Ailədaxili qətllərin artması ciddi narahatlıq predmetiən çevrilir

10 Oktyabr 2018 08:00 (UTC+04:00)

Kriminal hadisələrin təhlili göstərir ki, ailə-məişət zəminində qətllərin sayı getdikcə artır. Mütəxəssislər isə bunu müxtəlif amillərlə izah etməyə çalışırlar.  Sosioloq Asif Ozan bildirir ki, Qərbdən fərqli olaraq, Şərq dünyasında ənənəvi, klassik ailə modeli var: “Bu modeli Qərbin ailə modelindən fərqləndirən əsas cəhət odur ki, Şərq ailəsində təbii iyerarxiya mövcuddur. İyerarxiya ondan ibarətdir ki, ailənin başında ata dayanır. Bu iyerarxiya atadan başlayaraq ailənin kiçik övladına qədər davam edir. Əgər həmin iyerarxiyada bir pillə yerini dəyişirsə, ailədə münaqişəli vəziyyət yaranır. Çünki, ailə üzvü pozulmuş hüququnu bərpa etməyə çalışır. Bu, Azərbayan xalqını illərin sınağından çıxardıb günümüzə çatdıran sosial modeldir. Bu model o qədər mükəmməldir ki, Qərb mütəfəkkirləri Şərq dövlətlərinin təməlinin güclü olmasını bu ailə modelində axtarırlar. Onların fikrincə, Şərqin ailə modeli cəmiyyətdəki siyasi modelin kiçik bir rüşeymidir”.

Sosioloq qeyd etdi ki, ailə daxilində yaranan münaqişənin təməlində iyerarxiyanın pozulması dayanır: “Bunun da pozulmasını şərtləndirən bir sıra faktorlar var. Bu gün ölkəmizdə bu amillər sırasında ilk yerdə iqtisadi faktor dayanır. Ənənəvi ailə modelimizə görə, evin böyüyü ata hesab edildiyindən, ailənin təsərrüfat ehtiyaclarını ata ödəyir. Amma hazırda bəzən atalar bu missiyanı yerinə yetirə bilmirlər. Yaranmış bu sosial-mənəvi boşluğu doldurmaq üçün dövlət müvafiq proqramlar qəbul etməlidir. Klassik ailə modelinin qorunması ailə daxilində kriminal hadisələrin qarşısını alır”. 
Psixoloq Gülnar Orucova əvvəlki illərə nisbətən cəmiyyətdə kriminal hadisələrin artdığını təsdiqləyir: “Bu da insanlarda aqressiyasının artması ilə əlaqədardır. Aqressiya insanlarda müxtəlif cür təzahür edir. Xüsuslə stressə davamsızlıq aqressiyanı gücləndirir. Həmçinin internet şəbəkəsinin sürətli inkişafı insanlara təsir edən amildir. Kriminal hadisə eyni zamanda insanın həyatındakı boşluqdan qaynaqlanır. Bunun üçün insanın gündəlik planı olmalıdır. Burada içki amili də müəyyən rol oynayır”.Psixoloqun fikrincə, aqressiyadan uzaqlaşmaq üçün neqativ düşüncələrdən xəbərlərdən, təkrarlanan düşüncələrdən qaçmalıyıq: “Stressə davam etdikcə,  cinayətə getmiş oluruq. Hadisələrə pis bucaqlardan yanaşmamalıyıq. Ümumiyyətlə, əksər adamların aqressiyanı icra etmək kimi istəkləri olur. Bəzən hətta insan aqressiyanı sözlərlə bildirməklə kifayətlənmir, kimisə vurmaq, nəyisə sındırmaq istəyir. Bu istəklər də bəzən o hətta çatır ki, insan öz qəzəbini cilovlaya bilmir və cinayətə əl atır”.
Gülnar Orucova əlavə etdi ki, neqativ hadisələrin baş verməməsi üçün ailə qarşılıqlı hörmət və sevgi üzərində qurulmalıdır: “Erkən evlilikdən qarşılıqlı hörmət gözləmək olmaz. Onlar onu tam dərk edə bilmirlər. Hər bir ailənin üç illik böhran dövrü var. Əgər tərəflər yetkinlik yaşına çatıblarsa, həmin dövrü keçə bilirlər. Ailə elə bir dövrdə qurulmalıdır ki, hər iki gənc özü sərbəst şəkildə qərar verə bilsin. Əgər qarşılıqlı sevgi və hörmət varsa, o ailədə cinayət hadisəsindən söhbət gedə bilməz. Ailələrdə bu problemin olmaması üçün həmçinin valideynlər gənclərin işinə qarışmamalıdırlar”.
Mübariz BAYRAMOV