların və icma nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin aparılmasıdır. İctimai iştirakçılığın iki əsas variantı olan ünsiyyət və əməkdaşlıq qərar qəbul etmədə keyfiyyət və optimallıq problemini həll edir. AALEP (Association of Accredited Public Policy Advocates the European Union) təşkilatı hesab edir ki, qərar qəbul etmədə iştirak-vətəndaşların, vətəndaş cəmiyyəti institutları və digər maraq qruplarının onlara birbaşa olaraq təsiri olan siyasətlərin və qanunların formalaşmasına təsir etmə imkanıdır. 
Yuxarıda verilən tərifləri ümumiləşdirsək ictimai iştirakçılıq-cəmiyyətin öz maraqlarını müdafiə etmə mexanizmidir. Bu zaman hər bir steykholderin problemə münasibəti aydınlaşdırmaq, qəbul edilən qərarlarda ictimai konsensusu təmin etmək və bu yolla səmərəliliyi artırmaq imkanı yaranır. 
Qərarqəbuletmədə ictimai iştirakçılıq-bu məqsədlə parlament dövlət büdcəsinin müzakirəsi prosesinə vətəndaş cəmiyyəti institutlarını, ekspertləri, kütləvi informasiya vasitələrini, müxtəlif sosial qrupların nümayəndələrini, gender üzrə, azlıqlar üzrə təmsilçiləri və s. cəlb edir. Beləliklə də müzakirələrdə bütün steykholderlərin iştirakçılığının təmin edilməsinə çalışılır. Beləliklə dövlətin fiskal siyasətinin əhatəliliyi, səmərəliliyi artır, prioritetlərin müəyyənləşdirilməsi üçün effektiv platforma yaranır. İcraetmə mərhələsində ictimai iştirakçılıq – qeyd edək ki, proses sadəcə büdcə sənədin hazırlanması ilə bitmir. Praktikada büdcənin icrası zamanı müşahidə edilən problemlər daha geniş miqyaslı olur. Bu zaman ictimai vəsaitlərin korrupsiya predmetinə çevrilmə ehtimalı daha yüksəkdir. Risk səviyyəsinin azaldılması məqsədi ilə dövlət qurumları qarşısında ictimai hesabatlılıq və ictimai iştirakçılığın təmin edilməsi öhdəliyi müəyyən edilir. Beləliklə, maraq qrupları üçün informasiya əlçatanlığı təmin edilməklə nəzarət üçün əlverişli imkan yaranır. Xüsusi ilə də mətbuat və vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar açıqlanan məlumatların təhlil edilməsində, qanunsuzluqların üzə çıxarılmasında  və ictimailəşdirilməsində mühüm rol oynayır.  
İnkişaf etmiş insan kapitalına və institutlara malik ölkələrdə ictimai maraqlar daha çox müzakirə və müdafiə predmetinə çevrilir. Yəni aşağıdan (vətəndaşdan) yuxarıya (hökumətə) dəyişiklik, şəffaflıq, hesabatlılıq tələbi yönəlir. İctimai reputasiyasını qorumaq məqsədi ilə hökumətlər xalqdan gələn tələbləri maksimum təmin etmək məcburiyyətində qalırlar. Nəticədə effektiv iştirakçılıq  mexanizmləri formalaşır. Bunlara icma və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti və hökumət, media və hökumət arasında formalaşan müzakirə platformalarını daxil etmək olar.
Yuxarıda qeyd edildiyi kimi, ictimai iştirakçılıq mexanizmlərinin formlaşmasında əsas maraqlı tərəf icmadır. Əgər vətəndaş qərarqəbuletmə və idarəetmədə iştirak etməkdə maraqlı deyilsə, proses effektiv nəticələnə bilməz. Bunun üçün icmanın ictimai iştirakçılıq haqqında nə düşündüyü önəmli faktordur. 
Göründüyü kimi, ictimai iştirakçılığın inkişaf etdirilməsində bütün tərəflərin maraqlı olması mühüm faktordur. Dünya ölkələrini ictimai iştirakçılığın zəif olmasına görə iki əsas qrupa ayırmaq olar: 
İnkişaf etməmiş ölkələr üzrə - bu halda zəif inkişaf səbəblərinə aşağıdakı amillər təsir göstərir:
Vətəndaş cəmiyyəti, media kimi vacib institutlarının lazımı səviyyədə inkişaf etməməsi, ictimai münasibətlərin zəif təşəkkül tapması, əhalinin təhsil və məlumatlılıq səviyyəsinin aşağı olması, inkişaf etmiş icma təcrübələri haqqında informasiya çatışmazlığı, inkişaf etmiş iştirakçılıq platformalarının olmaması,
İnkişaf etmiş ölkələr üzrə - ictimai iştirakçılığın aşağı səviyyəli olmasına təsir edən səbəblər:
Risk səviyyəsinin aşağı olması (yüksək səviyyəli şəffaflıq və antikorrupsiya tədbirlərinin effektivliyi); Təkmil seçki-qiymətləndirmə mexanizminin olması; Hakimiyyət bölgüsü və ayrı-aryı hakimiyyət qollarının müstəqilliyi; Parlamentin ictimai maraqları təmsil etmə performansının yüksək olması;
Göründüyü kimi, ictimai iştirakçılığın zəif inkişafına təsir edən amillərin fərqli olması şəffaflıq və səmərəlililiyin səviyyəsinə fərqli təsir edir. Hətta bəzi hallarda ziddiyyətlər ortaya çıxır. Məsələn seşki sisteminin inkişaf etməməsi ilə yanaşı bəzi hallarda yüksək səviyyədə inkişaf etməsi də iştirakçılığın aşağı səviyyədə olmasına səbəb olur.    Müasir dövrdə səmərəli ictimai iştirakçılıq mexanizmlərinin formalaşdırılması üçün aşağıdakı istiqamətdə fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir:
İctimai özgüvənin yaradılması; şəffaflığın təqdir edilməsi; institusional inkişafın təmin edilməsi; müvafiq hüquqi bazanın və iştirakçılıq mexanizmlərinin yaradılması; maarifləndirmə tədbirlərinin genişləndirilməsi; qərar qəbuletmədə ictimai fikrin əhəmiyyətinin  artırılması; müxtəlif dövlət proqramlarının icra edilməsi; ictimai stereotiplərə və normalara qarşı effektiv mübarizə;

 

Qlabal səviyyədə müqayisə aparıldıqda ictimai nəzarət mexanizmlərinin inkişaf etməsi və dövlət vəsaitlərinin idarə edirlməsilə effektivlik arasında ciddi korelyasiya görmək olur. Başqa sözlə medianın, vətəndaş cəmiyyətinin institusional inkişafı güclənməsi hökumətin hesabatlılığını artırmaqla onları daha effektiv fəaliyyətə sövq edir ki, bu isə cəmiyyəti ölkənin ümumi sosial-iqtisadi indikatorlarına pozitiv təsirləri ilə özü mükafatlandırır.

İqtisadçı ekspert Rəşad Həsənov