Qafqazın partlayış məqamını gözləyən bombası

16 Oktyabr 2018 12:00 (UTC+04:00)

Ermənistandakı "Metsamor" atom elektrik stansiyası partlayış məqamını gözləyən bombadır. 

Bunu Strasburqda AŞ PA-nın payız sessiyasında azərbaycanıl deputatlar gündəmə gətirib. Həmin sessiyada çıxışı zamanı Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, "Metsamor" AES çox seysmik zonada yerləşir: "Faktiki olaraq, bu, partlayış məqamını gözləyən bombadır. Əgər Ermənistanda daha bir zəlzələ baş versə bu, böyük ərazilərdə, o cümlədən Avropada zəhərlənməyə gətirib çıxara bilər".
A.Mollazadə qeyd edib ki, Avropa İttifaqı Metsamor AES problemini həll etmək üçün Ermənistan hökumətinə konkret büdcə ehtiyatları ayırıb: "Pullar itib və AES işini davam etdirir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, bu stansiya "çirkli" bomba hazırlaya bilər və bu bomba Azərbaycana qarşı istifadə oluna bilər”.
Qeyd edək ki, Azərbaycan məsələni artıq neçənci dəfədir gündəmə gətirir. Digər tərəfdən məlumdur ki, əgər Ermənistanda daha bir zəlzələ baş versə, bununla "Metsamor"  dağılacaq, böyük ərazilərdə, o cümlədən Avropada zəhərlənməyə səbəb olacaq. 
"Metsamor"un Avropa üçün də təhlükə mənbəyi olduğunu burada da gözəl bilirlər. Amma buna baxmayaraq, Qərbdə stansiyanın fəaliyyətinin dayandırılmasına nail olmaq üçün qəti addımlar atmırlar. 
Milli Məclisin deputatı Musa Qasımlının fikrincə, Avropanın təhlükə mənbəyi olan "Metsamor" AES-ə münasibətdə qəti addımlar atmamasına səbəb onların təəssübkeşliyindən qaynaqlanır: “Avropa ölkələri və onların AŞPA-dakı deputatlarının "Metsamor" Atom Elektrik Stansiyasına münasibətdə, onun ciddi təhlükə mənbəyi olmasına baxmayaraq, belə mövqe tutması ilk növbədə Qərbin ermənilərə münasibətdə sərgilədiyi müəyyən təəssübkeşliklə bağlıdır. Burada erməni lobbisi və diasporasının rolunu və uydurduğu yalanların təsirini də görmək lazımdır. 
İkinci bir tərəfdən, Avropa siyasiləri hazırda başdan-ayağa islamofobiya və İslam düşmənçiliyinə bürünüb. Hələ də bu tendensiyanın təsiri altından çıxa bilmirlər. Zərbə Avropaya dəyəndə onlar ayılacaqlar, ancaq o zaman artıq gec olacaq”.  
Politoloq Məmməd Əlizadənin fikrincə, Avropadakı bir çox siyasi işbazlar “Metsamor” məsələsində ona görə qətiyyətlik nümayiş etdirmirlər ki, həmin stansiyanın mövcudluğu ora ayrılan vəsaitlərin bir sıra hallarda yeyilməsinə şərait yaradır: “Metsamor” stansiyasının təhlükə mənbəyi olduğu hər kəsə bəllidir. Bunu Qərbdə də gözəl bilirlər. Onlar da bilir ki, həmin stansiya çoxdan öz əhəmiyyətini itirməklə yanaşı, həm də müasir dövrün tələblərinə cavab verməyən köhnəlmiş, seysmik hadisələrə davamsız hala gələn bir stansiyaya çevrilib. İndiki halda, “Metsamor” Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, hətta ciddi təhlükə fonunda Avropanın özü üçün də bir ölüm kabusudur. Lakin buna baxmayaraq, görürük ki, Qərbin bu təhlükənin aradan qaldırılması üçün ciddi addımlar atmaq niyyətləri yoxdur. Bilirsiniz ki, erməni lobbisi Avropanın bir sıra ölkələrində ciddi mövqelərə malikdir. 
Görünür, Avropanın “Metsamor”a münasibətdə  qəti mövqe sərgiləməməsində erməni lobbisinin qitədə oynadığı rol da öz sözünü deyib. Yəni, Avropalı siyasilər məhz erməni lobbisinin təsiri altında məxsələyə göz yummağa üstünlük verirlər. Həmçinin, təəsübkeşlik amili də burada öz sözünü deyir. Avropa demək olar ki, bütün məsələlərə xristian təəssübküşliyindən yanaşır. Bu məsələdə də erməniləri incik salmamaq üçün onların “Metsamor”la bağlı şıltaqlıqlarına da dözürlər. 
Digər tərəfdən, həmin stansiyanın guya yenidən qurulması üçün Avropadan Ermənistana müəyyən məbləğdə pul vəsaiti də ayrılıb. Görünür, Avropadakı bəzi işbazlar həmin ayrılan vəsaitin bir hissəsini öz maraqları naminə “təmizlədiklərindən”, sözügedən stansiyanın fəaliyyətinin davam etdirilməsini özlərinin bu istiqamətdə növbəti maxinasiyalarının həyata keçməsində mühüm vasitə hesab edirlər. Ona görə də stansiyanın bağlanmasına ciddi israr etmirlər”.
Rüfət NADİROĞLU