Yeni binaların bitməyən köhnə problemi

10 Oktyabr 2018 09:00 (UTC+04:00)

Bir çox yeni tikililərlə bağlı hələ də əsas problemlərdən biri sakinlərin evlərinə dövlət reyestrindən çıxarış (“kupça”) ala bilməməmsidir. 

Nəticədə vətəndaş evinə köçsə də, dövlət reyestrindən çıxarış ala bilmədiyindən, problemlər yaranır. Yəni, bir növ hüquqi baxımdan onun sahibi ola bilmir. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov düşünür ki, prosedurun sadələşdirilməsinə getməklə binalara çıxarışın verilməsini asanlaşdırmaq olar: “Apardığımız araşdırmalar göstərir ki, Bakıda yeni inşa edilən binaların təxminən 70 faizində çıxarış yoxdur. Deməli, praktik olaraq, paytaxtda tikilən binaların üçdə ikisində çıxarış yoxdur. Nəticədə bu binalar hələ də sənədsiz binalar kimi tanınır. Baxmayaraq ki, orada yaşayan sakinlər kommunal xidmətlərdən tam olaraq istifadə edir, mavi qaz, su və digər kommunal xidmətlərə sahibdirlər. Hətta binanın inşası tam olaraq istismara verilib.
Çıxarışın verilməsində yaranan problem əslində, texniki problemdir. İnşa edilən bina Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil alınmalıdır. Bu prosedur sadələşdirilməlidir. Çünki istismara təhvil alınmasında indiki halda xeyli dərəcədə çətinliklər var.  Çıxarışın verilməsində yaranan problemlər məsələnin həllini yubadır. Ona görə də problemdən çıxış üçün çıxarışın verilməsi prosedurunun sadələşdirilməsi tərəfdarıyıq. Hökumətə təqdim etdiyimiz paketdə bu məsələ ilə bağlı daha sadə prosedurun tətbiq edilməsi və xüsusən 2014-cü ilədək inşa edilən və tam istismara  verilən binalara çıxarışın verilməsi, onun elektronlaşdırılması tərəfdarıyıq. Çünki elektronlaşdırma fonunda çıxarışın alınması birbaşa elektron proses olacaq. Həmçinin bu zaman  prosesdə şəffaflığı da təmin etmək mümkün olacaq. Bu baş verərsə, binalara çıxarışın verilməsi proseduru daha qısa zamanda həyata keçəcək. 
İndiki halda çıxarışın olmaması binalar üçün bir sıra problemlər yaradır. Bu halda mənzilin inventar dəyərinin hesablanmasında çətinlik yaranır. Belə ki, inventar dəyərinin hesablanması üçün də çıxarışın olması vacibdir. Digər tərəfdən, belə vəziyyətdə həmin mənzil sahibləri kreditə müraciət edərkən, evlərini girov qoya bilmirlər. Nəticədə həmin mənzil sahiblərinin maliyyə resurslarına çıxış imkanları çətinləşir. Çıxarışın verilməsi büdcə gəlirlərinin artması baxımından da önəmlidir. Ona görə də təklif edirik ki, bütün çıxarış olmayan binalar üçün elektron reyestri formalaşsın və 2014-cü ilə qədər inşa edilərək tam olaraq istismara verilən, bütün kommunal xidmətlərdən istifadə edən binalara çıxarışın verilməsi təmin edilsin. 
Nəzərə alaq ki, oxşar model Rusiyada da tətbiq olunub. Bu baş verərsə, nəticədə Bakıda yeni inşa edilən binaların təxminən 90 faizinə çıxarışın verilməsi təmin olunar”.
Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı isə yaranmış problemin günahını tikinti şirkətlərində, daha doğrusu onların qeydiyyat sənədlərini normal qaydada aparmamalarında görür: “Çıxarışın verilməməsi probleminin kökündə ilkin qeydiyyat işlərinin normal qaydada aparılmaması dayanır. Tikinti şirkəti tikintiyə başlayarkən müvafiq qurumlardan rəylər və icazə sənədləri alır. Bir çox halarda tikinti şirkətləri ödənişlərdən yayınmaq, öz xərclərini azaltmaq üçün bu cür qeydiyyat işlərini qanuna uyğun şəkildə aparmaqdan yayınır. Yəni, lazım olan sənədlərin hamısını almaqda maraqlı olmurlar. Nəticədə yekunda tikintinin istismarına rəy verən qurum olaraq Bakı Şəhər İcra Hakimiyyəti həmin qanun pozuntusunu əsas götürməklə rəy verməkdən imtina edir. Tikinti şirkəti də nəticədə sakinlər qarşısında öz öhdəliyini «BŞİH binanı istismara qəbul etmək istəmir» cümləsilə bitirmiş olur. 
Apardığım müşahidələr göstərir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu istiqamətdə səyyar qeydiyyat kampaniyası həyata keçirməyə hazırdır. İstənilən bina sakinləri onlara müraciət etsə, onlar bu kampaniyanı həata keçirə bilərlər. Ona görə də bu məsələdə tikinti şirkətləri və binanı istismara qəbul edən BŞİH-nin üzərinə daha çox öhdəlik düşür”.
Rüfət NADİROĞLU