Millət vəkili: Prezident İlham Əliyevin qarşıya qoyduğu uzunmüddətli inkişaf proqramları vaxtlı-vaxtında həyata keçirilir

10 Oktyabr 2018 11:54 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı ölkənin bütün sahələrindəki prosesləri əhatə etdi.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı həm iqtisadi, həm siyasi, həm də sosial sahələri əhatə edən məsələlərə toxundu, görülmüş işləri xüsusi vurğuladı:

"Cənab Prezident, həmçinin qarşıda duran məsələlərin icrası ilə bağlı göstərişlərini verdi. Həmişə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev Azərbaycan üçün ən vacib məsələ olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikirlərini bildirdi, Azərbaycanın mövqeyini nümayiş etdirdi. Dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Cənab Prezident çıxışında Azərbaycan cəmiyyətini həmişə maraqlandıran məcburi köçkünlərin problemləri məsələsinə də diqqət yetirdi. Ölkə başçısı, əsasən, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı fikirlərini səsləndirdi və bildirdi ki, bu proses davam etdiriləcək. Prezident İlham Əliyev bu məsələyə sahibkarların da cəlb olunmasını diqqətə çatdırdı".

E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi məsələlərinə də toxundu: "Cənab Prezident, kənd təsərrüfatının inkişafı ilə bağlı müxtəlif sahələri əhatə edən fikirlər səsləndirdi. Bu onu deməyə əsas verir ki, ölkə başçısının qarşıya qoyduğu uzunmüddətli inkişaf proqramları vaxtlı-vaxtında həyata keçirilir. Təbii ki, Azərbaycan iqtisadiyyatı təkcə neft-qaz amilindən asılı olmamalıdır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi proqramı həyata keçirilir və bu istiqamətdə də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda aqroparkların, texnoparkların yaradılması məsələsi diqqətə çatdırıldı, Azərbaycanın artıq kosmos ölkəsinə çevrildiyi, 3 peykimizin olduğu bildirildi".

Deputat deyib ki, Prezident İlham Əliyevin inkişafla yanaşı, bəzi sahələrdə problemlərin olması ilə bağlı tənqidi fikirləri də xüsusilə diqqət çəkdi: "Dövlət başçısı çıxışında Bakıda mənzil tikintisində baş verən neqativ hallar barədə danışdı və məcburi köçkünlər üçün mənzil tikintisi ilə bağlı müəyyən tənqidi fikirlər səsləndirdi. Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, həm məmurlar, həm də sahibkarlar fəaliyyətlərini düzgün qursunlar, əks halda qanun qarşısında cavab verəcəklər. Mənə elə gəlir ki, bu çıxışdan hər kəs nəticə çıxarmalıdır".