"Qeyri-rəsmi məşğulluqla mübarizənin sosial-iqtisadi əsası kimi pensiya sisteminə dair beynəlxalq təcrübənin təbliği" layihəsi çərçivəsində seminar keçirilib

15 Oktyabr 2018 16:13 (UTC+04:00)

12 oktyabr 2018-ci il tarixində İsmayıllı şəhərində  “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib. Movqe.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Qeyri-rəsmi məşğulluqla mübarizənin sosial-iqtisadi əsası kimi pensiya sisteminə dair beynəlxalq təcrübənin təbliği" layihəsi çərçivəsində keçirilib. Vətəndaş cəmiyyəti nümayəndələrinin, yerli vətəndaşların, aidiyyatı dövlət qurumları və yerli idarəetmə orqanları təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Mahmud Suleymanov açıq elan etdi. Daha sonra isə tanınmış iqtisadçı Vüqar Bayramov layihənin mahiyyəti və aktuallığı haqqında iştirakçıları məlumatlandırdı. V. Bayramov ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılan addımlardan, qeyri-formal məşğulluqla mübarizənin mövcud vəziyyətindən, bu sahədə sosial müdafiə mexanizmlərinin təsir imkanlarından söz açaraq bu istiqamətdə aparılan tədqiqat işi haqqında geniş təqdimat üçün sözu Rəşad Həsənova verdi. 
R. Həsənov təqdimata qeyri-formal məşğulluğun qlobal məşğulluqda, o cümlədən Azərbaycanda mövcud vəziyyəti haqqında statistik məlumatları ilə başladı. Daha sonra isə qeyri-rəsmi məşğulluğu xarakterizə edən xüsusiyyətlər, bu sahənin genişlənməsini stimullaşdıran amillər, ayrı-ayrı steykholderlərin maraqları haqqında geniş məlumat verdi. Sonda isə Rəşad Həsənov pensiya təminatı sisteminin qeyri-formal məşğuluqla mübarizədə təşviqedici mexanizmlərdən biri kimi istifadə imkanlarından danışdı. 
Daha sonra V. Bayramov və R. Həsənov iştirakçılar tərəfindən ünvanlanan suallarını cavablandırdı. Suallar daha çox mövcud pensiya təminatı sistemi, əmək hüququ və ehtimal yeniliklər istiqamətində idi. 
Tədbirin qeyri-rəsmi hissəsi isə çay-kofe fasiləsində davam etdi. Bu zaman vətəndaşları maraqlandıran bir sıra suallar cavablandırıldı və mövcud pensiya təminatı sisteminin qeyri-formla məşğulluqla mübarizədə rolunun gücləndirilməsinə hədəflənən təkliflər müzakirə edildi.