Düşmən ölkə yeni daxili qarşıdurmalarla çökür

6 Oktyabr 2018 09:00 (UTC+04:00)

Ermənistanda baş nazir Nikol Paşinyan müxalifətə qarşı yeni təzyiq siyasətinə başlayıb, qarşı tərəf də təşkilatlanaraq ona müqavimətini artırır. İşğalçı ölkədə erkən parlament seçkilərinin keçirilib-keçirilməməsi məsələsinin gündəmə gəlməsi fonunda tərəflər arasında gərginlik daha da artıb. Paşinyan və tərəfdarları bu seçkinin dekabr ayı ərzində keçirilməsində israrlıdır. Respublika Partiyasının üstünlük təşkil etdiyi parlament üzvləri isə ən yaxşı halda seçkinin gələn ilin may-iyun aylarında keçirilməsinə çalışır. 

Baş nazir yaranmış vəziyyətdə  parlamentin buraxılması tələbinin əleyhinə olan Respublika Partiyası ilə eyni mövqedən çıxış edən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarından olan nazirlərin ölkə prezidenti tərəfindən istefaya göndərilməsinə nail oldu. Həmçinin, özü həmin iki partiyanın təmsilçisi olan 6  qubernatoru işdən çıxarıb. Hadisələrin gedişi göstərir ki, Paşinyanla “Qarabağ klanı” arasında savaşın ikinci mərhələsinə start verilib. 
Birinci mərhələ indiki baş nazirin qələbəsilə başa çatdı. Paşinyan nəticədə hakimiyyətə yiyələndi. Həmin andan Paşinyan rəqiblərini tamamilə sıradan çıxarmaq, neytrallaşdırmaq üçün müxtəlif istiqamətlərdə addımlar atdı. Keçmiş prezident Robert Köçəryanı, Serj Sarkisyanın yaxın qohumlarını həbs etdi. Ancaq sonradan Moskvanın təzyiqilə Köçəryan və Kremlə bağlı olan digərləri azadlığa çıxdı. İndi isə bu iki qruplaşma arasında mübarizənin son mərhələsinə start verilib. Ona görə də, hər iki tərəf əllərində olan bütün vasitələrdən istifadə etməklə çalışır ki, bu qarşıdurmada ancaq öz maraqları təmin olunsun. 
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Ermənistanda daxili vəziyyətin daha kəskin xarakter almasına yol açan bütün proseslər yetişib: “Çin şüşədən çoxdan çıxıb. Ermənistanda hazırda cərəyan edən proseslərin istənilən halda ən kritik müstəviyə qədəm qoyması üçün zərurət və imkanlar mövcuddur. Problemin kökündə o dayanır ki, Paşinyan parlamentə nəzarət etmək imkanında deyil. Parlamentdə təmsil olunan sabiq və hərbi cinayətkar Sarkisyan xuntasının nümayəndələri isə nəticə etibarı ilə təslim olmaq niyyətində deyillər. Ona görə də sona qədər mübarizə aparmaq qərarına gəliblər. Çünki təslim olduqları təqdirdə, bu vəziyyət onların indiyə kimi törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmələrinə zəmin yarada bilər. Bu qüvvələr başa düşür ki, dekabrda parlament seçkilərinin keçirilməsi və Paşinyanın qanunverici orqanı da öz nəzarətinə alıb çoxluğun baş naziri olması ilə yaranmış vəziyyət köhnə klana qarşı ciddi korrupsiya ittihamlarının irəli sürülməsi, törətdikləri cinayətə görə məsuliyyətə cəlb olunmaları prosesi anında başlayacaq. Yəni, bunun üçün uzun müddət gözləmək lazım gəlməyəcək. Bu aspektdən də parlamentdəki partiyalar, o cümlədən cinayətkar hərbi xuntanın təmsilçisi olan Respublikaçılar Partiyası, Ermənistanda faşizmin ideoloji dəstəkçisi “Daşnaksütyun” və çirkli pulların yuyulmasında əsas missiyanı yerinə yetirən «Sarukyan» bloku tərəfindən Paşinyana qarşı müqavimət güclənir. İndiki şəraitdə Paşinyanın söykənməyə ancaq bir yeri var, o da kütlədir. Həmçinin İrəvan şəhər şurasına keçirilən seçkilərdə Paşinyan blokunun böyük səsə qazanması da ona revanş götürmək üçün şans yaradıb. Paşinyan düşünür ki, nə qədər səs çoxluğu və kütlənin simpatiyası onun yanındadır, istədiyi qərarları qəbul edə bilər. Amma nəzərə almaq lazımdır ki, Sarkisyan və Köçəryanın istər işğal olunmuş torpaqlarımızda yaradılan qondarma separatçı Dağlıq Qarabağda və istərsə də Ermənistan daxilində kifayət qədər hərbiləşdirilmiş qüvvələri var. Həmçinin, onlar ciddi kapitala da sahibdir. Məhz bu qüvvə və kapital da Paşinyanla qarşıdurmaya cəlb oluna bilər. İstənilən halda Ermənistanda hadisələrin inkişafından yaxşı heç nə gözləmirəm”.
Rüfət NADİROĞLU