Tallində Azərbaycan-Estoniya parkı açıldı

12 Oktyabr 2018 14:06 (UTC+04:00)

Oktyabrın 11-də Tallində Azərbaycanın və Estoniyanın 100 illiyi münasibətilə iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallinn şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın təntənəli açılış mərasimi olub.

Parkın girişində qurulmuş lövhədə ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkli, Azərbaycan, eston və ingilis dillərində Azərbaycan Respublikası, o cümlədən Bakı haqqında məlumat yerləşdirilib. Eyni zamanda, parkdakı fontanın ətrafında hər iki ölkənin, həmçinin Suraxanı və Kristiyne rayonlarının dostluq münasibətlərini tərənnüm edən Azərbaycan milli ornamentlərinin əks olunduğu daş döşəmə salınıb.

Parkın açılış mərasimində Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hacı Salayev, Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Estoniya parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Mixail Korb, Tallinn şəhərinin vitse-meri Andrey Novikov, Kristiyne rayonunun başçısı Yaanus Riybe, yerli ictimaiyyətin və Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən səfir Murad Nəcəfbəyli iki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən bəhs edərək Tallində Azərbaycan-Estoniya parkının salınmasının əlamətdar hadisə olduğunu bildirib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətdə Estoniya ilə münasibətlərə əhəmiyyətli yer verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2008-ci ildə Suraxanı ilə Kristiyne arasında imzalanmış Əməkdaşlıq Memorandumunu qeyd edərək, sıx əlaqələrin mövcudluğunu bildirib və Tallinn şəhərində Azərbaycan-Estoniya parkının açılmasının mühüm hadisə olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Hacı Salayev iki ölkənin parlamentləri arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. O, Azərbaycanın və Estoniyanın 100 illiyi münasibətilə parkın açılmasının bu əlaqələrin yüksələn xətlə inkişafının təzahürü olduğunu bildirib.

Məlumat üçün bildiririk ki, Suraxanı rayonu ilə Latviyanın və Estoniyanın regionları arasında geniş əməkdaşlıq əlaqələri yaradılmışdır, bu da Ölkəmizin, Bakı şəhərinin dünyada və Avropada tanınması baxımından çox əhəmiyyətlidir