Deputat: "Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə Frankofoniya sammitinin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir"

8 Oktyabr 2018 16:04 (UTC+04:00)

"Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə Frankofoniya (Fransızdilli Ölkələrin Beynəlxalq Əməkdaşlıq Təşkilatı) sammitinin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir".

Movqe.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib ki, Beynəlxalq Frankofoniya sammiti 17- ci dəfədir təşkil olunur: "Bu beynəlxalq tədbir bir növ fransız dili və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir. Ancaq Ermənistan monoetnik dövlətdir və bir nəfər də olsun fransız burada daimi yaşamır. Ümumiyyətlə, Ermənistanda başqa xalqlar demək olar ki, yaşamır. Bunun səbəbi isə ermənilərin başqa xalqlara olan nifrəti və aqressiyasıdır. Ermənistanda yaşayan azərbaycanlıların sonuncu dalğası 1988-ci ildə bu ölkədən faşistcəsinə çıxarıldı. Halbuki həmin torpaqlarda yaşamaq hüququ ilk növbədə bu yerlərin aborigenləri olan azərbaycanlılara məxsus idi".

Deputat bildirib ki, Ermənistan adlı süni dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb:

"İndi isə 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə İrəvanda Frankofoniya sammiti keçirilir. Nə qədər təzadlıdır ki, 17-ci sammitin çağırışı da regionda birgəyaşayış, humanist dəyərlər və müxtəlifliyin qorunması kimi müəyyənləşdirilib. Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə belə tədbirin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir. Ancaq məsələnin siyasi tərəfi də var. Ermənistan fransız dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən də siyasi dividend əldə etmək istəyir. Uzun illərdən bəri dünyaya özlərini fransız mədəniyyətinə ən yaxın xalqlardan biri kimi təqdim etməyə çalışan ermənilər olmayan bir məsələni fransız-erməni tarixi əlaqələri kimi təqdim edirlər. Əslində isə faransızlarla ermənilərin dostluğunun tarixi Osmanlıya qarşı düşmənçilik və ermənilərin təbəələri olduğu Osmanlıya xəyanəti ilə başlayır. Hazırda isə bu, həm də Rusiyaya qarşı verilən bir siyasi ismarıcdır və Ermənistanın qərbyönümlü siyasət yürüdəcəyinə işarədir".

H.Babaoğlu vurğulayıb ki, lakin belə ucuz şoularla erməni faşizimini gizlətmək mümkün deyil: "Ermənistan işğalçıdır, azərbaycanlılara qarşı soyqırımı törədib və buna görə cavab verəcək".