Erməni qadınlarının sülh təşəbbüsü işğalın astar üzüdür

9 Oktyabr 2018 10:23 (UTC+04:00)

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadınların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi sülh prosesinə zərbə sayılır. Belə vəziiyyətdə həyat yoldaşının baş nazir Nikol  Paşinyanın əleyhinə getməsi müşahidə ounur. Çünki Paşinyan iddi edir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. İndi politoloqlar üçün gündəmdə duran məsələ odur ki, müəyyənləşdirsinlər görsünlər Paşinyan həqiqətən arvadı ilə barışmır, yoxsa, onun vasitəsilə oyun oynayır.

Erməni və rus qadınlarının Azərbaycan ərazisinə qanunsuz səfəri əslində işğal faktının qanuniləşdirilməsi işinə xidmət edir. İndi əsas məsələlərdən biri odur ki, bu Paşinyan və ümumiyyətlə, erməni tərəfi və sülhdn danışanlar “sülh” deyəndə nəyi nəzərdə tuturlar. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, yoxsa Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin “danışıqlar” yolu ilə ermənilərə təqdim edilməsini. Belə baxanda, biz işğaldan və torpaqlarımızın azadlığından ona görə danışırıq ki, ermənilər müharibə yolu ilə bizim torpaqları zor tətbiq edib, tutublar. Faktiki olaraq, biz öz halal ərazimizin 20 faizindən məhrum olmuşuq. Məqsədimiz də bu torpaqlardan Ermənistan silahlı qüvvələrini qovub ərazi bütövlüyümüzü təmin etməkdir. Amma bu ermənilər deyəsən, özlərini “başbilən” sayırlar. Sülh deyə-deyə Dağlıq Qarabağ torpağını erməni torpağı saymaqda davam edir və sülhü də Azərbaycanın bu ərazini onlara verməkdə görürlər. Əslində, Annanın rus qadınlarının məsələnin mahiyyətindən xəbərsiz hissəsini başına yığıb Qarabağa səfər etməsi də bu məqsədə xidmət edir. O, ruslarda belə təsəvvür formalaşdırmağa çalışır ki, guya ötən əsrin sonlarında azərbaycanlılar Qarabağa hücum edib və ermənilər yaşayan, onlara məxsus ərazini zəbt edib. Ancaq, əri kimi siyasətdən baş çıxarmayan bu qadın unudur ki, Qarabağ, o cümlədən Qarabağın dağlıq hissəsi də daxil olmaqla Azərbaycanın ərazisi beynəlxalq qanunlarla çoxdan təsbit olunub və Ermənistan qoşunlarının Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etmələri barədə yenə də çoxsaylı beynəlxalq təşkilatların qərarları, qətnamələri mövcuddur.
Təsadüfi deyil ki, Azərbaycanın  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,  Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə görə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın və Rusiyadan olan bir qrup qadının adları Azərbaycanın “arzulounmaz şəxslər” siyahısına salınacaq: “Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilən mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər”. Qeyd edək ki, Paşinyanlar ailəsinin oğul övladı valideynlərinin arzusu ilə Azərbaycanın işğal edilmiş ərazisinə hərbi xidmətə göndərilib.
Rusiya qadınlarının Dağlıq Qarabağa səfəri ilə əlaqədar Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması da bəyanat yayıb: “Ermənistan-Azərbaycan Sülh Platforması tərəfləri sülh təşəbbüslərinin nüfuzuna zərbə vuran hərəkətlərdən çəkinməyə çağırır. Biz həmçinin xanım Anna Akopyanı və Ermənistanın vətəndaş cəmiyyətini iki ölkənin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınan sərhədlərinə və suverenliyinə uyğun olan, Ermənistan və Azərbaycan arasında surətli və ədalətli sülhün təmin olunmasına yönələn səylərimizə qoşulmaqlarına çağırırıq!”
Verilən bəyanatlar sübut edir ki, Paşinyanın arvadı tərəfindən aparılan siyasət sülh oyunundan başqa bir şey deyil. Görünür, Nikol bu yolla vaxt udmaq və ictimaiyyəti aldatmaq fikrindədir. Amma, bu, onun naşılığından irəli gələn növbəti səhvidir. Müdrik kişilər deyib ki, “ağıllı şəxs odur ki, qarşısındakını özündən ağıllı sayır”. Belə primitiv üsullarla “gözə kül üfürmək” əslində elə uduzmaqdır. Ermənistan Qarabağı kimlərinsə vasitəsilə işğal etsə də, işdə çoxdan uduzub. Həm də tək Qarabağı yox, özünün dövlətçiliyini də.
N.NOVRUZ