Rusiya Ermənistana hərbi müdaxilə edə bilər

10 Oktyabr 2018 09:23 (UTC+04:00)

“Rusiya üçün Ermənistana dərs vermək əhəmiyyətlidir. Bu baxımdan, Rusiya Ermənistana hərbi müdaxilə edə bilər”. Belə bir iddia ilə erməni şərhçi Qalust Qriqoryan çıxış edib.

Qeyd edək ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Moskva ilə İrəvan arasında münasibətlərdə gərginlik yaranmağa başlayıb. Belə ki, Paşinyanın qərbpərəst siyasətçi olması və Rusiyanın Ermənistanda əsas dayağı sayılan “Qarabağ klanı”nı iqtidardan salması heç də Moskvanın ürəyincə olmayıb. Bu fonda Moskva çəkinir ki, Ermənistan tədricən Rusiyanın orbitindən çıxa bilər. 
Politoloq Elşən Manafovun fikrincə, Moskva Ermənistanda birbaşa hərbi müdaxilə deyil, ancaq daxildəki qüvvələrdən istifadə etməklə dövlət çevrilişinə gedə bilər: “Müasir dünyada ən ciddi problemlərdən biri beynəlxalq hüququn məhz beynəlxalq güclərin sayəsində iflic vəziyyətə gətirilməsidir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ probleminin indiyə qədər öz həllini tapmaması məhz beynəlxalq hüquq sahəsində olan nöqsanlar, onu bu duruma gətirən beynəlxalq güclərin geosiyasi maraqlarından qaynaqlanır. Bu kontekstdə ABŞ öz həyatı maraqlarından çıxış etməklə dünyanın bu və yaxud digər nöqtəsində müstəqil dövlətlərə müdaxilə edib, suveren hökumətləri hakimiyyətdən kənarlaşdırıbsa, Rusiyanın da belə bir müdaxiləyə keçmək imkanları vardır. Ancaq Rusiya hazırkı şəraitdə ABŞ qədər beynəlxalq birliyə meydan oxumağa qadir gücdə deyil. 
Düzdür, Vladimir Putin iqtidarı dövründə Krımın ilhaqı kimi məsələləri unutmuruq. Lakin Krımın ilhaqına Rusiya legitimlik donu geyindirməyə çalışdı, burada referendum keçirdi. Abxaziya və Cənubi Osetiya məsələsində də məsələ bu istiqamətdə cərəyan etdi. Ən azından, indiki halda Rusiya, 1920-ci ildə bolşeviklərin Cənubi Qafqaz ölkələrinə etdiyi kimi, Ermənistana birbaşa müdaxilə edə bilməyəcək. Ancaq bu, o demək deyil ki, Moskva ümumiyyətlə, Ermənistana indiki şəraitdə müdaxilə etməyəcək. 
Ermənistana yönəlik müdaxiləni Kreml başqa yollarla edə bilər. 
Rusiya Gümrüdəki hərbi bazasından istifadə edərək Ermənistanda dövlət çevrilişinə cəhd edə və məhz özünün marağına cavab verən elitanın düşmən ölkədə hakimiyyət başına gəlmələrinə “yardım” əlini uzada bilər. Amma bütün hallarda burada birbaşa hərbi müdaxilədən söhbət gedə bilməz. Çünki hazırkı dünya bir əsr bundan əvvəlki dünya deyil. Hərçənd Ermənistanın təcavüz edərək Azərbaycan torpaqlarını işğal etməsi faktını görürük. Lakin Ermənistan indiyə qədər torpaqlarımızı işğal etdiyinə görə, məsuliyyət daşımadığını bildirir. BMT-nin məlum 4 qətnaməsində də Ermənistanın təcavüzkar dövlət olması ilə bağlı bir ifadə belə yoxdur. Orada qeyd olunur ki, işğal olunmuş ərazilərdən erməni hərbi birləşmələri çıxmalıdır. Bu baxımdan ABŞ başda olmaqla Qərbin Rusiya ilə iqtisadi sanksiyalar dililə danışdığı bir zamanda, Kreml özünə əlavə problemlər yaradıb, Ermənistana hərbi müdaxilə etməz. Həm də onu daha asan, daxildə çevriliş yolu ilə etməyin mümkün olduğu bir şəraitdə, hərbi müdaxiləyə ehtiyac olmadığını da düşünürəm. 
MDB məkanında siyasi prosesləri izləyənlər bilir ki, Ermənistan iqtisadi və maliyyə baxımından, ümumiyyətlə, bütün parametrlərə görə kifayət qədər Rusiyadan asılıdır. Ermənistanın ən məşhur iş adamları belə bu və ya digər dərəcədə Rusiyanın hakim elitası ilə əlaqədədir. Güman edirəm ki, məhz bu təhlükəni nəzərə alaraq Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının lideri Haqik Sarukyanla memorandum imzalayıb. Hansı ki, Sarukyan da Rusiyada çalışan erməni milyarderidir. Memorandumda isə göstərilir ki, “Çiçəklənən Ermənistan” Partiyası Paşinyana rəqib olan digər partiyalara dəstək verməyəcək. Bu, artıq onu göstərir ki, Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində Rusiya tərəfindən ola biləcək bu və ya digər müdaxilələri nəzərə alaraq, siyasət taxtası üzərində müəyyən gedişlər edir. Gedişlərin edilməsində məqsəd qarşıdan gələn seçkilərdə öz hakimiyyətini daha da möhkəmləndirmək və ola biləcək təhlükələrdən özünü sığortalamaq istəyidir. Bir daha qeyd edirəm ki, Cənubi Qafqazla bağlı bugünkü reallıqlar fonunda Rusiya Ermənistana birbaşa hərbi müdaxiləyə heç bir ehtiyac duymur. Ermənistan Rusiyanın onsuz da vassal asılılığında olan bir dövlətdir. Belə bir şəraitdə Moskvanın özü üçün əlavə problemlər yaradıb Ermənistana birbaşa hərbi müdaxilə etməsinə heç bir lüzum yoxdur. Ancaq daxildə müəyyən qüvvələrin iştirakı ilə dövlət çevrilişi təşkil edə bilər”.  
Rüfət NADİROĞLU