Bakı Şəhər İcra Hakimiyyətindən Rəsul Rza küçəsində aparılan söküntü ilə bağlı açıqlama

8 Oktyabr 2018 15:49 (UTC+04:00)

Paytaxtımız Bakı şəhəri günü-gündən gözəlləşir və müasirləşir. Ölkə başçısının sərəncam və göstərişlərinə əsasən şəhərin mərkəzində köhnə, istismar müddəti keçmiş, qəzalı vəziyyətdə olan yaşayış və digər təyinatlı tikililərin sökülməsi və burada yaşayan sakinlərə müvafiq kompensasiyaların ödənilməsi ilə köçürülməsi işləri davam etdirilir.

Bu işlərin davamı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Rəsul Rza küsəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır. Bu sinaqoq Dağ Yəhudiləri icması üzvlərinin xahişləri nəzərə alinaraq inşa olunmuş, ölkəmizdəki və xaricdəki Yəhudi icmalarının böyük minnətdarlığı ilə qarşılanmışdır.

Hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir. Onlardan biri qəzalı vəziyyətdə olan 2 otaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılmış, onlara movcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansanblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbəd tikilməsi nəzərdə tutulub.