Azərbaycan Avropanın enerji xəritəsini dəyişir

12 Oktyabr 2018 09:15 (UTC+04:00)

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki,  “Cənub Qaz Dəhlizi”nin uğurla başa çatması Azərbaycan üçün yeni imkanlar açacaq: «2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında biz Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, “Cənub Qaz Dəhlizi”nin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur.

“Cənub Qaz Dəhlizi”nin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq». 
Neft və qaz məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, sözügedən layihənin işə düşməsilə regionun siyasi və iqtisadi xəritəsində əhəmiyyətli dəyişiklik baş verəcək: “Cənub Qaz Dəhlizi” özündə 3 boru kəmərini birləşdirir: Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi, TANAP və TAP.  Layihə fonunda böyük həcmdə Azərbaycan qazı Türkiyə bazarına nəql ediləcək. Təxminən bir il yarımdan sonra Azərbaycan qazı Avropa bazarına da çıxarılacaq. Bununla da Azərbaycan neft erasından qaz erasına keçid edəcək. 
“Cənub Qaz Dəhlizi”nin 
regionun xəritəsini dəyişdirəcəyini düşünürəm. Bu layihə yaxın 10 ildə bölgənin iqtisadi və siyasi xəritəsində əhəmiyyətli rola malik olacaq. Layihədən gələcək dividendlər ilk növbədə Azərbaycan, Türkiyə, Gürcüstana xeyir verəcək. TANAP layihəsi də Bakı-Tiflis-Ceyhan kimi uğurlu layihələrdən olacaq, bölgənin iqtisadi qüdrətinin artmasına xidmət edəcək”.
İqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, həmin layihənin fəaliyyətə başlaması ilə ölkə həyatının bir çox sahələrində ciddi irəliləyişlər baş verəcək: “Cənub Qaz Dəhlizi”nin uğurla həyata keçməsi Azərbaycana sosial, iqtisadi və siyasi baxımdan ciddi dividendlər gətirəcək. Azərbaycanın enerji daşıyıcılarının ixracı və xaricdə ona tələbatın olması müsbət haldır.  Bu layihə də digərləri kimi ölkəmizə valyuta gətirəcək. Belədə isə ölkəmizin gəlirləri artacaq. 
Həmçinin onun işə düşməsilə əlavə, özü də əsasən daimi iş yerləri yaranacaq. Əhalinin gəliri artacaq ki, bu da öz növbəsində daxili bazarın genişlənməsilə nəticələnəcək. Daxili bazar genişlənəndə daxili istehsal bazara daha artıq mal təklif edəcək. Yəni “Cənub Qaz Dəhlizi” zəncirvari proses kimi ölkə həyatının bir çox sahələrində ciddi irəliləyişlərə rəvac verəcək.  
Həmin dəhlizin işə salınması Azərbaycanda mövcud olan siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu cəhətdən Azərbaycan daha bir üstünlük əldə edəcək”.
Rüfət NADİROĞLU