Avro-SWIFT sistemi dollar üçün növbəti zərbəyə çevrilir

10 Oktyabr 2018 07:00 (UTC+04:00)

Xarici ticarətdə dollardan imtina məsələsi get-gedə daha çox aktuallaşır. Artıq ABŞ-ın ən yaxın müttəfiqi Avropa Birliyinin (AB) belə bu istiqamətdə açıqlamaları var. 

Bu arada Rusiyanın maliyyə naziri Anton Siluanov mətbuata açıqlamasında bildirib ki, Avropanın neft məhsulları və müxtəlif mallar üçün ödənişlər də daxil olmaqla, öz avro-SWIFT sistemini quracağı ilə bağlı inkişafları yaxından izləyirik: “Biz də belə bir təşəbbüsdə iştirak etməyə hazırıq». Nazir Avropanın Rusiya ilə ticarətdə dollardan imtina etmək istədiyini bildirib.
 Ekspertlərin də fikrincə, hazırda qlobal ticarətdə dollardan imtina bir qədər çətindir, amma mümkünsüz də deyil. Avro-SWIFT sisteminin yaradılması isə ABŞ-ın dollardan təzyiq vasitəsi kimi istifadə imkanlarını sona çatdıra bilər.  İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, keçən əsrdən etibarən dollar beynəlxalq valyuta kimi qəbul edilib: “Amma artıq dünya ölkələrinin xarici ticarəti milli valyuta ilə həyata keçirmək istəyi zərurətdən yaranıb. Belə ki, ABŞ-ın dolların mövqeyindən yaralanaraq, bir sıra ölkələrə təzyiq vasitəsi kimi istifadə etməsi digər ölkələrdə buna qarşı əks reaksiyalar yaradıb. 
Bir sıra dövlətlər ABŞ-ın bu mövqeyinə qarşı tədbir görməyə başlayıblar. Onlar bir-biriləri ilə ticarət zamanı öz milli valyutalarından istifadə etməyə üstünlük verirlər. Amma hazırda qlobal maliyyə sistemində ABŞ daha öndə durur. Bu da onun bank sisteminə görədir. Digər sahələrdə qloballaşma tam sona çatmasa da, hazırda dünyada maliyyə sistemi qloballaşma baxımından sona çatıb. SWIFT sisteminə də nəzarəti məhz ABŞ həyata keçirir. AB isə uzun zamandır bu istiqamətdə işlər aparırdı. Xüsusən də son zamanlar ABŞ digər ölkələrə təzyiq etməklə sırf öz maraqlarını güddüyəndən AB iqtisadi maraqlarını qorunması üçün belə bir məsələni gündəmə gətirib. Onlar artıq valyuta məsələsində müstəqil siyasət yürütməyə başlayıblar. Yəni, avro-SWIFT-nin formalaşmasına cəhd edirlər. Buna da Çin, Rusiya, Türkiyə, İran kimi dövlətlər dəstək verməkdədilər. Bu, dünya maliyyə sistemində vahid qloballaşma yox, qütblü qloballaşmanın formalşmasına gətirib çıxaracaq”. 
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, ölkələr arasında milli valyutlar ilə qarşılıq ticarət məsələsi uzun müddətdir gündəmdədir: “Amma hazırda dünyanın dollara bağlı mövcud sistemi daha sərfəlidir. Çünki hər bir dövlətin öz valyutası ilə əməliyyat aparması problemlər yaradacaq. Bir valyutaya bağlı olmaq qlobal iqtisadiyyatdakı transferlərin, şirkətlərin konvertasiya xərclərini artıracaq. Məsələn, bir şirkət 10 ölkədən məhsul alır, 5 ölkəyə məhsul satır. Bu zaman bir ölkənin valyutasının digər bir ölkənin valyutasına konvertasiya etmək məcburiyyətində qalır. Bu konvertasiyalar da şirkətlər üçün əlavə xərclər yaradır. O baxımdan bir valyutaya bağlı olanda şirkətlərin məzənnə fərqindən yaranan itkilərinin qarşısı alınır. Elə Avropanın vahid valyutaya keçməsinin əsas səbəblərindən biri də bu olaraq göstərilirdi. Avropa İttifaqına daxil olan ölkələrin valyutaları arasında bütün kurs fərqləri ortadan qalxacağı üçün şirkətlərə daha müsbət təsir edəcəyi gözlənilirdi. 
Hazırda Avropa Birliyinin qurduğu bu mexanizm işləyir və qarşılıqlı ticarətdə müsbət nəticələr verib. İndi isə dünya yeni tendensiyaya keçməyə çalışır. Amma Rusiya kimi dövlətin dollardan imtinası asan məsələ deyil. Eyni zamanda Rusiyanın dollardan imtinası özü üçün faydalı olmaz. Rusiya əsasən neft və qaz satır ki, bunları da dollarla həyata keçirir. İdxalı da həmin valyutaya ilə ödəyir. Rusiya fərqli valyutaya keçərsə, onlar arasındakı məzənnə fərqindən heç nə qazana bilməz. Ən azından Rusiya kimi dövlətlər üçün bu sərfəli deyil. Odur ki, hazırkı durumda dolların imkanlarının məhdudlaşdırılması çətindir. 
Hazırda dünyanın ən güclü dövlətləri vəsaitlərini ABŞ-ın istiqrazlarında dollarla saxlayırlar. Bu məqamdan geridönüş bir qədər çətin görünür. Sadəcə, son zamanlar ABŞ və dollarla bağlı tərəddüd yaranıb. Hazırda ABŞ-ın 20 trilyon dollar borcu var. Bu da dollar üzərində bir təhlükə yaradır. Amma qlobal iqtisadiyyatda dolların gücü qalmaqdadır”.
Mübariz BAYRAMOV