Sərkisyanın getməyinə, Paşinyanın isə gəlməyinə Moskva narazılıq bildirmədi

17 Oktyabr 2018 17:02 (UTC+04:00)

Ermənistanda son günlərdə baş verən hadisələrlə bağlı ən müxtəlif yanaşmalar mövcuddur. Həmin yanaşmaları əsasən iki qrupa bölmək olar ki, müzakirələr əsasən onların arasında  mübahisə ətrafında gedir. Bu cür fərqli münasibət çox təbiidi. Bunlardan birincisini romantik-inqilabçılar, digərlərini isə yarı-realistlər adlandırmaq olar.

Ermənistanda inqilabi şərait olmaqla yanaşı prosesin sürətlənməsinə ölkədə təsir gücünə malik xarici qüvvələr azından mane olmaq əvəzinə isə qarşısını açdılar. Belə ki,  neçə gecələr insanlar meydanlarda oldular və internetdə hər şey tez bir zamanda yayıldı.  İlk başda həmin ərazidə gecə qaranlıqların birində interneti bir neçə saatlıq kəsib, xüsusi əməliyyatla meydanı təmizləmək olmazdı? Və ya sizcə polis kifayət qədər çalışdımı ki, meydanları etirazçılardan təmizləsin?
Digər tərəfdən, hərbi xidmətdə olanlar yaxşı bilər. Sizcə icazə verilməsə və şərait yaradılmasa əsgər özbaşına hərbi hissəni kütləvi şəkildə tərk edə bilər? Görünən odur ki, ya Serj Sərkisyana qarşı başdan xarici qüvvələrlə əməkdaşlığa girən öz komandasının və siyasi elitanın üzvləri xəyanət edərək etirazlara meydan açmışdır. Ya da ki, vəziyyətin kritik olduğunu görən öz komandasının üzvləri özlərini saxlamaq üçün Sərkisyanı qurban verdilər. Hər halda Sərkisyanın hakimiyyətdən getməsini 3 məqam şərtləndirdi xalq etirazları - komandanın (elitanın) xəyanəti və ya özlərini qorumaq üçün lideri qurban verməsi - xarici amil.
Sərkisyanın hakimiyyətdən getməsi M. Saakaşvilinin hakimiyyətdən getməsinə müəyyən qədər oxşayır. Belə ki, hər ikisi konstitusiya dəyişikliyi edərək, baş nazir kimi hakimiyyətlərini uzatmağa cəhd etdilər və itirdilər. Saakaşvilinin hakimiyyətdən getməsində Rusiyanın rolu haqqında kifayət qədər eşitmisiniz, oxumusunuz. Yəni, Rusiya Qərb kimi bəlkə də ondan daha yaxşı nəinki inqilabi proseslərlə həmçinin seçki vasitələrlə proseslərə təsir etməyi öyrənib. Burada ABŞ və digər ölkələrdə seçki proseslərinə müdaxilələrlə bağlı iddiaları da xatırlayın.
Rusiya Ermənistandakı prosesləri, Sərkisyanın istefasını çox rahatlıqla qarşıladı, Zaxarovanın sevincli və qardaşlıq tviti də oldu. 
Rusiya Sərkisyandan niyə qane olmalıdılar ki? Son illər onun xarici siyasət addımlarına baxsaq nə qədər Moskvanı qıcıqlandıran, Qərblə icazə verilən müəyyən mənada həddi aşan addımlar atmışdı? Rusiya mətbuatında Ermənistan hökumətində çalışan Amerikan agentlərinin siyahısı çap olunmadımı bu yaxınlarda? Məsələ burasındadır ki, nəticədə mövcud imkanlar və məhdudiyyətlər daxilində Qərbpərəst meyilliyi ilə seçilən erməni lideri hakimiyyətdən uzaqlaşdırıldı.
Bir də ki, həmişə dediyim kimi Qarabağ erməniləri hökumətdə təmsil olunan ayrıca bir klandır. İndən sonra mənim üçün maraqlı məqam Qarabağ klanının taleyidi, necə olacağı və  nə edəcəyidir. Görünür, Qarabağ klanı hələ ki, Paşinyana qarşı qəti addımlar atmaqda çətinlik çəkir. Günü-gündən Qarabağ klanının mövqeyi Paşinyana nisbətən getdikcə zəifləməkdədir. Bir sözlə, bu mübarizədə Paşinyan hələlik qalib gəlir. Parlament növbədənkənar seçkinin dekabrda keçirilməsinə artıq razılıq verib. 
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməklə, inqilabın ilkin mərhələsi başa çatdı. Növbəti mərhələdə Paşinyan erməni xalqına verdiyi vədləri həyata keçirməli və islahatlara başlamalıdır. Əgər, yenidən fəaliyyətini populist çıxışlara və  Robert Köçəryana qarşı mübarizəyə həsr edəcəksə, onda əhali yenidən meydanlara çıxacaq. Bu da Köçəryanın yenidən toparlanıb, Paşinyana qarşı  hücuma keçməsinə səbəb olacaq. Köçəryan çalışacaq ki, Paşinyana qarşı dirəniş göstərsin, islahatlar davam etməsin. Lakin bu dirəniş nə qədər uğurlu olacaq o hələ sual altındadır. 
Demək olar ki, Paşinyan  keçən bu dövr ərzində yalnız fəaliyyətini Qarabağ klanını zərərləşdirməyə, dövlət institutlarında köhnə hakimiyyətin mənsublarını vəzifədən azad etməyə həsr etdi. Bu müddət ərzində inqilabı ölkədə davam etdirməklə, Sərkisyanın parlament hakimiyyətinə son qoymaq üçün seçkilərin keçirilməsinə nail oldu. Həmçinin İrəvanda mer seçkilərində qalib gələrək, Respublika partiyasını iflic vəziyyətinə saldı və reallıqla barışmasına nail oldu.
Qeyd edim ki, baş nazir nə daxili, nə də xarici siyasətdə mühüm addımlar ata bilmədi. İqtisadi və sosial vəziyyət barədə verdiyi sözlərə əməl edə bilmədi. 
Dekabrın 10-da keçiriləcək növbədənkənar parlament seçkilərinə kimi, Paşinyan baş nazir səlahiyyətlərini davam etdirəcək. Hazırki vəziyyətdə "siyasi meyit" olan Respublikaçılar partiyası elə də dirəniş göstərə biləcək durumda deyil. 

Analitik Ehtiram Aşırlı