Avropada miqrantların «qara günləri»

9 Oktyabr 2018 11:00 (UTC+04:00)

Avropada miqrantlara münasibət yenidən pisləşib. Ümumiyyətlə, Avropa ölkələri miqantlara qarşı getdikcə sərt mövqe sərgiləyirlər. Siyasilərin fikrincə, bunun  səbəbi  Avropada humanitar dəyərlərin məhv olmasıdır. Avropa üzdə humanist görünsə də, reallıqda qeyri-avropalılar üçün heç zaman elə olmayıb. Bunu Almaniyanın Deqqendorf şəhərində Azərbaycandan olan miqrantların keçirdikləri  etiraz aksiyasında səslənən fikirlərdən də görmək olar. Burada səslənən fikirlərdən bəlli olur ki, miqrantlara heç də xoş münasibət bəslənmir. Məsələn, azərbaycanlılar da daxil olmaqla əksər mühacirləri narahat edən məsələlərdən biri  ağır xəstəlikləri olan şəxslərin, hətta azyaşlıların həkim rəyi olmasına baxmayaraq düşərgədə, xəstələrə uyğun olmayan şəraitdə məskunlaşdırılmalarıdır. Almaniyada nəinki müalicə, hətta müayinə prosesləri zamanı mühacirlərə ikili standartla tətbiq olunur. O da məlum olur ki, Ostehofen və Deqqendorf düşərgələrində mühacirlərə verilən qida təminatında da problemlər var. Axşamlar verilən qidanın yetərsiz olması  və bir çox hallarda istifadə müddəti başa çatmış qidanın verilməsi müşahidə olunur.  Digər ölkələrdən, xüsusən də müsəlman dövltələrindən gələn mühacirlər getdikcə daha çox problemlə üzləşirlər və bu hal bütün Avropa boyu özüün göstərməyə başlayır. 

Politoloq Azər Həsrət bildirir ki, Avropa Birliyinə daxil olan ölkələrdə başqa millətlərə qarşı dözümsüzlük zirvəyə çatıb: “Artıq Avropa qeyri-avropalılar üçün təhlükəsiz deyil. Miqrantların hətta küçədə belə öldürülmə ehtimalı yüksəkdir. Avropalıların zaman-zaman kütləvi şəkildə küçələrdə müsəlmanlara, türklərə qarşı şüarlar səsləndirdiklərini müşahidə edirik. Hətta müsəlmanların ibadət yerlərinə hücumlar edilir. İsveç, Norveç, Danimarka, Almaniya, Hollandiya kimi dünyanın ən sakit ölkələrində donuz başını kəsib məscidlərin qarşısına atırlar. Yəni, zaman-zaman “mədəni” Avropa özünü bu cür təqdim edir. Bu da ondan qaynaqlanır ki, onlar nə qədər iqtisadi inkişafa nail olsalar da, mənəvi cəhətdən aşınmaya məruz qalırlar. Faktiki olaraq, demokrafik problemlərlə üz-üzədirlər. Həmin problemləri həll etmək üçün səbəb axtarırlar. Səbəbi də müsəlmanlarda görürlər. Buna görə də daim müsəlmanlara təzyiqlər göstərirlər. Bu, onların öz problemidir. 
Avropada baş verən pis hadisənin səbəbkarı heç də müsəlmanlar deyil. Sadəcə, avropalıların özlərini idarə edə bilməməsinin nəticəsidir. Bu problemi də həll edə bilmədiklərinə görə, küçəyə çıxıb “rədd olsun müsəlman” qışqırırlar. Bu da 1930-cu illərdə hitlerçilərin küçələrə çıxıb “rədd olsun, yəhudilər” şüarlarını xatırladır. Məhz həmin şüarların ardından İkinci Dünya Müharibəsi başladı. Görünür ki, Avropa müsəlmanara qarşı belə addım atmaq üçün baza hazırlayır. Dünya ictimaiyyəti bunun qarşısını almalıdır”.
“İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov bildirdi ki, dünyada təxminən 230 milyondan artıq əməkçi miqrant var: “Onlar ailələrini dolandırmaq üçün bir çox hallarda xaricdə öz ölkələrində yerinə yetirmədikləri işlərə belə gedirlər. Onların əksəriyyəti isə məhz inkişaf etmiş Avropa ölkələrinə üz tuturlar. Bu ölkələrdə artıq müəyyən standartlar fomalaşıb. Belə ki, Avropa insan hüquqlarının müdafiəsində hamıdan çox danışır. Hətta insan hüquq və azadlığının pozulmasına görə dövlətləri  ittiham edirlər. Bu halda isə insanlarda belə düşüncə formalaşır ki, həmin ölkələrdə bu sferada vəziyyət yüksək səviyyədədir. Ancaq reallıqda tamamilə fərqlidir. Məsələn, miqrantlar ilk növbədə özlərinə münasibətdə ksenofobiyanın şahidi olurlar. Bununla da təzyiqlərlə məruz qalırlar. Bundan başqa, Avropada islamofobiya daim özünü büruzə verib”. 
Şahin Camalov əlavə etdi ki, Avropada miqrantlara qarşı yuxarıdan aşağıya münasibət, onları yerli əhalinin görmədikləri işlərə cəlb edilməsi prosesi geniş yayılıb: “Həmçinin miqrantların hüquqlarının müdafiəsi məsələsində də fərqli vəziyyətdir. Miqrant hətta şikayət etmək üçün ünvan belə tapa bilmir. Sanki, söhbət ikinci növ insanlardan gedir. Halbuki, Avropa ölkələrində insan haqları ilə bağlı qəbul etdikləri sənədlərdə hər şey qaydasındadır. Sənədlərə əsasən, hər kəs qanun qarşısında bərabərdir, ancaq reallıqda belə deyil. Təəssüf ki, zaman-zaman azərbaycanlılara münasibətdə də bunu müşahidə edirik. Avropa bununla da miqrantları siyasi təzyiq üçün bir alətə çevrir. Yəni, bu və ya digər dövlət hər hansısa dövlətə təzyiq göstərmək istəyirsə, həmin dövlətdən gəlmiş miqrantı hədəf seçir”. 

Mübariz BAYRAMOV