ABŞ Qarabağ münaqişəsi ilə bağlı daha fəal siyasətə başlayır

10 Oktyabr 2018 09:36 (UTC+04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Donald Tramp administrasiyasının  sərt xarici siyasət tərəfdarı olan ən yüksək rütbəli məmuru Con Bolton Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək. Məlumatlara görə, səfərin gedişində Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu  həmsədrlərindən biri olaraq, ABŞ uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmayıb. Yəni, bu ölkə digər həmsədr Rusiya qədər prosesdə özünü fəal göstərməyib, yaxud göstərə bilməyib. Bu fonda da belə təsəvvür yaranıb ki, Vaşinqton həmsədr dövlətlər arasında münaqişənin həllində aktiv deyil. Ancaq Donald Tramp adminstrasiyası dönəmində Ağ Evin sözügedən problemin həllində aktivlik nümayiş etdirməyə çalışdığı hiss olunur. 
Düzdür, hələlik Vaşinqtonun bu aktivliyi Moskvanın prosesdə fəallığı qədər deyil. Amma bununla belə, hər halda görünən odur ki, Rusiyanın ardınca digər həmsədr ölkə də prosesdə fəallığını artırmağı düşünür. Qeyd olunduğu kimi, Con Boltonun Azərbaycan və Ermənsitana səfəri gedişində Qarabağ məsələsi də müzakirə predmeti olacaq. 
Politoloq Elşən Mustafayevin fikrincə, indilikdə Vaşinqton Qarabağ münaqişəsinin həllinə ciddi dəstək vermək gücündə deyil: “Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmağa gəlincə, bilirsiniz ki, ABŞ Minsk qrupunda həmsədr dövlətlərdən biridir. Zaman-zaman bu ölkənin müxtəlif ranqlı rəsmiləri və qurumları tərəfindən Qarabağ konfliktinin həllilə bağlı bəyanatlar eşitmişik. ABŞ rəsmilərinin Azərbaycana olan səfərləri dövründə də bu məsələ ilə bağlı fikirlər gündəmə gətirilib. Yəni bu tip bəyanatlar indiyə qədər ABŞ rəsmiləri tərəfindən səslənib və belə görünür, həmin proses yenə də davam edəcək. Amma məsələ ondadır ki, verilən bəyanatların real olaraq həyata keçməsini görmürük. Bunu da onunla əsaslandçrmaq istəmirəm ki, ABŞ prosesin həllində maraqlı deyil. Əslində,Minsk qrupu çərçivəsində problemin həllinin çətinliyi əvvəldən də məlum idi. İndi də bu fikirdə qalıram. Minsk qrupu Qarabağ münaqişəsinin həllinə nail olmayacaq. Amma öz-özlüyündə yüksək rütbəli ABŞ rəsmisinin regiona səfəri, eyni zamanda bu fonda Dağlıq Qarabağ probleminin həllilə bağlı məsələləri müzakirə edəcəyi ümumlikdə müsbət haldır. Bu məsələnin heç olmasa, gündəmdə qalması və dünya mətbuatında işıqlandırılması ən azından problemin dondurulmasının qarşısını almağa xidmət edən prosesdir. Burada əksəriyyətimizin ehtiyat etdiyi başlıca məsələ Dağlıq Qarabağ məsələsinin uzun müddətə dondurulması təhlükəsidir. Belə fikirlər zaman-zaman gündəmə atılır. 
Xatırlayırsınızsa, 2016-cı ilin aprel döyüşlərindən sonra da bu  sayaq fikirlər söylənilirdi. Həmin ərəfədə belə fikirlər Fransa tərəfindən gündəmə gətirildi. Hansı ki, münaqişənin dondurulması ölkəmiz üçün ən təhlükəli bir  ideyadır. Bu mənada ABŞ rəsmisinin bölgəmizə səfəri Qarabağ probleminin gələcəkdə də olsa həlli prosesinə yardım edəcək. Çünki, həmsədr dövlətlər arasında azdan-çoxdan məsələyə daha obyektiv yanaşan məhz Vaşinqtondur. Digərləri isə konkret bəlli məsələlərə görə, Ermənistanın marağına zidd olan proseslərin getməsini ən azından istəmirlər. Bunu indiyə kimi sərgilədiyi fəaliyyətlərilə də göstəriblər. Lakin ABŞ-ın okeanın o tayından bura müdaxilə etməsi bir qədər çətin məsələdir. İndi onu düşündürən əsasən başqa məsələlərdir. Ortalıqda Orta və Yaxın Şərq məsələsi var. Bu səbəbdən də hələlik ABŞ konfliktin həllinə ciddi dəstək verə bilmir. Gələcəkdə məsələ yetişəndə, yaxın tarixdə situasiya o həddə gəlib çata bilər ki, Dağlıq Qarabağ probleminin həllilə bağlı ABŞ və yaxud digər həmsədr dövlətlərin münasibəti həlledici rol oynaya bilər. Ona görə də ABŞ rəsmilərinin bölgəmizə səfərləri fonunda münaqişə ətrafında müzakirə və danışıqlara ehtiyac var. Baxmayaraq ki, yaxın zamanlarda Vaşinqtonun müdaxiləsilə problemin həllinə inanmıram”.
Rüfət NADİROĞLU