ABŞ Ermənistanı Qarabağ məsələsində fakt qarşısında qoydu

18 Oktyabr 2018 07:00 (UTC+04:00)

“Tutulmuş ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil”. Bunu  ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. 

Qeyd edək ki, amerikalı səfirin açıqlaması Ermənistanda narahatlıq yaradıb. Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Riçard Millzin Qarabağ üzrə bəyanatına “gedən səfir”in sözləri kimi yanaşmağı məsləhət görüb. Lakin siyasilərin fikrincə, amerikalı səfirin Ermənistan daxilində verdiyi bu mesaj ABŞ-ın İrəvana təzyiqi kimi dəyərləndirmək olar. 
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz dedikləri sözlərlə reallığı ortalığa qoyub: “Bundan başqa, Nikol Paşinyan hökumətinin də köhnə iqtidarın səhvlərini təkrar etdiyini diqqətə çatdırıb. 
Münaqişənin həll edilməsi üçün ortada mütləq güzəştlər olmalıdır. Xüsusən də işğalçı tərəf torpaqların bir hissəsini geri qaytarmalıdır ki, ən azından sülh masasında danışıqları davam etdirmək mümkün olsun. Səfirin fikirləri bu kontektsdədir. Qarabağın və yeddi rayonun azad edilməsi istiqamətində fəaliyyət göstərməyən Ermənistan hakimiyyətinə də öz təəccübünü ortalığa qoydu. Amma bu, açıqlamadan daha çox işğal olunmuş ərazilərin səfir səviyyəsində gündəmə gətirilməsi baxımından önəm daşıyır. Səfir Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu birmənalı şəkildə ortaya qoydu. Bu faktın özü çox önəmlidir. Çünki ortada işğal faktı varsa, beynəlxalq hüquqa görə, işğalçı əraziləri dərhal tərk etməlidir. Bu istiqamətdə BMT-nin 4 qətnaməsi də mövcuddur. 
İşğal faktının ABŞ səfiri səviyyəsində deyilməsinin önəmi böyükdür. Ermənistanın işğalçı dövlət olaraq tanıdılması vacib amildir. Həmçinin Ermənistan hakimiyyətinin bu məsələdə nə qədər cığallıq etdyini ortaya qoymuş oldu. Əgər işğalçısansa, torpaqların bir hissəsini qaytarmalısan ki, sülh danışıqlarına şərait yaransın. Heç bir güzəşt yoxdursa, bu, yeni savaş üşün şəfait yaradır. Səfirin dedikləri də budur”.
Digər politoloq Ramiyə Məmmədova bildirdi ki, vaxtı ilə Minsk qrupunun həmsədri Fransa prezidenti Fransua Olland da Vaşinqtonda oxşar fikirlərlə çıxış etmişdi: «O, bəyan etmişdi ki, Qarabağ problemi həll olunmadan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarından söhbət gedə bilməz. Aydındır ki, bunlar uzun fəaliyyət nəticəsində deyilmiş fikirdir. İndi də səfir Riçard Millz Fransua Ollandın sözlərini təsdiq edir. Yəni, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmasa, heç bir sülhdən söz gedə bilməz. 
Səfirin dedikləri reallıqdan irəli gəlir. Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan bir çox layihələrə imza atmış ölkədir. Bunun müqabilində isə Ermənistan heç nə etmir və bu layihələrdən heç nə qazanmır. Çünki bu gün Ermənistanın daxili və xarici siyasəti iflic vəziyyətdədir. Odur ki, səfirin bəyanatı sıradan deyilən fikirlər deyil. ABŞ-ın uzun müddət Qafqaz regionunda apardığı araşdırmalar nəticəsində deyilən sözlərdi. ABŞ Qafqazda da möhkəmlənmək istəyir. Lakin buna Rusiya mane olur.
Səfir bu cür açıqlaması ilə ABŞ-ın  Qarabağ proseslərinə nəzarət etməsini istəyini ortaya qoyur. Bununla da Rusiya ilə qarşı-qarşı gəlməyi gözə alır. 
Nəzərə alaq ki, ABŞ öz hegemonluğunu Rusiya üzərində göstərməyə çalışan dövlətdir. Lakin Qarabağ məsələsində ABŞ-ın Ermənistana real təzyiqləri sezilmir. Sadəcə, Rusiyaya görə daim müəyyən sözlərlə çıxış edirlər. ABŞ-ın dediyi sözlər tövsiyə xarakteri daşıyır. Təzyiqdən söz gedə bilməz. Çünki burada Rusiya faktoru var. Düzdür, səfirin fikirləri Ermənistanın əleyhinə işləyir. Xüsusən də seçki ərəfəsində bu cür bəyanatlar Nikol Paşinyanın imicinə böyük xələl gətirir. Ona görə də sərt reaksiyalar verilir”.
Mübariz BAYRAMOV