Qeyri-neft sektorunda zərif cinsin rolu artır

11 Oktyabr 2018 09:50 (UTC+04:00)

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda ölkə iqtisadiyyatlnln builki inkişafı, əhalinin rifah halının yaxşılaşması, xüsusilə qeyri-neft sektorunda qadınların məşğuliyyətinin artırılması məsələlərinə geniş yer verilib. 

Hələ ötən il ölkə rəhbərliyi 2018-ci ilin uğurlu olacağı barədə geniş proqnozlar vermişdilər. Çünki, hökumətin iqtisadi siyasəti mövcud resurslardan istifadə edilməklə perspektiv inkişaf üzərində qurulub. Təəccüblü deyil ki, proqnozlar özünü inamla doğruldub.  Bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faiz olub. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz çoxalıb. Dövlət başçısı bu göstəricini  Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsi kimi qiymətləndirib. 
2018-ci ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu fakt iqtisadiyyatda  şaxələndirilmə siyasətinin nəticəsi kimi böyük əhəmiyyət daşıyır. Buna görə də bu xəttin davam etdirilməsi yeni uğurları hədəfləyir.  
Qeyri-neft sektorunda xalçaçılığın inkişaf etdirilməsinin dövlət tərəfindən təşviq edilməsi şaxələndirmə siyasətinə bariz nümunədir. Ölkə rəhbərliyinin ən çox diqqət yetirdiyi sahələrdən biri də folklorumuzun, incəsənətimizin və eyni zamanda sənayemizin məhsulu olan xalçaçılıqdır. Son illərin iqtisadi islahatlar sistemində xalçaçılıq sənətinin inkişafına ciddi diqqət yetirilir. Əhalimizin maddi-məişət ehtiyaclarının ödənilməsində önəmli rol oynayan bu qədim el sənəti nümunəsi həm də xalis ixrac məhsuludur. 
Dünyanın bütün ölkələrində Azərbaycanın xalçalarına təlabat var. Məsələn, bu ilin sonuna qədər Azərbaycandan Yaponiyaya xalça ixracı ilə bağlı müqavilə imzalanacaq. Bu ölkəyə göndərilmiş nümunələr yüksək səviyyədə bəyənilib və sifarişlər verilib. Bu səbəbdən Azərbaycanda tikilən xalça fabriklərinin davamlı işi təmin olunur. Artıq regionlarda 20-ə qədər fabrik fəaliyyət göstərir. Gələn daha 10 fabrikin tikilməsi planlaşdırılır. Çünki, tələbat böyükdür. Bu istehsal müəssisələrinin hamısı dövlət vəsaiti ilə inşa edilir. 
Ötən il Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş Yunəyrici Boyaq Fabrikinin 2019-cu ildə istifadəyə verilməsi bu müəssisələrin istehsal bazasını xüyli gücləndirəcək. Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq. Hər bir xalça emalatxanasında il ərzində, təqribən, 700 kvadratmetr xalça toxunması nəzərdə tutulub. Təkcə 2018-ci ildə yaradılan xalça emalatxanalarında, tədarük məntəqələrində 2000-ə yaxın insan daimi və mövsümi işlə təmin olunub. 2019-cu ilin sonunadək “Azərxalça”nın istehsal, tədarük və emal müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək.
Xalçaçılığın ölkəmizdə böyük potensialı var. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edib. İslahatlar başlayandan bəri filiallarda Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb.
2017-2018-ci illərdə “Azərxalça”nın istehsalı olan xalçalar Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya kimi ölkələrdə keçirilən beynəlxalq xalça satış-sərgilərində təqdim olunub. İndi Avropanın, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Rusiyanın böyük xalça şirkətləri ilə danışıqlar aparılır, əməkdaşlıq haqqında müqavilələr hazırlanır. Bu müqavilələr əsasında həm hazır xalçalar satılacaq, həm də sifarişlərlə müxtəlifölçülü xalçaların toxunmasına başlanılacaq.
Ölkənin valyuta ehtiyatlar bu il artaraq 45 milyard dollara çatıb. Cari ilin payına 3 milyard dollar düşür. Bu payda xalçalarımızın da müəyyən əməyi əks olunub. Buna görə də xalçaçılıq sürətlə inkişaf edir və xalqın rifahının yaxşılaşmasına müsbət təsir edir.
N.NOVRUZ