Yeni savaş qorxusu Ermənistanı lərzəyə salır

17 Oktyabr 2018 14:38 (UTC+04:00)

"Məni ən çox narahat edən məsələ Qarabağda müharibənin yenidən başlaya biləcəyidir" Bu barədə sabiq prezident Robert Köçəryan “Bloomberg”ə müsahibəsində deyib. Onun sözlərinə görə, dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın yox, Nikol Paşnyanın şəxsi qələbəsi olacaq. Çünki bu seçkilər dövlətçiliyin məğlubiyyəti ilə nəticələnəcək. 
Sabiq prezidentin fikrincə, Ermənistanda davam edən siyasi gərginlik və əvvəlki bəyanatların təkrarlanması Dağlıq Qarabağ münaqişəsinə də təsir edə bilər. 
Analitik Ehtiram Aşırlı bildirir ki, Robert Köçəryanın müsahibəsindən N.Paşinyana və onun hökumətinə etimad etmədiyi aydın olur: “Məhz bu səbəbdəndir ki, o, dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərini xalqın yox, Paşinyanın şəxsi qələbəsi olaraq görür. Köçəryan bu açıqlaması ilə bildirir ki, Paşinyan öz hakimiyyətini gücləndirmək və vəzifəsindən öz maraqları üçün sui-istifadə etmək niyyətindədir. Onun sözlərindən belə aydın olur ki, Paşinyan xalqın deyil, öz maraqlarını təmin etmək üçün baş nazir seçilmək arzusundadır. 
Beləliklə, Paşinyanın ölkəni və dövləti siyasi uçuruma apardığını söyləyə bilərik. Digər tərəfdən, Köçəryan Qarabağ ilə bağlı narahatlığında haqlıdır. Çünki Paşinyan Azərbaycana qarşı sərsəm və təhdid dolu bəyanatlar səsləndirməyi davam etdirərsə, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin əmri ilə  Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək qüdrətinə qadir olduğunu göstərəcək. Bir sözlə, Ermənistadna hökm sürən xaos və özbaşnalıq Köçəryan kimiləri narahat etməyə bilməz. Onlar çox gözəl bilirlər ki, Azərbaycan iqtisadi, siyasi, mədəni, hərbi, diplomatik cəhətdən Ermənistandan qat-qat üstün səviyyədədir.  Ermənistan çox gözəl anlayır ki,  iqtisadi, siyasi, hərbi cəhətdən Azərbaycanla mübarizə aparmaq iqtidarında deyil”.
Politoloq İlqar Vəlizadə isə bu fikirlərlə razılaşmır: “Robert Köçəryan bu cür danışmaqla Ermənistan ictimaiyyətinə mesajlar verməyə çalışır. Mesaj da o zaman təsirli olur ki, həssas məsələlərə toxunur. Köçəryan ona görə Qarabağ məsələsinə toxunur. Ancaq digər tərəfdən onun fikirlərində müəyyən həqiqətlər də var. Bu da ondan ibarətdir ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra gərginlik artıb. Cəbhədə təxribatlar nəticəsində müxtəlif ssenarilərin baş verməsi mümkündür. 
Digər tərəfdən, R. Köçəryan açıqlaması ilə öz təslimçiliyini göstərmiş oldu. Seçkilərdə iştirak etmək fikrində olmadığını açıqlayıb. Bu, onu göstərir ki, meydan Paşinyanın əlindədir. N.Paşinyan isə R.Köçəryanı özünə siyasi düşmən kimi görür. Ona görə də Paşinyan Serj Sarkisyanı, Robert Köçəryanı maksimum dərəcədə siyasətdən uzaqlaşdırmağa çalışacaq”.
Mübariz BAYRAMOV