Aqrar sektorun vacib, ancaq işləməyən mexanizmi

6 Oktyabr 2018 10:00 (UTC+04:00)

Azərbaycan iqtisadiyyatının aqrar sahəsində uzun müddətdən bəri özünü göstərən problemlərdən biri də sığorta məsələsi ilə bağlıdır. Edilən çağırışlara, təşəbbüslərə baxmayaraq, problemin həlli qeyri-qənaətbəxşdir. Halbuki, təbii kataklizmlər ildən-ilə artır. Planetimizdə baş verən iqlim dəyişiklikləri bu məsələdə katalizator rolunu oynayır. Atmosferdə baş verən proseslər kənd təsərrüfatı bitkilərinin müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur və bəzi hallarda məhsul tamamilə məhv olur. Bəs, ilboyu torpağa, sonra əkilən toxumlara qulluq etmək, kultivasiya çəkmək, becərmə işlərini görmək üçün xərclənən vəsait necə olsun?! Məhsul yoxdursa, gəlir də yoxdur, demək, istər kəndli-fermer olsun, istərsə də iri aqropark, mütləq müflisləşmə baş verir. Belə olan halda gələn il üçün vəsait tapmaq, yaxud kredit axtarmaq əlavə çətinliklər törədir. Hətta bəzən kreditlər vəziyyəti daha da dramatikləşdirir. Bu cür vəziyyətdən ən səmərəli çıxış yolu vaxtında torpağı, məhsulu və ya texnikanı sığortalamaqdır. Lakin yazdığımız kimi bu məsələ bizim aqrar sektorun böyük problemidir.

Bu sahədə maarifləndirmə, izahat işləri aparılsa da hələ ki, geniş şəkildə sığortaolunma fəaliyyəti yoxdur. Bir sıra ekspertlər bunu aqrar sektorda kiçik kəndli-fermer təsərrüfatlarının üstünlük təşkil etməsi ilə əlaqələndirirlər. Bu, bir tərəfdən həqiqəti əks etdirir və həqiqətən kiçik təsərrüfatlar sığorta işini məqbul saymırlar. Amma demək olmaz ki, bu, əsas səbəbdir. Görünür, kəndlini maraqlandırmaq üçün daha sərfəli üsulların tapılmasına ehtiyac var. Buna görə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək ola bilsin, bu işdə fayda qazanmağa kömək edər. Məsələn, Fransada Kənd Təsərrüfatı Risklərinin İdarə Edilməsi Milli Fondu (FNGRA) fəaliyyət göstərir. Fondun işi kənd təsərrüfatı sektorunda iqlim, sanitariya, fitosanitariya və ekoloji səbəbdən baş verən təhlükələrin idarəetmə sistemlərinin maliyyələşdirilməsində iştirak edir. Təbii fəlakətlər və hər hansı qəsdən törədilməyən səbəblərdən əkinçilik, heyvandarlıq sahələrinə dəymiş zərərlər, suvarma məsələləri və kommunal xərclər FNGRA-nın maliyyələşdirdiyi komponentlərə daxildir. Dövlət tərəfindən ayrılmış subsidiyalar da bu təşkilatın xətti ilə verilir. Amma bir iş var ki, FNGRA-nın hansı hallarda müdaxilə edəcəyi dövlətin müəyyənləşdirdiyi qaydalar üzrə həyata keçirilir. Fondun gəlirləri və xərcləri bir neçə hissəyə bölünür iqtisadi zərərlər üçün kompensasiya ödənilir. Bununla yanaşı, Avropa Komissiyası da təbii fəlakətlər, xəstəliklər nəticəsində baş vermiş zərərləri ödəmək üçün ümumi əsasnamə yaradıb. Bu əsasların kənd təsərrüfatı bölməsində qeyd edilir ki, yardımlar 3 bölmə üzrə aparılır: Yaşıl, Mavi və Kəhrəba. Hər istiqamət üzrə müvafiq qaydalar müəyyənləşdirilib və zərər baş verdikdə zərərdidə məhsulun dəyərinin azı 70 faizi məbləğində kompensasiya ödənilir.

Ancaq inkişaf etmiş ölkələrdə məsələnin əsas məğzi ondan ibarətdir ki, bu ölkələrdə sığorta sistemi güclü inkişaf etdiyindən sahibkarlar da bu işə ciddi yanaşırlar. Buna görə gözlənilən risqlərdən özlərini bəri başdan qoruya bilirlər.

Azərbaycanda iqtisadiyyatın əsas prioritetlərindən biri olan kənd təsərrüfatının inkişafı ailə təsərrüfatlarına bağlıdır. Kənd təsərrüfatı istehsalçılarının 97 faizi ailə təsərrüfatlarıdır. Son zamanlar bu sahədə müəyyən işlər görülüb: daşınar əmlakın girovluğuna dair qanunvericilik hazırlanıb, Kredit Zəmanət Fondu yaradılıb. Kooperativlərin yaradılması prosesinin sürətləndirilməsi üçün ”Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanun qəbul edilib və sair. Lakin mütəxəssislərin təhlilinə görə, bunların əksəriyyəti kağız üzərindədir, icra istiqamətində işlər çox ləng gedir. Məsələn, kənd təsərrüfatı kooperasiyalarının yaranması işi demək olar ki, getmir. Bu da ondan irəli gəlir ki, qanunvericilik kooperativlərdə məsuliyyət bölgüsünün icra mexanizmlərini tam əhatə edə bilmir. Ona görə də insanlar öz təsərrüfatlarını birləşdirmək istəmirlər. Kredit Zəmanət Fondu yalnız məbləği 30 min manatdan yuxarı olan kreditlərə zəmanət verilməsini nəzərdə tutur. Bu isə xırda təsərrüfatların zəmanətli kreditlərə çıxışını əngəlləyir, yaxud da təsərrüfatlar məcburən izafi borclanmaya getməlidilər.

Kənd təsərrüfatı dünyada ən riskli fəaliyyət sahələrindən biridir, təbii iqlim şəraitindən çox asılıdır. Buna görə də dünyada bu sahənin sığortalanması bilavasitə dövlət yardımı, dövlət təşviqi ilə həyata keçirilir. Yəni, maliyyəni yalnız sığorta ödənişlərindən formalaşdıran təşkilatlar bu mişin öhdəsindən gəlmək iqtidarında deyillər. Bəlkə də dövlətin dəstəyini görməyən təsərrüfatçılar sığortaya o qədər də inam bəsləmirlər. Üstəlik, kənd təsərrüfatı istehsalçılarının istehsal etdikləri məhsulların reallaşdırılmasında hələ də müəyyən problemləri var. Aqrar sektorun inkişafını əngəlləyən bu kimi problemlərin mümkün qədər tez aradan qaldırılması labüddür.

N.NOVRUZ