İrəvanın əsl üzünü görən Moskva Qarabağ münaqişəsinə yanaşmanı dəyişir

9 Oktyabr 2018 07:00 (UTC+04:00)

Məlumdur ki, Nikol Paşinyan hakimiyyətindən sonra Rusiya-Ermənistan münasibətlərində ciddi soyuqluq yaranıb. Əvəzində isə Rusiya-Azərbaycan münasibətləri daha da yaxınlaşır. Bir sıra analitiklərin fikrincə, proseslər Qarabağ münaqişəsinin gedişatına təsir edəcək qədər dərinləşə bilər.  

Politoloq Vüqar Qədirov bildirir ki, son zamanlar bölgədə yeni vəziyyət yaranıb: “Amma bu məsələdə o qədər də optimist düşünmək olmaz. Rusiyanın bölgədə strateji maraqları var. Strateji maraqlarının təmin olunmasında birbaşa istifadə etdiyi dövlət Ermənistandır. Ermənistanın dövlət təhlükəsizliyinin qorunması ilə bağlı ikitərəfli hərbi müqavilələri var. Rusiya Ermənistan vasitəsi ilə yalnız Qarabağ məsələsini deyil, həmçinin Türkiyə və İranı da nəzarətdə saxlayır”.
Politoloq əlavə etdi ki, Rusiyanın son zamanlar Azərbaycana qarşı nümayiş etdirdiyi münasibəti ölkəmizin apardığı uğurlu, mehriban qonşuluq siyasətinin nəticəsi kimi qəbul etmək olar: “Lakin buna baxmayaraq, Rusiya Ermənistanı buraxmaq fikrində deyil. Sadəcə, Nikol Paşinyanı cəzalandırmaq fikrindədir. Artıq  Rusiyanın təhdidi nəticəsini verməkdədir. Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş N. Paşinyan Rusiya vasitəsi ilə Suriyaya Ermənistanı sülhməramlı qoşunlarının göndərilməsinə razılıq verib. Bu, onu deməyə əsas verir ki, Rusiya N. Paşinyanı “sındırıb”. Bu baxımdan ümid edərdik ki, Rusiya Qarabağ məsələsində də ədalətli olsun. 
Düzdür, bizim gözləntimiz cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Dağlıq Qarabağ probleminin həllidir. Ancaq nəzərə alaq ki, Azərbaycan regionda Rusiyanın ən böyük qonşusudur. Azərbaycanın qarşısına qoyduğu hədəf Rusiyanın bu məsələdə neytrallığını təmin etməkdir. Bu istiqamətdə lazım olan işləri yetərincə həyata keçirə bilmişik. Azərbaycan tərəfindən bütün addımlar atılır”.
Vüqar Qədirov qeyd etdi ki, dekabr ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək: “Bu da proseslərə təsir edən amildir. Bütün bunlara baxmayaraq, Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan əvvəlki kimi təxribatlara əl ata bilmir. Bu gün Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyanın Rusiyaya bu qədər yaxınlaşması da o qorxunu öz daxilində hiss etməsindən irəli gəlir. Məsuliyyətsiz Paşinyan tez-tez bəyanatlarını dəyişir. Bu da onun qeyri-ciddi siyasətçi olduğunu göstərir. Həmçinin Rusiya da Ermənistana göstərdi ki, strateji hədəflərdən kənara çıxa bilməzsən. 
Onun da şahidi olduq ki, Ermənistan Rusiya zəifləyən kimi onu arxadan vurmağa hazır olan dövlətdir. Rusiyanın forpostu olan Ermənistan hər an ABŞ və Avropanın forpostuna çevrilə bilər. Amma Rusiya onu dərk etdi ki, Azərbaycan mehriban qonşu, müsbət tərəfdaş, iqtisadi, siyasi, hərbi potensialı yüksək olan dövlətdir. Yəni, Azərbaycan uğurlu xarici siyasət aparır. Sadəcə, Rusiyanın Qarabağ məsələsində ədalətli mövqeyini gözləyirik”.
Digər analitik Ehtiram Aşırlı bildirdi ki, ikitərəfli əlaqələrin regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilməsi iki ölkə arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir: “IX Azərbaycan-Rusiya Regionlararası Forumu da əməkdaşlığın inkişafı baxımdan yeni perspektivlər və imkanlar vəd edir. Bununla yanaşı, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir. 
Hazırda Rusiya ilə siyasi-iqtisadi və hərbi-texniki əlaqələr yükəsək səviyyədədir. Bu baxımdan Rusiya  Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı görünür. Çünki, Ermənistan baş nazirinin Minsk qrupu formatında aparılan "Madrid prinsiplərini" qəbul etməməsi, Rusiyanın da geosiyasi maraqlarına cavab vermir. Həmçinin Paşinyanın Moskvanın əleyhinə siyasi qərarları, V.Putini qəzəbləndirən amillərdən biridir. Rusiyanın dövlət başçısı Ermənistanda baş verən siyasi proseslərdən ciddi narahatdır. Çalışır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu öz həllini tapsın. Rusiya bu məsələnin həllində  Ermənistana təyziqlər göstərə bilər”.
Mübariz BAYRAMOV