Ermənistan Frankafoniya görüşündə yenə biabırçı duruma düşdü

16 Oktyabr 2018 08:00 (UTC+04:00)

Ermənistan baş naziri Nikol Paşinyanın Frankafoniya təşkilatının açılışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi yalan və həqiqətdən uzaq fikirlər Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir. Bununla Paşinyan yenidən məsələnin dinc müstəvidə həllinin mümkünlüyünə zərbə vurur. 

Qeyd edək ki, Paşinyan hakimiyyətə gələn ilk günlərdə Dağlıq Qarabağla bağlı sərsəm fikirləri gündəmə gətirdi. Belə ki, o Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsinin vacibliyini önə çəkməklə sülh prosesində maraqlı olmadığını ortaya qoydu. Hətta həmin dövrdə bir neçə dəfə qanunsuz olaraq işğal edilmiş torpaqlara səfər etdi. Lakin MDB dövlət başçılarının Düşənbə sammitində Paşinyanın münaqişə ilə bağlı sərgilədiyi mövqe elə bir təsəvvür formalaşdırdı ki,  sanki o, reallığı anlamağa başlayıb. Ancaq həmin sammitdən az sonra İrəvanda keçirilən Frankafoniya təşkilatının açılışında Paşinyan yenidən Qarabağla bağlı sərsəm fikirlər ortaya atdı. Yəni, yaranmış vəziyyət ondan xəbər verir ki, Paşinyan Qarabağ məsələsilə bağlı vahid mövqe sərgiləmək gücündə deyil, ona görə də gündə bir fikiri ortaya atmaqla hər bir tədbirin ruhuna uyğun hərəkət etməyi qərara alıb. 
Politoloq Natiq Miri bildirdi ki, Paşinyanın Dağlıq Qarabağla bağlı bir-birinə zidd fikirlər səsləndirməsi onun ciddi siyasətçi olmadığını ortaya qoymaqla yanaşı, həm də Azərbaycanı torpaqların azad edilməsi üçün ciddi proseslər yaratmağa sövq edə bilər: “Paşinyanın bir-birinə zidd sərsəm açıqlamaları onun oturuşmuş  siyasətçi və dövlət adamı olmadığını ortaya qoyur. Çünki hər bir işdə ancaq davamlı və ardıcıl olan davranışlar ciddi qəbul olunur. Səhər bir, axşam isə tamamilə fərqli, başqa fikir sölyəyən dövlət başçısı isə nə öz dövlətində, nə də digər dövlətlərdə ciddi qəbul olunmurlar. 
Paşinyanın Düşənbə görüşündən sonra, Frankafoniya tədbirində xarici dövlət rəhbərlərinin iştirakından istifadə edərək, sərsəm açıqlamalar verməsi ciddi qəbul oluna bilməz. Həm Fransa prezidenti, həm də həmin tədbirdə iştirak edən digər ölkələrin dövlət başçıları zatən Dağlıq Qarabağ haqqında gerçəkləri bilməmiş deyilər. Həmçinin indiki şəraitdə Ermənistan dövləti, xüsusən də
Paşinyan hökumətinin hansı ağır durumda olduğunu da dəqiq bilirlər. Ancaq yeni də bu hadisəni fürsət bilərək, bütövlükdə dünya ictimai rəyini çaşdırmağa yönəlik belə çıxışlar etməsi Paşinyanı həmin dövlət başçılarının gözündə heç də qaldırmayıb. 
Ayrıca bu cür çıxışlarla beynəlxalq ictimai rəyi də dəyişdirmək olmaz. Ona görə də Paşinyanın bu cür sərsəm çıxışlarını boşuna atılan güllə kimi dəyərləndirirəm. Bununla Paşinyan anlaşmaq və qarşılıqlı etimad yaratmaq istədiyi Azərbaycan tərəfində də özünə qarşı bir etimadsızlıq fikri yaratmış oldu. Bu da Paşinyana gələcək planlarının həyata keçməsi prosesində heç də xoş gələcək vəd etmir. Çünki indiki şəraitdə erməni baş nazirinin zamana ehtiyacı vardır. 
Növbədənkənar parlament seçkiləri keçirmək və burada üstünlüyü əldə etməklə Paşinyan daha dayanıqlı hökumət formalaşdırmaq və bununla da Ermənistan cəmiyyətinin daha dərinliklərinə nüfuz etməyi planlayır. Düşənbədə Azərbaycan Prezidentinin Paşinyanı dinləməsi, onunla qısa müddətli olsa da danışıqlar aparması əslində, zaman baxımından bir növ Paşinyana verilən şans idi. Ancaq son hərəkətlərilə o, qarşı tərəf olan Azərbaycanda özünün nə qədər dayanıqsız şəxs olduğunu ortaya qoydu. Bununla da belə güvənilməz adamla gələcəkdə hansısa məsələni müzakirə etməyin açığı boşuna məsələ olduğunu ortaya qoydu. Fikrimcə, Paşinyanın belə davranışı və Frankafoniya tədbirlərində etdiyi çıxış Düşənbə görüşlərindən sonra ölkəmiz üçün də dərs olmalıdır. Kimlərsə, gələcəkdə Paşinyanın danışıqlar masası arxasında hansısa güzəştə gedəcəyini düşünürsə, bilməlidir ki, həmin xəyalların hamısı erməni baş nazirinin son çıxışları ilə suya düşmüş oldu. Paşinyan nə qədər demokrat olsa, xalqın çiynində hakimiyyətə gəlsə də belə, o, tipik, radikal millətçi ermənidən başqa bir şey deyil. Ona görə də o insanların Dağlıq Qarabağla bağlı hansısa güzəştlərə gedəcəyinin özü belə yanlışdır. Bundan sonra Azərbaycan Dağlıq Qarabağın gələcək perspektivini paşinyanlarla hansısa danışıqlarda deyil, əksinə özünün atdığı ciddi addımlar və yarada biləcəyi ciddi proseslərdə görməlidir”. 
Rüfət NADİROĞLU