Baş nazirin zorən diktatorluğu onu iflasa aparır

9 Oktyabr 2018 09:44 (UTC+04:00)

Bu ilin əvvəlində baş vermiş erməni inqilabı zamanı Nikol Paşinyanla birgə olanlar onu indi diktatora çevrilməkdə ittiham edərək bu şəxsdən üz döndərmyə başlayıblar. Söhbət baş nazirin konstitusiyanı nəzərə almadan kefi istəyən kimi hərəkət etməsindən gedir. Oktyabrın 7-də Nikol Paşinyan Eçmiədzindəki çıxışında deyib ki, Ermənistanda heç kim diktator rejimi qura bilməz, işdir, bu, kiminsə könlünə düşsə, o, təkcə tarixin zibilliyində yox, həm də “Sanitek”in (İrəvanda sanitar təmizlik və zibilin daşınması ilə məşğul olan ASC) zibil qutularına düşəcək. Baş nazir bu çıxışı ilə onu diktatorluqda günahlandıranlara cavab vermək istəyib. Bu haqda News.am saytı məlumat verib və bildirib ki, amma digər çıxışları kimi onun bu çıxışı da dərhal müxalifətçilər tərəfindən cavablandırılıb. Ermənistan Respublika Partiyası sədrinin müavini, deputat Armen Aşotyan bu barədə deyib: “Bu sözlərdə, əlbəttə, artıq nə isə bir tərəqqi var, belə ki, onun partiyadaşlarından bəziləri bu vaxtadək  zibil yeşiyi ilə nəinki potensial diktatorları, həm də başqa cür düşünüb hüquq mübarizəsi aparanları hədələyirdilər. Halbuki, diktaturanın qarşısının alınması və demokratiyanın qorunması üçün zibil qutusundan daha güclü zəmanət var. Bu, zəmanət konstitusiyadır. Dövlət xadiminə uyğun siyasi iradə göstərib siyasi fikir və dialoqun müxtəlifliyi müstəvisinə qayıdın, konstitusiyaya hörmət edin, onda Ermənistanda heç bir diktatura olmayacaq”.  

Həmin saytın müxbiri ilə söhbətində parlamentin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şahnazaryan da Paşinyanı tənqid edərək, onun pensiyaların artımı barədə xalqa verdiyi vədi demaqoqluq və populizm adlandırıb: “Onun əvvəl dediyi və indi gördüyü işlər tamamilə müxtəlif məsələlərdir”. Respublikaçı deputat ölkədəki vəziyyəti Rusiyada 1993-cü ildə baş verənlərə bənzədib. Həmin vaxt Moskva küçələrində atəş səsləri ilə müşayiət olunan vətəndaş qarşıdurması yaranmışdı. Yeri gəlmişkən, 2019-cu ildə Ermənistan büdcəsində 4,9% artım planlaşdırılıb, amma 2017-ci ildə bu rəqəm 7% idi. Üstəlik, büdcədə pensiyaların artırılması nəzərdə tutulmayıb. Bu hal yeni hökuməti boşboğazlıqda ittiham etmək üçün müxalifətə ciddi imkan verib.
Erməni politoloq Sarqis Arsruni yazır ki, hökumətin iş planı yoxdur. Ötən 5 ay ərzində daim düşmən obrazının yaradılması və sanki islahatların aparılması üçün qəhrəmancasına ona qalib gəlmək şousu yaradılmasının da izahı yoxdur.  Onun fikrincə, Robert Koçaryanı məhz bu hökumət siyasi faktora çevirib. Bu “düşməni” cəmiyyət yaratmayıb, buna görə də onun mövcudluğu ilə cəmiyyəti qorxutmaq artıq işdir: “Onun çoxsaylı cinayətlərini hüquqi əsasda əsaslandırıb elə dərinlikdə gizlədin ki, cəmiyyət Manvel Qriqoryanı unutduğu kimi ikinci prezidenti də unutsun. İslahatlar yoxdursa – investisiya da yoxdur, həmçinin vəd edilmiş repatriasiya da”. 
Lakin məsələ də bundadır ki, indi ölkədəki hərc-mərclik Paşinyanın əl-qolunu bağlayır və o, işləri yoluna qoymaq üçün keçmiş cinayətkarları ifşa eləməklə məşğuldur. Halbuki, işğal siyasəti beyninə vətənpərvərlik aktı şəklində yeridilmiş xalq özü bütövlükdə cinayətkar şüura yoluxdurulub. Buna görə də cinayətkarlığa qarşı mübarizə adı altında aparılan siyasət ona təsir etmir. Bu səbəbdən yeni hökumətin işində ikililik hökm sürür. Bu da öz növbəsində hakimiyyətdən gedənlərin əllərinə yeni fürsət verir. 
Təsadüfi deyil ki, inqilabın əvvəlində Nikolu dəstəkləyən milyarder Sarukyan və daşnaklar qrupu indi onun əleyhinə çıxırlar. Bəlkə də bu qüvvələr məhz Paşinyan vasitəsilə köhnələr üzərində qələbə çalıb sonradan hakimiyyəti ələ keçirmək planını öncədən qururmuşlar. Fakt budur ki, Paşinyan indi təkdir. Düzdür, onu hakimiyyətə gətirən qüvvə - Qərb onu axıracan müdafiə edəcək. Amma Rusiya faktoru ilə müqayisədə Qərbin Ermənistanda işlək müxanizmi güclü deyil. Buna görə də indi yeni hökumətin taleyi qəbul edəcəyi qərarlardan çox asılıdır. 
Paşinyan hansı qərarları və necə qəbul edəcək, bu, onun öz işidir. Amma siyasət diktə edir ki, indilikdə Rusiyanın mənafeyini nəzərdən qaçırmamaq şərti ilə regionun lideri Azərbaycanla münasibətləri yoluna qoymaq onun üçün ən yaxşı çıxış yoludur. Türkiyə-Rusiya münasibətləri bu işdə ən gözəl nümunədir. Təbii ki, Paşinyan özündə ağıl və güc tapıb bu nümunədən istifadə etməyi bacarsa, parlamenti də ələ alıb hakimiyyətini möhkəmləndirə bilər.
N.NOVRUZ