Azərbaycanla enerji əməkdaşlığına can atan Avropa ölkələrinin sayı artır

6 Oktyabr 2018 11:00 (UTC+04:00)

"Cənub Qaz Dəhlizi"nə qoşulmaq istəyən Avropa ölkələrinin sayı artır. Artıq Macarıstan da layihədə iştirakda maraqlı olduğunu diqqətə çatdırıb. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto P.Siyarto açıqlama verib.

Mütəxəssislərin fikrincə, Qərbdə "Cənub Qaz Dəhlizi"nə artan marağı şərtləndirən bir sıra səbəblər var. Bu, ilk növbədə həmin ölkələrin özlərinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və asılılığın azaldılmasından irəli gəlir. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir: "Bu dəhliz vasitəsilə “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qaz Xəzər dənizindən Avropaya nəql olunacaq. Layihə Azərbaycana təkcə iqtisadi yox, həm də ciddi siyasi dvidendlər verəcək.

Nəzərə alaq ki, bu gün Avropa da öz enerji təchizatı mənbələrini şaxələndirmək istiqamətində mümkün bütün variantlarıə gözdən keçirir.  Son illər dünya siyasətində baş verən hadisələr Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu göstərdi. Odur ki, Avropa bu asılılıqdan qurtarmaq üçün kardinal addımlar atmaq məcburiyyətindədir. Azərbaycan qazının Avropa bazarlarına çıxması ilə ölkəmizin Avropanın enerji təchizatındakı rolunun artması, Azərbaycanın Avropada  daha ciddi dividendlərə yiyələnməsi olacaq. Həmçinin qaz ixracı hesabına ölkəmizə axacaq valyuta iqtisadiyyatımızın real sektorunun daha sürətlə inkişaf etdirməyə imkan verəcək. Təbii ki, güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa məcburdur. İqtisadi qüdrətimiz artdıqca isə, həm Qarabağ probleminin həlli sürətlənəcək, həm də ölkə əhalisinin sosial durumu Avropa standartlarına yaxınlaşacaq”.

Ekspert əlavə etdi ki, “Cənub Qaz Dəhlizi” yalnız region dövlətləri üçün yox, həm də Avropa ölkələri üçün mühüm və strateji layihədir: “Əsrin ən mühüm enerji layihələrindən biri olan "Cənub Qaz Dəhlizi"nin reallaşması istiqamətində xeyli işlər görülüb. Buna səbəb həm də Avropa dövlətlərinin həmin layihənin əhəmiyyətini dərk etməsidir. Nəzərə alaq ki, 2000-ci illərin əvvəllərindən etibarən Azərbaycanın qazının Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülmüşdü. Amma onların  praktiki nəticəsi olmamışdı. Buna baxmayaraq, Azərbaycan bu sahədə də liderliyi öz üzərinə götürdü və "Cənub Qaz Dəhlizi"nin reallaşması ilə bağlı zəruri tədbirlər həyata keçirdi. Belə ki, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub Qaz Dəhlizi” ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçildi, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı, 2014-cü ildə “Cənub Qaz Dəhlizi” nin təməlqoyma mərasimi keçirildi.  Bundan başqa, “Cənub Qaz Dəhlizi" Məşrəvət şurasının toplantıları təşkil edildi. Nəhayət TANAP işə düşdü. Bütün bunlar Azərbaycanın sözügedən layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə bərabər, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür. Yəni, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət dünya dövlətləri tərəfindən qəbul edilir. Çünki Azərbaycan artıq inkişaf etmiş ölkələr sırasında öz layiqli yerinə sahib olub.

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycan bu layihə ilə həm də Avropaya inteqrasiya kursunu nümayiş etdirmiş oldu. Avropanın isə bütün bunları dəyərləndirməsi olduqca vacib amildir. Hansı ki, layihəyə qoşulmaq istəyən, ona dəstək verən dövlətlərin sayının artması buna əyani sübutdur”.

Mübariz BAYRAMOV