Rusiyadan sonra Qərb də Ermənistanı atır

16 Oktyabr 2018 09:46 (UTC+04:00)

Proseslər göstərir ki, Ermənistanın mövcud hakimiyytinə Rusiyadan sonra Qərbdə də inam sürətlə azalır. Artıq Qərbin dəstəyi ilə hakimiyyətə gəldiyi deyilən Nikol Paşinyanın onlar tərəfindən sona qədər dəstəklənəcəyi sual doğurur. Siyasilər bunu müxtəlif səbəbələrlə izah edirlər. 

Millət vəkili Elman Məmmədov bildirir ki, Ermənistan erməni bicliyindən daim məharətlə istifadə edib: “Hazırda da həm Qərb, həm Rusiya tərəfindən bəhrələnməyə çalışır. Rusiya artıq Ermənistanın oyun oynadığını dərk edir. Ona görə də güman ki, Rusiya Ermənistana “dərs verəcək”. Amma o da var ki, Ermənistan istəsə belə, Rusiyanın nəzarətindən çıxa bilməz. Heç özü bunun haqqında fikirləşmir. Çünki Rusiyasız Ermənistan yox deməkdir. 
Bundan başqa Rusiya Ermənistanı rahatlıqla heç bir dövlətin nəzarətinə verməz. Çünki Ermənistan Cənubi Qafqazda yeganə yerdir ki, onu Rusiya özünün dayaq nöqtəsi kimi istifadə edir. Oradan da bütün regiona nəzarət etməyə çalışır. Həmçinin unutamayaq ki, Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiyanın nəzarətindədir. Odur ki, Ermənistanın bu cür çabalaması ona baha başa gələcək. Rusiya onu mütləq cəzalandıracaq. Bu da Ermənistan üçün yaxşı perspektiv vəd etmir. Hazırki baş nazir Nikol Paşinyan aralıq vəziyyətdir. Gələcəkdə onun baş nazir olub-olmayacağı bəlli deyil”.
Millət vəkili əlavə etdi ki, Azərbaycanın Rusiya ilə səmimi münasibətləri qarşılığında Ermənistanın hazırki siyasəti Qarabağ məsələsinə təsir edəcək: “Rusiya sadəcə, ədalətli mövqe ortaya qoymalıdır. Yəni, proseslər Rusiyadan asılıdır”.
Politoloq Vüqar Qədirov bildirdi ki, həm Rusiya, həm də Qərb erməni diasporu təsiri altında Ermənistana böyük dəstək göstəriblər: “Ancaq Azərbaycan müstəqilliyini əldə etdiyi zaman xarici siyasətimiz tam formalaşmamışdı. Ümumilli lider hakimiyyətə gəldikdən sonra həm Azərbaycanın xarici siyasəti formalaşdı, həm də diaspor fəaliyyəti yarandı və öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi işlər gördü. Bu da sonradan mərhələ-mərhələ öz təsirini göstərməyə başladı. 
Eyni zamanda, artıq həm Rusiya, həm də Qərb dövlətləri Ermənistanın qeyri-konstruktiv mövqelərini seziblər”.
Politoloq əlavə etdi ki, həm Qərb, həm də Rusiya illərdir, Qarabağ danışıqlarında iştirak edir: “Amma hər iki qütbün birgə əldə etdiyi razılıqları Ermənistan bu gün pozub iflic vəziyyətə gətirmək istəyir. Bu da həmin dövlətlərə xoş təsir bağışlamır. Eyni zamanda Ermənistanın heç bir perspektivi olmayan dövlətdir. Nə Qərbə, nə də Rusiyaya faydası yoxdur. Heç özünün problemlərini həll etmək iqtidarında deyil. Belə bir məqamda Ermənistanın qeyri-səmimi siyasəti heç bir qütb tərəfindən qəbul olunmur. Həmçinin Rusiya ilə Qərb arasında soyuqluq yaranıb. 
Bundan başqa, Qərb ölkələri Ermənistının bölgədə sülhü pozan dövlətə çevrildiyini anlayıblar. Bu baxımdan Azərbaycanın prinsipial xarici siyasəti, dövlət-xalq həmrəyliyi, silahlı qüvvələrinin güclənməsi həmin dövlətləri fakt qarşısında qoyur. Artıq Ermənistana görə heç bir dövlət Azərbaycanla münasibətlərini pozmaq fikrində deyil. Bunu Ermənistan nə qədər tez anlasa, daha az itki ilə üzləşəcəklər”.
Mübariz BAYRAMOV