Bakı metropoliteninin diaqnostika sahəsində təcrübəsi nüfuzlu sərgidə nümayiş etdirilib

17 Oktyabr 2018 10:11 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlində nəqliyyat innovasiyalarına həsr olunmuş nüfuzlu beynəlxalq "İnnotrans" sərgisi keçirilib. Əsasən, dəmiryolu nəqliyyatında son yeniliklərin nümayiş etdirildiyi sərgidə metropolitenin istismarı, tunel tikintisi sahəsındə yeni texnologiyalar üstünlük təşkil edib. Təkcə onu qeyd edək ki, ümumi uzunluğu 3500 m-ə bərabər olan relslər üzərində lokomotivlər, müxtəlif dəmir yolu avadanlığı və qurğuları nümayiş etdirilib.

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanovun rəhbərliyi ilə 5 nəfərdən ibarət nümayəndə heyəti sərgidə təqdim edilən yeniliklərlə tanış olub.

Son illər dünyanın aparıcı texnologiyalarının tətbiqini ildən-ilə daha da genişləndirən "Bakı Metropoliteni"QSC-nin mütəxəssisləri bu sərgidə nümayiş etdirilən dəmir yollarına texniki xidmət, işarəvermə, rabitə, tunel tikintisi texnologiyaları, hərəkətin təşkili, sərnişinlərə xidmət sahəsində son yeniliklərlə maraqlanıblar.

Nümayəndə heyətinin rəhbəri "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov səfərin səmərəli və məhsuldar keçdiyini qeyd edib. Ənənəyə görə hər iki ildən bir keçirilən sərgi qarşılıqlı əlaqələrin genişləndirilməsində, dünya təcrübəsinin öyrənilməsində böyük əhəmiyyət kəsb etməklə yanaşı, qabaqcıl texnika və yeni texnologiyaların tətbiqində "Bakı Metropoliteni" QSC-nin doğru yolda olduğunu əyani nümayiş etdirib. Bu xüsusda sərgi pavilyonlarının birində dəmiryollarının diaqnostikasından bəhs edən videoçarxın əsas hissəsinin 2015-ci ildə Bakı metropolitenində istismara verilmiş metropoliten infrastrukturunun çoxfunksiyalı diaqnostika kompleksinə həsr olunmasını qeyd etmək mümkündür. Ümumiyyətlə, son illərdə yeni texnologiyaların mənimsənilməsi sahəsində, Bakı metropoliteninin ən böyük

uğurlarından biri kimi, diaqnostika kompleksi get-gedə daha çox diqqət çəkir. Onun işi ilə Rusiya, İtaliya, Hindistan, Gürcüstan mütxəssisləri maraqlanıblar.

Bakılı mütəxəsislər üçün bu sərgidə iştirak etməyin başqa bir əhəmiyyətli cəhəti işgüzar əlaqələrin qurulduğu xarici şirkətlərin, eləcə də məhsulları diqqət çəkən müəssisələrin nümayəndələri ilə işgüzar görüşlərdə, bəzi sual doğuran məsələləri həll etmək imkanı idi.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun yanında sərgi ilə bağlı keçirilən müşavirədə Berlin səfərinin nəticələri müzakirə olunub, Bakı metrosunda tətbiqi münasib bilinən innovasiyaların siyahısı təsdiq edilib və yeniliklərin həyata keçirilməsi üçün görüləcək işlər müəyyənləşdirilib